Məhkəmə qərarları › İş №3(071)-128/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-128/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-128/2023 19.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul şəhəri Xətai küçəsi ev 24-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-308/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 8000 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs Əliəsgər qızına ödənilməlidir. Hazırda icra sənədi üzrə qalıq borc 4000 manat təşkil edir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Qətnamə icraya yönəldiyi vaxtdan bu günə kimi Şəxs cəmi 4400 manat ödəniş etmişdir. Onun tələbkara hazırda olan borcu 3600 manat təşkil edir. Borclu vaxtaşırı müəyyən məbləğdə ödənişlər etsə də, hər ay vaxtlı-vaxtında ödənişləri etmir və tələbkar israrla borcun tam şəkildə ödənilməsini tələb edir. O, tələbkara olan borcunu nizamlı ödəmir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-308/2018 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan 8000 manat pul tutularaq Zərərçəkmiş şəxs Əliəsgər qızına ödənməlidir. Bu günə qədər tələbkara borcundan 4400 manat ödəniş etmişdir. Onun 3600 manat borcu qalmışdır. Müxtəlif vaxtlarda hissə-hissə borcunu ödəməyə çalışır. O, borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 2(071)-308/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 8000 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs Əliəsgər qızına ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-308/2018 saylı xx.xx.2018-ci il icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materialları ilə müəyyən olunur ki, borclu müxtəlif vaxtlarda tələbkara hissə-hissə ödənişlər etmiş, 2023-cü il ərzində isə o, xx.xx.2023-cü il tarixdə 140 manat, xx.xx.2023-cü il tarixdə isə 149 manat ödəniş etmişdir. İcra məmurunun izahatına əsasən borclu icra sənədi üzrə 8000 manat borcundan 4400 manat ödəniş etmiş, 3600 manat borcu isə qalıq qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, borclu icra sənədi üzrə borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə borcunu ödəməyə çalışmışdır. Belə ki, icra məmurunun bildirdiyinə görə o, əvvəlki illərdə də mütəmadi olaraq ödənişlər etmiş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə 140 manat, xx.xx.2023-cü il tarixdə isə 149 manat ödəniş etmişdir. Bununla da borclunun icra sənədi üzrə 8000 manat borcundan bugünədək 4400 manat borcu ödədiyi müəyyən olunur. Göründüyü kimi, borclu icra sənədi üzrə borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə hazırki halda maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədlərində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar