Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-166/2024 28.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hacıqabul rayon 2-ci Udulu bələdiyyəsinin sədri Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Hacıqabul rayonu 2-ci Udulu bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Hacıqabul rayonu 2-ci Udulu bələdiyyəsini sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.20234-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün xx.xx.2024cü il tarixdə məhkəməyə daxil olmuşdur. Protokol və ona əlavə edilmiş materialdan görünür ki, bələdiyyə sədri olaraq Şəxs Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 8-ci maddəsinin tələblərini, yəni yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasını pozulmaqla, rəhbərlik etdiyi Hacıqabul rayon 2-ci Udulu bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına (3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə) təqdim etməmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, təmsil etdiyi idarə tərəfindən xx.xx.2023-cü il tarixdə yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların təqdim edilməsi ilə bağlı Şirvan Regional Ədliyyə İdarəsinə məktub göndərilmiş, həmin idarə tərəfindən isə ərazi yurisdiksiyasında fəaliyyət göstərən bütün bələdiyyələrə məktublar göndərilərək yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi tapşırılmışdır. Məktubda həmçinin qaydaya riayət edilməyəcəyi təqdirdə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq Hacıqabul rayon 2-ci Udulu bələdiyyəsi tərəfindən idarəyə hər hansı formada rəsmi məlumat daxil olmamışdır. Belə ki, qüvvədə olan qaydalara görə bələdiyyənin inzibati ərazisində yaşıllığın olmadığı təqdirdə də, yaşıllıqların uçotu və monitorinqi haqqında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilməlidir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Hacıqabul rayon 2-ci Udulu bələdiyyəsinin sədri Şəxs isə Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 saylı qərarı və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada rəhbərlik etdiyi bələdiyyənin mülkiyyətində olan torpaqlarda yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları qanunla müəyyən edilmiş qaydada təqdim etməmişdir. Bələdiyyənin mülkiyyətində olan torpaqlarda yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların qeyd edilən vaxtda təqdim edilməsi bələdiyyənin vəzifəsidir. Bundan başqa məhkəmə baxışı zamanı Hacıqabul rayon 2-ci Udulu bələdiyyəsinin sədri Şəxs öz izahatında bələdiyyə ərazisində yaşıllıq olmamasını iddia etməsinə baxmayaraq, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli Monitorinq aktı tərtib edilərək bələdiyyə ərazisində yulğun kolları aşkar edilmişdir. Qeyd edilənlərə əsasən, o, Hacıqabul rayon 2-ci Udulu bələdiyyəsinin sədri Şəxs inzibati məsuliyyətə cəlb edilərək barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hacıqabul rayon 2-ci Udulu bələdiyyəsinin sədri Şəxs yazılı etiraz verərək izahatında bildirdi ki, rəhbərlik etdiyi bələdiyyənin mülkiyyətində olan torpaq sahələrində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi ilə bağlı Şirvan Regional Ədliyyə İdarəsi tərəfindən rəsmi məktub bələdiyyəyə daxil olmuşdur. Lakin rəhbərlik etdiyi bələdiyyənin mülkiyyətində olan torpaq sahələrində yaşıllıq mövcud olmadığından 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə monitorinq barədə məlumat vermiş, heç bir yaşıllıqla bağlı uçot aparılmamışdır. Rəsmi məktubdan sonra 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə getmiş, monitorinq keçirilməsi qaydası ilə bağlı maraqlanıb şifahi qaydada qeyri-rəsmi olaraq ərazidə yaşıllıq olmaması barədə məlumat vermişdir. Bu səbəbdən tərəflərindən monitorinq keçirilməmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Monitorinq aktında qeyd olunanlara etirazı yoxdur. Ərazidə yulğun kolları yeni yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş monitorinq aktından görünür ki, Azərbaycan Respublikası “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 17-ci maddəsinə əsasən Hacıqabul rayon İkinci Udulu kəndi ərazisində yaşıllıqların vəziyyətinin öyrənilməsi məqsədi ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı müşahidə edilmişdir ki, Hacıqabul rayon İkinci Udulu kəndi ərazisində köküstə yaş halda yulğun kollar mövcuddur. Akta ərazidə çəkilmiş fotoşəkillər əlavə edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon İkinci Udulu Bələdiyyəsinin sədri Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 36 nömrəli etirazda qeyd edilmişdir ki, O, 1-ci Udulu Bələdiyyəsinin sədri X1 ilə birlikdə sözügedən məsələ ilə bağlı 2023-cü ilin may ayında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində olmuşdur. Həmin idarədə bildirilmişdir ki, ərazidə yaşıllıq olmadığı üçün yaşıllıqla bağlı uçotun və monitorinqin aparılmasına ehtiyac yoxdur. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin apardığı monitorinq əsasında təqdim etdikləri fotoşəkillərlə bağlı qeyd edir ki, müxtəlif vətəndaşların xüsusi istifadəsində olan həyətyanı sahələrin və mal-qaranın suvarılması məqsədi ilə kiçik su çalaları əmələ gəlmiş və həmin çalalarda yulğun kolları bitmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 2-ci Udulu Bələdiyyəsinə yaşıllıqların uçotu və monitorinqinin aparılması ilə bağlı heç bir rəsmi sorğu göndərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati icraat haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sorğusuna əsasən işə əlavə edilmiş Azerbaycan Respublikasinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şirvan Regional Ədliyyə İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-14-42/2- 669/2023 saylı məktubdan müəyyən edilir ki, “Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 02 may tarixli, 957-lVQ nömrəli Qanununun 12.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli, 217 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması" Qaydasının 1.4 bəndinə əsasən yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması isə bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilməsi barədə məlumat verilmişdir. İzah edilmişdir ki, həmin qaydanın 2.5-ci bəndinə uyğun olaraq uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrində yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvar ayının 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq orqanlar tərəfindən fevral ayının 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Qaydanın 3.7 bəndinə əsasən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən aparılan yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumat hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilir və uçot hesabatları ilə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Şirvan Regional Ədliyyə İdarəsi tərəfindən ərazi yurisdiksiyasına aid inzibati-ərazi vahidlərində fəaliyyət göstərən bələdiyyələrə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16- 32/2-1742-2023 saylı məktubdan görünür ki, inzibati-ərazi vahidlərində fəaliyyət göstərən bələdiyyələrə yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları özündə əks etdirən cədvəl formasını və yaşıllıqların mühafizəsi, uçotu və bərpası üzrə tərbirlər planını tərtib edərək hər ilin sonunda həm elektron həm də, rəsmi qaydada 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə təqdim edilməsi tapşırılmışdır. “Bələdiyyələrlə iş portalı” elektron informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Şirvan Regional Ədliyyə İdarəsi tərəfindən ərazi yurisdiksiyasına aid inzibatiərazi vahidlərində fəaliyyət göstərən bələdiyyələrə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 16-32/2-1742-2023 saylı məktub elektron qaydada ərazi yurisdiksiyasına aid inzibati-ərazi vahidlərində fəaliyyət göstərən bələdiyyələrə, həmçinin 2-ci Udulu Bələdiyyəsinə rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.3-cü bəndinə əsasən istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən ayrı-ayrı inzibati ərazi vahidləri üzrə yaşıllıqların uçotunun nəticələri barədə hesabatlar təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında olan yaşıllıqlar aşağıdakı növlər üzrə tərtib edilir: 2.3.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); 2.3.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); 2.3.3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, o cümlədən su mühafizə zonalarının və onların sahil mühafizə zolaqlarının altında olan torpaqlarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). Həmin Qaydaların 2.5-ci bəndinə əsasən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları aidiyyəti üzrə yaşıllıqların uçota alınmamasına, kəmiyyət və keyfiyyət göstəricilərinin tam və dürüst əks olunmamasına, onların növlərinin, yaşıllıq ərazilərinin və yaşıllıq barədə digər məlumatların təhrif edilməsinə və bu məlumatların Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının 2 may 2014-cü il tarixli “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun 8-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır: - yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək; - yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq; - mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq; - yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək; - müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq; - ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 253-1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, Azərbaycan Respublikasını Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması haqqında Qaydalarda”, eləcə də, “Yaşıllıqların mühafizəsi haqqında” 2 may 2014-cü il tarixli Qanunda bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr tərəfindən yaşıllıqların uçotunun aparılması və nəticələri barədə hesabatların təqdim edilməsi qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hacıqabul rayon 2-ci Udulu bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, monitorinq aktı və ona əlavə edilmiş fotoşəkillər, o cümlədən digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından müəyyən edildiyi ki, Hacıqabul rayon 2-ci Udulu bələdiyyəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə səlahiyyətli orqan tərəfindən, yəni 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən, bələdiyyələrə inzibati nəzarəti həyata keçirən Şirvan Regional Ədliyyə İdarəsinə rəsmi xəbərdarlıq məktubları göndərilmiş, ədliyyə idarəsi tərəfindən isə inzibati-ərazi vahidlərində fəaliyyət göstərən bələdiyyələrə yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları özündə əks etdirən cədvəl formasını və yaşıllıqların mühafizəsi, uçotu və bərpası üzrə tərbirlər planını tərtib edərək hər ilin sonunda həm elektron həm də, rəsmi qaydada 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə təqdim edilməsi tapşırılmışdır. Qeyd olunan xəbərdaredici Hacıqabul rayon 2-ci Udulu bələdiyyəsinə də rəsmi qaydada təqdim edilmişdir. Buna baxmayaraq, bələdiyyə tərəfindən qaydalar pozulmuşdur. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs, Hacıqabul rayon 2-ci Udulu bələdiyyəsinin sədri Şəxs inzibati məsuliyyətə cəlb edilməli və barəsində törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 ( bir min) manat inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-166/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-166/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver