Məhkəmə qərarları › İş №3(071)-141/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-141/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-141/2025 06.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 06 may 2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 3-də yaşayan Şəxs üzərində yoxlama keçirilmiş və ondan bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbini pozmuşdur. Məhkəmə Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, o, arabir narkotik vasitə olan marixuana qəbul edir. xx.xx.2025-ci il tarixdə yaşadığı Hacıqabul şəhəri, Ə.Vahid küçəsindən yerdən bir ədəd kibrit qutusu tapmış və baxdıqda içərisində qurudulmuş marixuana olduğunu görüb qəbul etmək üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində şəhərin M.Hüseynzadə küçəsində olarkən bir neçə polis əməkdaşları ona yaxınlaşmış, üzərində yoxlama apararkən şalvarının sağ yan cibində olan həmin kibrit qutusunu yerə atmış, lakin əməkdaşlar bunu görmüş va götürərək sənədləşmə aparmışlar. Törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTBnə göndərilmiş, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 29 mart 2025-cü il tarixdə tərtib edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə barədə protokoldan görünür ki, həmin tarixdə Şəxs üzərində yoxlama zamanı 1 ədəd ədəd kibrit qutusunda narkotik vsaitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan tutma protokolundan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 10:35-dən hesablanmışdır. Eyni tarixli qərarla Şəxs xx.xx.2025-ci il tarixdə əməlində cinayət hadisəsi olmadığından azad edilmişdir. Təhqiqat araşdırması zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1829 nömrəli rəyindən görünür ki, Şəxs asılıq sindromu narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməsi məsləhət görülmüşdür. İş materiallarında olan inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçisi X2 tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin xx.xx.2025-ci il tarixli 18/268 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Şəxs...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusnda təmiz çəkisi - 3,29 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəydən həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 3,27 qram qurudulmuş marixuana qalıq qalmışdır. ”Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məlumatlardan məlum olur ki, Şirinov X1 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 1 il 8 ay 27 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, şəxsin ağır cinayət törətməsi ilə əlaqədar barəsindən azadlıqdan məhrumetmə növündə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən qısa müddət sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətaya yol verməsini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi zərurətinin olmaması və onun narkoloji dispanserdə qeydiyyatda olmaması nəzərə alınmaqla, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Bundan başqa, maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 3,27 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Şəxs xx.xx.2025-ci il tarixdə şübəhli şəxs qismində tutulduğu 1 gün müddət təyin edilmiş həbs müddətindən çıxılmaqla üzərində qəti olaraq 19 (on doqquz) gün müddətinə inzibati həbs saxlanılsın. Həbsetmənin əvvəli 06 may 2025-ci il tarixdən saat 16:20-dən hesablansın. Şəxs narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,27 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İnzibati həbs növündə tənbeh tədbiri ilə bağlı qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar