Məhkəmə qərarları › İş №3(071)-134/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-134/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-134/2023 01.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i: Hacıqabul rayon Məhkəməsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı “Ford” avtomobilin sürücüsü idarə etdiyi minik avtomobilinə dair qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri (fərqlənmə nişanı) təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və material natamam olduğundan, protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 100.1.3-cü maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında protokolda göstərilməlidir. Fərdi identifikasiya nömrəsinin protokolda göstərilməsi ona görə vacibdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini dəqiq müəyyən etmək mümkün olsun. Lakin, Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda onun fərdi identifikasiya nömrəsi göstərilməmiş, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi (AA 0522059) qeyd edilmiş, elektron məhkəmə sistemi vasitəsi ilə həmin şəxsiyyət vəsiqəsi yoxlanıldıqda isə, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin Şəki rayon sakini, 1968-cı il təvəllüdlü X3 aid olduğu müəyyən edilmişdir. Bununla da inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi müəyyən olunur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti qismində yalnız sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxs çıxış edə bilər. Lakin, elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan Şəxs mülkiyyətində və ya istifadəsində **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı “Ford” avtomobilin olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən Şəxs “Ford” markalı **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə “Fərqlənmə nişanı” olmadan yük daşıma fəaliyyəti ilə məşğul olduğu qeyd edilərək, bu məsələyə görə sürücü olaraq Şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, qeyd edilən avtomobilin həqiqətən Şəxs məxsus olmasını və ya həmin vaxt onun tərəfindən idarə olunmasını təsdiq edən sənəd (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, etibarnamə və s.) protokola əlavə edilməmişdir. Protokola inzibati xəta hadisəsinin olmasını təsdiq edən sübut kimi qeyd edilən avtomobilin ön hissədən çəkilmiş bir ədəd fotoşəkli əlavə edilmişdir ki, fotoşəkildən avtomobilin sadəcə dövlət qeydiyyat nişanı müəyyən edilir, lakin həmin avtomobilin məhz Şəxs məxsus olmasını və ya onun tərəfindən idarə edilməsini, həmin vaxt onun avtomobil ilə yük daşınmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar