Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-123/2025 02.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 onun barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 27121596 nömrəli qərardan verilmiş şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 27121596 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xətta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Cherry Tulvin” markalı ** CU *** nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsində xx.xx.2025-ci li tarixində saat 09:53 radələrində nəqliyyat vasitəsini qəza dayanma işıqlarını qoşaraq, saxlamışdır. Avtomobili saxladığına görə Azərbaycan Respublikası İXM-nin 346.4 maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə EQ 27121596 nömrəli protokol tərtib olunaraq, 2 bal və 80 manat məbləğində inzibati tənbeh verilmişdir. Hesab edir ki, xx.xx.2025-ci il tarixli EQ 27121596 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, Yol Patrul xidmətinin inspektoru Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsində quraşdırılmış təhlükəsizlik kamerasına videonəzarət üçün Bakı şəhər PŞ-də quraşdırılmış monitorundan Bort-kompüterlə çəkib, qərar qəbul edərək, elektron protokol tərtib edir. Daxili İşlər Nazirliyinin Bakı şəhər X3 X5 ( İdarəsinin) Yol Patrul Xidmətinin inspektoru bununla bağlı elektron qərar qəbul etməyə səlahiyyəti olmadığı halda qərar qəbul etmişdir. Digər tərəfdən, həmin qərarı qəbul etmiş səlahiyyətli şəxsin xidmət etdiyi ərazi üzrə diskolosiya cədvəli, daha sonra xidməti marşrutu və xidməti ərazisi kimi hallar araşdırılmalıdır. Barəsində qəbul edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən qərardan narazıdır və hesab edir ki, inzibati tənbeh vermə qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 izahat verərək bildirmişdir ki, barəsində qəbul edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən qərarı etibarsız hesab edir. Belə ki, o nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayan zaman qəza işıqlarını yandırmış, həmçinin avtomobilini saxladığı yerdə başqa nəqliyyat vasitələri də, olmuş, onlarda həmin yerdə nəqliyyat vasitələrini saxlamışlar. O, əvvəllər də, həmin yerdə yolun hərəkət hissəsində idarə etdiyi nəqliyyat vasitəsini saxlamış, lakin bununla əlaqədar barəsində heç vaxt inzibati qərar qəbul edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-nin BDYPİ-yə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə DİN-nin BDYPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 27121596 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı və işə əlavə edilmiş fotoşəkilləri məhkəmə iclasında tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və DİN-nin BDYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 27121596 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinin məzmununa görə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 27121596 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, sürücü E.Rəhimov həmin tarixdə, saat 21:34-də idarə etdiyi “Chery A13” (minik) markalı, **-CU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasının tələblərinin pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, “Chery A13” (minik) markalı, **- CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, saat 21:34-də X2 tərəfindən idarə edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 135-ci maddəsinə əsasən - 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 27121596 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilmişdir ki, X2 idarə etdiyi “**-CU-***” dövlət qeydiyyat nişanlı, “Chery A13” markalı minik avtomobili ilə aşkar surətdə yolun hərəkət hissəsinin kənarında, ikinci cərgəsində saxlamışdır. Belə ki, o, idarə etdiyi nəqliyyat vasitəsini Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsində dayanma və durma üçün nəzərdə tutulmayan, əksinə digər nəqliyyat vasitələrinin sərbəst surətdə hərəkəti üçün nəzərdə tutulmuş zolaqda özünə məxsus nəqliyyat vasitəsini saxlamışdır. Şikayətçi məhkəməyə verdiyi izahatında digər nəqliyyat vasitələrinin də, həmin yerdə dayandığını bildirsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2025-ci il tarixli EQ seriyalı, 27121596 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdə görünən digər nəqliyyat vasitələri “parking” üçün nəzərdə tutulmuş zolaqlarda avtomobilləri saxlamışdırlar. Qeyd olunan inzibati xəta digər yol nəqliyyat hərəkəti iştirakçılarının sərbəst hərəkətinə maneə olacaq şəkildə törədilmişdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 27121596 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27121596 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 27121596 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-123/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-123/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver