Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-119/2025 06.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, X2 onun barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26376872 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26376872 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən Göyçay rayonu istiqamətində özünə məxsus “Ford Fiesta” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman yol hərəkətinə nəzarət funksiyalarını yerinə yetirmək məqsədilə Kürdəmir rayonunun stasionar postunda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində xx.xx.2025-ci və xx.xx.2025-ci tarixlərində inzibati tənbeh vermə haqqında qərarlar qəbul (EQ 26376872 və EQ ********) olunmuşdur. Halbuki, o, avtomobili işlək vəziyyətə gətirmədən təhlükəsizlik kəmərini bağlayır, buna görə də tərtib olunmuş qərarla heç bir şəkildə razı deyildir. Xüsusi texniki vasitələr təhlükəsizlik kəmərinin geri çəkən mexanizmini (retraqtoru) müəyyən etməmiş və ya təhlükəsizlik kəməri onun üzərindəki gödəkçənin altında olduğuna görə görsənməmişdir. Belə ki, “asanpay.az” saytındakı elektron kabinetinə yerləşdirilmiş fotoşəkillərdən də görünür ki, avtomobilin günəşliyi açıq vəziyyətdə olmuş və kəməri geri çəkən mexanizmi görsənməmişdir. Qeyd olunan hallara əsasən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26376872 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 xx.xx.2025-ci il tarixdə “e-mail” (elektron poçt) vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir. Buna görə də, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə BDYPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26376872 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində, saat 18:17-də “Ford Fiesta” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələblərini pozmuşdur. Nəticədə, X3 barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26376872 nömrəli inzibati xəta haqqında iş üzrə qərara əlavə edilmiş fotoşəkildən görünür ki, “Ford Fiesta” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin təhlükəsizlik kəmərindən istifadə edib-etmədiyi açıq-aydın görünmür. Qeyd edilən xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26376872 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X3 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş BDYPİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26376872 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş şəxsin əməlinə hüquqi qiymət verilmədən Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün BDYPİ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 40 manat məbləğində inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. X2 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26376872 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə göndərilsin. Qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26376872 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-119/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-119/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver