Məhkəmə qərarları › İş №3(071)-139/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-139/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-139/2022 05.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin baş inspektoru polis baş leytenantı X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, X4 İdarəsində işləyən, Ucar rayonu Məlikballı kəndində qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə Hacıqabul RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 04.05.2022-ci il tarixdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində idarə etdiyi “Vaz 21074” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının üstünü görünüşünü çətinləşdirən örtüklərdən və qurğulardan istifadə etməklə bağlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul RPŞ-nin DYPB-nin baş inspektoru polis baş leytenantı X2 tərəfindən 04.05.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında material məhkəməyə 05.05.2022-ci il tarixdə daxil olmuşdur. Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, Ucar rayonu Məlikballı kəndində yaşayır. X4 İdarəsində işləyir. 04.05.2022-ci il tarixdə Hacıqabul rayonundan yaşadığı Ucar rayonuna gedərkən avtomaşının texniki baxışının vaxtının bitməsini zənn edərək, yolda YPX kameralarına düşməmək üçün idarə etdiyi “Vaz 21074” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının üstünü-görünüşünü yapışqanlı kağızla bağlamışdır. Əməlindən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Protokol tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin baş inspektoru polis baş leytenantı X2 məhkəmə iclasında izahat verərək, Şəxs oğlunun barəsində tərtib etdiyi 04.05.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdi və qanuni tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 04.05.2022-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı, etdiyi qayda pozuntusunun kamera görüntüsü və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs yalnız İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar