Məhkəmə qərarları › İş №3(071)-162/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-162/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-162/2025 10.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan Şəhər Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara məhkəmənin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Şirvan ŞPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında icraat üzrə materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Ona görə də material geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə İXP6709310 nömrəli protokol əsasında tətbiq edilmiş inzibati cəriməni ödəmədiyindən, yəni həmin qərar qanuni qüvvəyə minməsindən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXM-nin 529.3-cü maddədə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in DYP-nin Web portalı çıxarışından müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.2-ci maddələri ilə təqsirli bilinərək barəsində tənbeh tədbiri təyin edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemində olan axtarış məlumatlarına əsasən müəyyən edilir ki, Şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(032)- 1030/2024 saylı qərarına əsasən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, Şəxs məhkəmənin qərarına əsasən ona təyin edilmiş cəriməni icra etmədiyindən barəsində İXM-nin 529.3-cü maddəsi ilə hazırkı protokol tərtib edilmişdir. Lakin iş materiallarından məhkəmənin qərarının nə vaxt qüvvəyə minməsini və İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın nə zaman törədilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 529.3cü maddəsi “inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” adı ilə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. İXM-nin 529.3-cü maddəsinin tərkibi onun dizpozitiv şərtlərinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan, yəni XXİX fəsildə təsnifləşdirilmiş 327-348-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyətə cəlb etmə müddəti 1(bir) il ərzində müəyyən edilsə də, lakin 529.3-cü maddə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslinə daxil olduğundan və onun əsas obyekti qismində dövlət orqanlarının idarəçilik fəaliyyəti və dövlət intizamı təşkil etdiyindən, həmin inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti onun törədildiyi gündən ən geci 4 ay ərzində müəyyən edilmişdir. Beləliklə, şəxsin barəsində yol hərəkəti qaydası əleyhinə inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanuni qüvvəyə mindikdən sonra 3 ay ərzində icra edilmədikdə 529.3-cü maddənin tərkibi yaranır, həmin sonuncu xəta törədildiyi gündən isə şəxs 4 ay ərzində inzibati məsuliyyətə cəlb edilə bilər. Odur ki, qeyd edilən inzibati xətanın törədilməsi vaxtının müəyyən edilməsi üçün ilk növbədə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi tarix dəqiq müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası İXM-nin 138-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 1) müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 2) eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 3) inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Sadalanan qanunvericilik normalarının tələblərinə baxmayaraq hazırda məhkəməyə baxılması üçün təqdim edilmiş Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan Şəhər Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol həmin Məcəllənin tələbləri pozulmaqla natamam tərtib edilmiş və zəruri sənədləri materiala əlavə edilməmişdir. Belə ki, protokola inzibati xətanın törədilməsini təsdiq edən sənəd kimi yalnız elektron portaldan çıxarış əlavə edilmiş, həmin protokol əsasında İXM-nin 529.3-cü maddəsi ilə xətanın nə vaxt törədilməsini iş materialları ilə müəyyən etmək mümkün deyildir. İXM-nin 100.1.4-cü maddəsinə görə isə protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti dəqiq göstərilməlidir. Qeyd edilənlərə əsasən hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki, Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan Şirvan Şəhər Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar