Məhkəmə qərarları › İş №3(071)-161/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-161/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-161/2025 23.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 onun barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28413631 nömrəli qərardan verilmiş şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28413631 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xətta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixində saat 08:17 radələrində М2, E60, AH5 Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 58-ci km-də idarə etdiyi **- HT-*** dövlət nömrə nişanlı avtomobilə qarşı İXM-nin 328.2 maddəsinə əsasən EQ28413631 nömrəli elektron qərar üzrə inzibati cərimə tətbiq olunmuşdur. Lakin təqdim olunmuş sübut materiallarında açıq şəkildə görünür ki, onun avtomobili YPX avtomobili ilə əks istiqamətdə hərəkətdə olub, foto və videogörüntü YPX maşınının ön kamerasından hərəkətdə olarkən qeydə alınıb. Bu şəraitdə sürət ölçməsinin texniki əsaslarının (radar cihazının tipi, sertifikasiyası, kalibrasiyası, kompensasiya funksiyası) təqdim edilməməsi, habelə radarın hərəkətli və əks istiqamətli ölçməyə uyğunluğu ilə bağlı məlumatların verilməməsi bu ölçmənin qanuniliyini şübhə altına alır. Elektron qərarda ölçmənin VVC- MC800P tipli (color CCD PTZ(Pan-Tilt-Zoom) kameradan istifadə olunduğu göstərilir, halbuki bu radar deyil və əks istiqamətdə hərəkət edən avtomobilin sürətini ölçmək funksiyası yoxdur. Praktikada əks istiqamətdə və ya paralel hərəkətdə olan avtomobillərin sürətini ölçmək üçün xüsusi Doppler radar sistemləri, LİDAR (Laser-based) və ya inteqrasiyah ANPP sistemləri (nömrə tanıma və sürət ölçən modullar) istifadə olunur. Barəsində qəbul edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən qərardan narazıdır və hesab edir ki, inzibati tənbeh vermə qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 izahat verərək bildirmişdir ki, barəsində qəbul edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən qərarı etibarsız hesab edir. Belə ki, təqdim olunmuş sübut materiallarında görünür ki, avtomobili YPX avtomobili ilə əks istiqamətdə hərəkətdə olub, foto və video görüntü YPX maşınının ön kamerasından hərəkətdə olarkən qeydə alınıb. Bu şəraitdə sürət ölçməsinin texniki əsaslarının təqdim edilməməsi, habelə radarın hərəkətli və əks istiqamətli ölçməyə uyğunluğu ilə bağlı məlumatların verilməməsi bu ölçmənin qanuniliyini şübhə altına alır. Odur ki, qəbul edilmiş qərar qanuni və əsaslı olmadığına görə ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-nin BDYPİ-yə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə DİN-nin BDYPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 28413631 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı və işə əlavə edilmiş fotoşəkilləri məhkəmə iclasında tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və DİN-nin BDYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 28413631 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 28413631 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, sürücü A.Rəcəbov həmin tarixdə, saat 08:17-də idarə etdiyi “Opel Astra” (minik) markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə М2, E60, AH5 Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 58-ci km-də yolda müəyyən edilmiş hərəkət surətini 28 km/saat həddində aşmış, nəticədə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, “Opel Astra” (minik) markalı, **-HT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, saat 08:17-də X2 tərəfindən idarə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 327.1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) və inzibati cərimənin məbləği və ödənilməsi qaydası da göstərilir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 135-ci maddəsinə əsasən - 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “X4” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci bəndinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən “mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Beləliklə, şikayət vermiş şəxsin şikayətin bildirdiyi arqumentləri məhkəmə əsassız hesab edir. Birincisi, X2 şikayətində və məhkəmə iclasında bildirdiyi arqumentləri sübuta yetirə bilməmişdir. İkincisi isə bu arqumentlər sübut olunduqda belə bu hal şəxsin təqsirini istisna edən hal deyildir. Şəxs surət həddini aşmışdır və bu inzibati xəta haqqında iş materialları ilə öz təsdiqini tapır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 28413631 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 28413631 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar