Məhkəmə qərarları › İş №3(071)-130/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-130/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-130/2024 25.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, Prokuror- Hacıqabul rayon prokurorunun köməkçisi X1, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, maraqlı şəxs - "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 198.3-cü maddəsi ilə nəzərə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon prokuroru tərəfindən qəbul edilmiş qərara əsasən başlanmış icraat üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin istehsalat rəisi vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon prokuroru tərəfindən qəbul edilmiş 04 iyun 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və başlanmış icraat üzrə toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Qərardan və toplanmış materialdan görünür ki, Şəxs "xxxx" MMC-nin istehsalat rəisi olaraq ona texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsinə baxmayaraq bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon prokurorunun köməkçisi X3 izahatında bildirmişdir ki, vəzifəli şəxs Şəxs “Penoplex prikavkazye" MMC-nin istehsalat rəisi vəzifəsini icra edərkən direktiv sənədlərin tələblərinin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinə məsuliyyət daşımaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası təlimatlarının tələblərinin pozulmasına cavabdeh olmaq vəzifələri həvalə edilmiş şəxs kimi işçilərin istehsalat avadanlığının hərəkət edən və potensial təhlükə mənbəyi olan hissələrinə toxunmasının mümkünlüyü istisna edən tədbirlər görməli olduğu halda bu tədbirləri həyata keçirməyərək, "İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-ün 2.1.5-ci bəndinin tələblərini pozması nəticəsində müəssisədə 6-cı dərəcəli ekstruder maşınist işləyən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində saat 06:40 radələrində iş vaxtı nəzarət etdiyi ekstruder maşınında kalibrator aparatının içərisində olan köhnə fotoroplast materialını çıxarıb onu yenisi ilə əvəz etməyə çalışarkən əlinin valaçilna aparatının arasında qalaraq sağ biləyin ön, əlin ovuc səthlərinin əzilmiş-cırılmış yaraları, orta sinirin və bükücü vətərlərin zədələnməsi, dəridə yanıqlar kimi sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydlarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati xətasını törətmişdir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri aşkar edildiyindən həmin Məcəllənin 54-cü maddəsi rəhbər tutularaq Hacıqabul rayon prokuroru Lalə Hüseynova tərəfindən qəbul edilmiş 04 iyun 2024-cü il tarixli qərara əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və toplanmış material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraat üzrə qanuna müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirərək, verilmiş suallara əsasən əlavə olaraq qeyd etdi ki, hadisə təsadüfi qəzadır, əməyin mühafizəsi qaydaları pozulmuşdur və buna görə məsuliyyəti Şəxs daşıyır. Əlavə olaraq qeyd etmişdir ki, Dmitri Tomas müəssisənin işçisi deyildir, yalnız qarşılıqlı razılaşmaya əsasən müəssisə işçilərinin təlimatlandırılmasında iştirak etməklə mütəxəssis kimi təlimlərə cəlb edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, təqsirini etiraf edir, tərəfindən əməyin mühafizəsi qaydaları pozulmuşdur və buna görə məsuliyyət vəzifə təlimatına görə onun üzərində olmuşdur. Dmitri Toması isə təlimatçı kimi tanımış, müəssisənin işçisi olmamaqla hər hansı əmək və texniki təhlükəsizlik qaydaları üzrə məsul şəxs deyildir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, istintaq orqanında aparılan araşdırmanın nəticəsinə etiraz edir. Belə ki, müəssisə tərəfindən təlimatçı kimi cəlb edilmiş Dmitri Tomson tərəfindən keçirilən təlimata uyğun olaraq xətkeşdən istifadə edərək cihaza müdaxilə etmiş və nəticədə qeyd olunan hadisə baş vermişdir. Ona görə də əsas şikayəti baş texnoloq Dmitri Tomson barəsindədir. Verilmiş suallara əsasən o, əlavə olaraq qeyd etdi ki, hadisə günü Dmitri Tomson orada iştirak etməmişdir. Dmitri Tomas müəssisəyə yalnız 2-3 aydan bir təlim üçün gəlmişdir. Sonuncu dəfə isə 14 fevral 2024-cü il tarixdə təlimdə iştirak etmişdir. Hadisə isə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Hazırda Hacıqabul rayon prokurorluğunda qəbul edilmiş xx.xx.2024cü il tarixli qərardan şikayət etməmiş, lakin gələcəkdə mübahisələndirmək niyyəti vardır, çünki qərarla razı deyildir. Buna baxmayaraq hazırda şikayət vermir. Dmitri Tomsonun təhlülkəsizlik qaydalarına məsul şəxs olub-olmadığını bilmir, amma ona göstərişi Tomson vermişdir. Təhlükəsizlik qaydaları ilə bağlı təlimata özü imza çəkmişdir, təhlükəsizliklə bağlı təlim keçmişdir. Ona vurulmuş zərər nə müəssisə, nədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qarşılanmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında icraatın başlanması haqqında qərarı və rayon prokurorluğunda toplanmış material üzrə sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan: - Hacıqabul rayon prokurorluğunda toplanmış materiallardan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul RPŞ-dən rayon prokurorluğuna Hacıqabul rayonun Atbulaq kəndində yerləşən "xxxx" MMC-də 6-cı dərəcəli ekstruder işləyən Zərərçəkmiş şəxs iş vaxtı xəsarət alması barədə telefon məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında rayon prokurorluğunun böyük müstəntiqi X5 tərəfindən araşdırma aparılmış. xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar.cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd olunmuş hüquqi mövqeyə əsasən “preyudisiya” - daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə müvafiq olaraq, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə görə, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 85 və 114.2.3-cü maddələrinin şərhinə dair Qərarında qeyd olunan maddələrin məzmunundan çıxış edərək qeyd etmişdir ki, həmin maddələrdə aydın və birmənalı şəkildə müəyyən edilmiş qaydaya əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə özü cinayət işini başlamır, istintaq orqanın cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarını ləğv etmir, o, əməldə müəyyən etdiyi cinayət əlamətləri barədə cinayət təqibini başlamaq səlahiyyətində olan orqanı məlumatlandırmaqla materialları həmin orqana göndərir. Məhkəmə araşdırması zamanı rayon prokurorluğunun böyük müstəntiqi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla müəyyən edilmiş hallar öz təsdiqini tapmışdır. - Hacıqabul rayon zərərçəkmiş şəxsin, barəsində icraat aparılan şəxsin və hal şahidlərinin iştirakları ilə tərtib edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, baxış iştirakçısı Zərərçəkmiş şəxs hadisənin baş vermə mexanizmini göstərərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində gecə növbəsində işdə olan vaxt saat 06:40 radələrində iş vaxtı nəzarət eldiyi ekstruder maşınında penopleks materialı düzgün şəkildə istehsal olunmamış, yararsız, ölçü normalarına uyğun olmayan (brak/tullantı) məhsul çıxmış, həmin vaxt qeyd olunan maşından çıxan penopleks məhsulu yaranız olduğundan işçilər tərəfindən yenidən emal edilməsi üçün daşınmış, maşından brak məhsulun çıxmasının səbəbi kalibrator aparatının içərisində olan foloroplast plyonkanın yararsız hala düşməsi olmuş, buna görə də kalibrator aparatının içərisində olan köhnə foloroplast materialını çıxarıb onu yenisi ilə əvəz etməyə çalışmış, onlardan birini kalibrator aparatının alt plitəsinə, birini isə üst plitəsinə qoymuş, həmin plyonka materialdan olan ağ listləri (fotoroplast) yerləşdirdikdən sonra normal prosesə qayıtmaq üçün ekstruderdən çıxan malı kalibralordan keçirmiş, bu zaman foloroplast kalibratorun içərisində qatlanmış, onu düzəltmək üçün dəmir materialdan olan xətkeşi götürüb üstlərin plitələr üzərində düzlüyünü almaq məqsədilə onları düzəltməyə çalışmış, bu zaman həmin dəmir xətkeşin valaçilna aparatına keçməsi, yəni aparatda olan fırlanan lövhələrin arasına keçməsi nəticəsində həmin lövhələr xətkeşi öz arasına alıb aparmış, xətkeşin də başında olan dəmir çıxıntı onun əynindəki istehsalat formasının qoluna keçdiyindən onun əlini də valaçilna aparatının arasına çəkmiş, sağ əlinin aparatın arasında qaldığından əzilmiş və yüksək temperaturdan yanmış, digər əli ilə də sağ əlini çıxarmağa çalışdığından həmin əli də yanaraq xəsarət almışdır. Həmin vaxt onun qışqırıq səsinə işçilər gələrək aparatı söndürmüşlər. Baxış zamanı hadisənin baş verdiyi yerə və onun ətrafına ətraflı şəkildə baxış keçirilmiş və cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa halların olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2024-cü il tarixli, 158 saylı rəyindən görünür ki, sağ biləyin ön, əlin ovuc səthlərinin əzilmiş-cırılmış yaraları, orta sinirin və bükücü vətərlərin zədənlənməsi, dəridə yanıqlar. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müayinə olunanın göstərdiyi şəraitdə yəni iş yerində iş görən zaman dəzgaha düşməsi nəticəsində əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2024-cü il tarixə uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/2370 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-də işçilərin istehsalat avadanlığının təhlükə mənbəyi olan hərəkətli hissələrinə toxunma ehtimalını istisna edən tədbirlər direktiv aktların tələblərinə uyğun şəkildə yerinə yetirilmədiyinə və avadanlığın işlək vəziyyətində təhlükəli hissələrə müdaxilə olunmaqla sazlama işi aparıldığına görə, baş vermiş hadisə ilə əlaqədar İstehsalat avadanlıqları, ümumi təhlükəsizlik tələbləri, 12.2.003- 91 DÜST-ün 2.1.5 bəndinin və ECOFEL TDS135D/TDD400R istehsalat xəttinin işə salınması və dayandırılmasına dair operativ texnoloji təlimatın 9-cu başlığının 5-ci abzasının tələbləri pozulmuşdur. "xxxx" MMC-də işçilərin istehsalat avadanlığının təhlükə mənbəyi olan hərəkətli hissələrinə toxunma ehtimalını istisna edən tədbirlərin görülməsi üçün öz vəzifə öhdəliklərinə əsasən əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair direktiv aktların tələblərini təmin etmədiyinə görə “İstehsalat avadanlıqları, Ümumi təhlükəsizlik tələbləri, 12.2.003-91 DÜST”-ün 2.1.5 bəndinin tələbi "xxxx" MMC-nin istehsalat rəisi tərəfindən pozulmuşdur. Həmçinin əməyin və təhlükəsizlik texnikasına dair müvafiq təlim və təlimatlandırmalar keçmiş 6-cı dərəcəli ekstruder maşinisti Zərərçəkmiş şəxs avadanlığın işlək vəziyyətdə təhlükəli hissələrə müdaxilə etməklə sazlama işi apardığına görə ECOFEL TDS135D/TDD400R istehsalat xəttinin işə salınması və dayandırılmasına dair operativ texnoloji təlimatın 9-cu başlığının 5-ci abzasının tələbləri onun özü tərəfindən pozulmuşdur. -xx.xx.2023-cü il tarixli 48 nömrəli əmək müqaviləsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs "xxxx" MMC-də əmək müqaviləsi üzrə 6-cı dərəcəli ekstruder maşinisti vəzifəsinə işə götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 48 nömrəli əmrdən görünür ki, Şəxs Nasos qurğularının maşinisti, xx.xx.2023-cü il tarixindən cəmiyyətə İstehsalat rəisi vəzifəsinə keçirilmişdir. -"xxxx" MMC-nin baş direktoru tərəfindən təsdiq edilmiş “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisinin” vəzifə təlimatından görünür ki, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh vəzifəli şəxs təlimata əsasən istehsalat rəisi vəzifəsində işləyən Şəxs həvalə olunmuşdur. Hadisənin görüntüləri qeydə alınmış CD disk məhkəmə iclasında tədqiq edilərkən, Zərərçəkmiş şəxs hər hansı kənar şəxs tərəfindən, eləcə də təlimatçı tərəfindən göstəriş verilməsi müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3cü maddəsinə əsasən isə Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 04 iyun 2024-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar