Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-147/2024 21.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materialı məhkəmənin inzibati binasında işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair DİN BDYPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında icraat üzrə materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokol və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı, 17640124 nömrəli qərar əsasında ona tətbiq edilən cəriməni ödəmədiyindən, yəni qərarın qanuni qüvvəyə minməsindən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXM-nin 529.3-cü maddədə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli EQ seriyalı, 17640124 nömrəli inzibati xəta haqqında qərar əsasında Şəxs İXM-nin 339.1-1-ci maddəsilə təqsirli bilinərək ona 50 (əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi “inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” adı ilə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. İXM-nin 529.3-cü maddəsinin tərkibi onun dispozitiv şərtlərinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə əsasən şəxsin barəsində yol hərəkəti qaydası əleyhinə inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanuni qüvvəyə mindikdən sonra 3 ay ərzində icra edilmədikdə 529.3-cü maddənin tərkibi yaranır. Odur ki, qeyd edilən inzibati xətanın törədilməsi vaxtının müəyyən edilməsi üçün ilk növbədə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi tarix dəqiq müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 138-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 1) müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 2) eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 3) inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə xətanın törədilməsinə görə qəbul edilmiş qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qərar ona Məcəllənin 57-ci maddəsinə əsasən rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Məcəllənin 138-ci maddəsinə görə isə qərardan şikayətin verilməsi müddətin bitdiyi gün, şikayət verildiyi halda isə apellyasiya instansiya məhkəməsinin qərarı elan olunduqdan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə minmiş olur. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə əsasən şəxsin barəsində yol hərəkəti qaydası əleyhinə inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanuni qüvvəyə mindikdən sonra 3 ay ərzində icra edilmədikdə 529.3-cü maddənin tərkibi yaranır. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcud olub-olmadığını həll etməlidir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki işin hallarından isə müəyyən edilir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 339.1-1 maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə ona 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Lakin iş materiallarına qəbul edilmiş qərar barədə Şəxs rəsmi qaydada məlumatlandırılıb-məlumatlandırılmaması, əgər məlumatlandırılmışdırsa hansı tarixdən qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iş materiallarında olan mövcud şübhələri barəsində protokol tərtib edilmiş Şəxs xeyrinə həll etməklə qeyd edir ki, həmin qərardan şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 20 gün müddətin xx.xx.2023-cü il tarixdə və həmin qərarın qanuni qüvvəyə minməsindən, yəni xx.xx.2023-cü il tarixdən 3 aylıq müddətin xx.xx.2024-cü il tarixdə başa çatması, İXM-nin 529.3-cü maddə ilə nəzərdə tutulmuş xətanın isə xx.xx.2024-cü il tarixdə törədilməsi ehtimal edilsə, qeyd edilən tarixdən 4 aylıq məsuliyyətə cəlb olunma müddəti də xx.xx.2024-cü il tarixdə başa çatmış olur. Qeyd olunan inzibati iş isə xx.xx.2024-cü il tarixdə daxil olduğundan, həmin tarixdə artıq şəxsin İXM-nin 38.1-ci maddəsilə inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən məhkəməyə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsinə görə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-53, 106, 114-117, 125, 128-130, 138 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində DİN BDYPİ-si tərəfindən tərtib edilmiş 25 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-147/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-147/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver