Məhkəmə qərarları › İş №3(071)-15/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-15/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-15/2024 23.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:02 radələrində Bakı Qazax yolunun 99-cu km-də “Chevrolet Lacetti” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Hacıqabul rayon X1 yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən onun Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan WD2C000081 nömrəli Narkotesterdən göstərilir ki, müayinə zamanı Şəxs narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti –THC (+) marixuana -pozitiv aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, müayinə aktı və digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən hallar yoxdur. Odur ki, Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halların olması və məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilməməsi nəzərə alınmaqla, Şəxs məhdudlaşdırma tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar