Məhkəmə qərarları › İş №3(071)-124/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-124/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-124/2024 30.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayonu YPX inspektoru, polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Əli-Bayramlı şəhəridə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Hacıqabul rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:58 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halına yol vermişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 334.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayonu YPX-nin inspektoru, polis baş serjantı X2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə postda xidmətdə olan zaman şəxs Toyota Prius markalı avtomobillə onun yanında saxlayaraq gedəcəyi yolu soruşmuşdur. Şəxsdən kəskin spirt qoxusu gəldiyi üçün onun sərxoş olduğunu anlamış və polis şöbəsinə dəvət olunmuşdur. Pərviz Məmmədzadəyə onlar tərəfindən heç bir qanunsuz hərəkət olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, Şirvan şəhərində yaşayır. İdarə etdiyi avtomobil onun qohumuna məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 16:50 radələrində həmin avtomobili idarə edərək dərman almağa getmişdir. Avtomobili idarə etməmişdən əvvəl kafedə spirtli içki içmişdir. Hacıqabul-Şirvan yolu ilə hərəkət edərək YPX-nin əməkdaşlarına yaxınlşaraq gedəcəyi yolu dəqiqləşdirmək istəmiş, həmin vaxt YPX-nin əməkdaşı onun spirtli içki qəbul etməsindən şübhələnmişdir. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Orada barəsində protokol tərtib edilmiş və yazılı izahat verərək etdiyi hərəkəti etiraf etmişdir. Təxminən 7-8 ay bundan qabaq sürücülük hüququ məhdudlaşdırılmışdırr. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir qanunsuz hərəkət edilməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 126 saylı alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinədən görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyasının (alkoqolun miqdarı) 0,4 promil olması müəyyən edilmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki Şəxs sürücülük hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə nəticəsində yaranmış sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və iş üzrə digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən hallar yoxdur. Odur ki, Şəxs İXM-in 334.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olması və məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilməməsi nəzərə alınmaqla, Şəxs cərimə tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə yanaşı, həmçinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar