Məhkəmə qərarları › İş №3(071)-115/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-115/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-115/2024 22.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1956-cı il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Hacıqabul rayonu ərazisində ona məxsus qoşa lüləli 16 kalibrli “İJ-58” markalı, E00565 nömrəli ov silahı ilə qanunla müəyyən edilmiş icazə olmadan qadağan olunmuş yerdə 2 ədəd cürə və 1 ədəd ördək ovlayaraq ov qaydalarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 272.3-cü maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, 16 kalibrli “İJ-58” markalı, E00565 nömrəli qoşa lülə ov silahı özünə məxsusdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyatdan keçməklə ovçu bileti almış və xx.xx.2025-ci il tarixədək etibarlıdır. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində tanışı X3 ilə birlikdə Hacıqabul şəhər ərazisində olan gölməçələrdə həsəs üçün quş ovlamağa getmişlər. Uzun müddətdir ova getmədiyindən, həmin vaxt üzərində 4-5 ədəd patron olmuşdur. O, gölməçədən ona məxsus ov silahından istifadə etməklə 2 ədəd gərəf və 1 ədəd ördək ovlamışdır. Bu vaxt onlar Hacıqabul RPŞ əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə dəvət edilmişlər. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, tanışı X3 həmin vaxt quş ovlamamışdır. Bundan başqa qeyd olunan ərazidə quş ovlamaq üçün icazə almamışdır. Çünki həvəsə getmiş və bunun üçün 4-5 patron aparmışdır. Ona görə də icazə almağa zərurət görməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Maddi vəziyyəti çətindir. Odur ki, göstərilən halları nəzərə alaraq, barəsində yüngül həddə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, protokolu tərtib etmiş şəxs və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Hacıqabul rayon X4 Bölməsinin təhqiqatçısı, polis mayoru Heybətov Mübaşir Mikayıl oğlu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs və X1 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə, X3 barəsində isə Azərbaycan Respublikası İXM 590.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin İTB-nə göndərilmişdir. Məhkəmənin sorğusuna əsasən Hacıqabul RPŞ-dən təqdim edilmiş HK-1/272 saylı rədd materialında toplanmış sənədlərdən görünür ki, Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri Fizuli Ələkbərov xx.xx.2024-cü il tarixdə raportla şöbə rəisinə müraciət edərək həmin tarixdə Muğan qəsəbəsi yaxınlığında xidmətdə olan zaman gölməçələrin yanında iki nəfər şəxsin ov etdiyini görüb yaxınlaşdıqda, onların 3 ədəd quş ovladığını aşkar etmişdir. Həmin şəxslər şöbəyə dəvət edildikdən sonra onların Şirvan şəhər sakinləri Şəxs və X3 olması müəyyən edilmişdir. Toplanmış materiala əlavə edilmiş Hacıqabul RPŞ-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan müəyyən edilir ki, Şəxs və X1 üzərlərində olan ov tüfənglərinə ( 1 ədəd İJ-58 markalı, qoşa lüləli, 16 kalibrli, üzərində E 00565 nömrə yazılmış və 1 ədəd TOZ markalı 73881-54 nömrəli qoşa lüləli ov tüfəngi) və 3 ədəd ovlanmış quşlara baxış keçirilərək götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Hacıqabul RPŞ-də aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 1 ədəd İJ-58 markalı, qoşa lüləli, 16 kalibrli, üzərində E 00565 nömrə yazılmış ov tüfəngi Şəxs adına, digər 1 ədəd TOZ-63 markalı 73881-54 nömrəli 16 kalibrli qoşa lüləli ov tüfəngi isə X1 övladı X2 adına qeydiyyatdadır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əli Bayramlı şəhər Polis Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 91 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, 16 kalibrli, qoşa lüləli, “İJ-58” markalı, E00565 nömrəli ov silahı saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 1021 nömrəli biletdən görünür ki, Şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür və etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədəkdir. Göstərilənlərlə yanaşı, iş materialları ilə müəyyən edilir ki, Şəxs məxsus 16 kalibrli, qoşa lüləli, “İJ-58” markalı, E00565 nömrəli ov silahı maddi sübut kimi Hacıqabul rayon Polis Şöbəsinə saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əalvə edilmiş cədvəldən müəyyən edilir ki, 2 ədəd cürə və 1 ədəd ördəyin ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləği 16,50 (on altı manat əlli qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ovçuluq – dedikdə, quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü başa düşülür. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ovçular cəmiyyətləri ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada iştirak edirlər. 12ci maddəyə əsasən Ovçuluq fəaliyyəti Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs lazımi icazə olmadan və qadağan edilmiş yerdə ov etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Şəxs təqsirinin dərəcəsini, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində vurulmuş zərərin məbləğini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2016-cı il tarixli 283 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydası”nın 1-ci bəndinə görə 1.1. Bu Qayda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94.9-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının (bundan sonra - silah və ya döyüş sursatı) inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə minənədək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydasını müəyyən edir. 1.2. Silahın və ya döyüş sursatının götürülməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq həyata keçirilir. 1.3. İnzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs götürülmüş silahı və ya döyüş sursatını bu Qaydaya uyğun olaraq saxlanılmağa verənədək onun mühafizəsinin təmin edilməsi üçün zəruri tədbirlər görür. 1.4. Götürülmüş silahın və ya döyüş sursatının mənimsənil-məsi, özgəninkiləşdirilməsi, dəyişdirilməsi, xidməti və digər qanunsuz məqsədlərlə istifadə olunması qadağandır və qanun-vericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 1.5. İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silah və ya döyüş sursatı inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə müvafiq qərarı qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən götürülmüş silah və ya döyüş sursatı barədə məsələlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarda həll olunur. Azərbaycan Respublikası İXM-nin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə predmeti olan ov silahı müsadirə edilməməklə, qanuni sahibi olan Şəxs geri qaytarılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İş materiallarından olan xx.xx.2024-cü il tarixli aktdan müəyyən edilir ki, inzibati xətanın obyekti olmuş 2 ədəd cürə və 1 ədəd ördək məhv edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs 16 (on altı) AZN məbləğində dəymiş maddi zərər tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət olmuş predmet (ov silahı) müsadirə edilməməklə, onun ov hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılsın. Şəxs aşkar edilərək götürülmüş və hazırda Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - bir ədəd qoşa lüləli 16 kalibrli “İJ-58” markalı, E00565 nömrəli ov silahı qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs geri qaytarılsın. İnzibati xəta törətmiş şəxs Şəxs 16 (on altı) AZN məbləğində dəymiş maddi zərər tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (hesabına köçürülsün) xeyrinə ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar