Məhkəmə qərarları › İş №3(071)-126/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-126/2024

01.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-126/2024 01.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Qaradağ rayonu Sahil Ə/D Sahil qəsəbəsi Ə.Gülbabayev küçəsi ev 30 E, giriş 1, mənzil 19da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş 01 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:45-də Hacıqabul rayon ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətini törətmiş və polisin qanuni tələblərinə qəsdən əməl etməmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00-da Hacıqabul rayon ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətini törətmiş və polisin qanuni tələblərinə qəsdən əməl etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsində spirtli içi qəbu etdikdən sonra dostu X7 ilə birlikdə sonuncuya məxsus avtomobili idarə edərək Şirvan şəhərinə çay içməyə getmişlər. Həmin vaxt o, və Çingiz Əlizadə spirtli içkinin təsiri altından olmuşlar. Avtomobillə hərəkət edərkən YPX-nin əməkdaşları avtomobilə saxla işarəsini vermişlər. O, avtomobili saxladıqdan sonra YPX-nin əməkdaşları onun spirtli içki qəbul etməsini bilmiş və avtomobili duracağa aparacaqlarını bildirmişlər. O, həmin vaxt buna narazılığını bildirmiş və avtomobildə sərnişin qismində əyləşmiş Çingiz Əlizadə nalayiq ifadələr işlətmişdir. Bundan sonra həmin yerə digər polis əməkdaşları gəlmiş və onları rayon polis şöbəsinə aparmışlar. Rayon polis şöbəsinin inzibati binasında olarkən o, yenidən polis əməkdaşlarına etiraz etmiş, təpik və yumruqla binanın girişində olan qapıya vurmuşdur. Bundan sonra polis əməkdaşları onları sakitləşdirmişdir. İfadəsinin sonunda Şəxs etdiyi hətəkətə görə peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:45 radələrində Hacıqabul RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Fərid Zərbalıyevlə birlikdə Hacıqabul-Şirvan yolunun 2-ci km-də xidmətdə olan zaman **-OK-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilə dayan siqnalını vermişlər. O, və F.Zərbalıyev avtomobilə yaxınlaşdıqdan sonra sürücü Şəxs spirtli içki içməsini müəyyən etmiş və ona maşından enməyini bildirmişlər. Həmin vaxt Şəxs onlara qarşı kobudluq etmiş, avtomobildə sərnişin kimi əyləşmiş Çingiz Əlizadə isə onlara doğru hərəkət edərək ünvanlarına xoşagəlməz ifadələr işlətmişlər. O, və F.Zərbəliyev həmin şəxsləri sakitləşdirməyə çalışsalar da, Şəxs və Ç.Əlizadə onların qanuni tələblərinə məhəl qoymayaraq ünvanlarına xoşagəlməz ifadələr işlətməyə davam etmişlər. Bundan sonra o, radiostansiya vasitəsi ilə həmin əraziyə digər əməkdaşları çağırmışdır. Digər əməkdaşlar gəldikdən sonra birlikdə Şəxs və Ç.Əlizadə xidməti avtomobilə əyləşdirərək rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində olarkəb Şəxs və Çingiz Əlizadə yenidən qanunazidd əməllərini davam etdirərək şöbənin normal iş fəaliyyətinə mane olaraq şöbənin giriş hissəsində olan məlumat lövhəsinə və kamerə sistemini yumruqla vurmuşlar. Həmin vaxt sərxoş olduğu üçün Çingiz Əlizadə bir neçə dəfə özünü idarə edə bilməyərək yıxılmış və sağ göz nahiyəsi otaqda olan stolun tininə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 İntiqam Qalib oğlu ilə eyni məzmunlu izahat vermişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 00:35-də tutulmuşdur. xx.xx.2024-cü il tarixli, 143 saylı “alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokol”-dan görünür ki, Şəxs ağzından spirtli içki iyi gəlir və 0,5 promil sərxoşdur. “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” 18 saylı protokoldan görünür ki, Şəxs sərxoşluğunun yoxlanılması üçün tibbi müayinədən keçməyinə etiraz etmir. Sərxoşluq dərəcəsinin 0,5 promil olması barədə həkimin verdiyi 143 saylı protokolla razıdır. “İnzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” protokoldan görünür ki, Şəxs hüquqlarının müdafiəçisi X3 və digərləri tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən etiraz etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs polis əməkdaşları tərəfindən tutularkən ictimai yerdə eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardan biridir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini, inzibati xətaların sərxoş vəziyyətdə törədilməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar