Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-17/2025 08.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, şikayətçi – X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş 04 dekabr 2024cü il tarixli TP seriyalı ******* nömrəli qərardan X3 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİnin polis polkovniki X5 tərəfindən qəbul edilmiş 04 dekabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi ilə bağlı İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)-1046/2024 saylı qərardadı ilə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 04 dekabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət baxılmaq üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə Bakı-Qazax magistral yollunun Hacıqabul rayon istiqamətində Daimler Chrysler C 200 markalı **-BH- *** dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi hərəkətdə olarkən Navai Postunda YPX-nin inspektoru polis serjantı X4 tərəfindən saxlanılaraq ona İXP ******* nömrəli protokol ilə İXM-in 327.1 və 333.1-ci maddələri üzrə təqsirli bilinərək cərimə tətbiq edilmişdir. Cərimə xx.xx.2024-cü il tarixində (bir ay sonra) həmin protokol üzrə BDYPİ polis mayoru X2 qəbul etdiyi TP ******* nömrəli qərar qanuni qüvvəyə minmişdir. Qeyd etmişdir ki, cərimə əsassız və qeyri qanuni tərtib edilmişdir. İXM 333.1-ci maddəsinin tələblərinə əsasən təqsirli bilinsə də, bu hal ilə razılaşmır. Sözügedən yerdə YPX əməkdaşı guya o, 327.1-ci maddəsinin tələblərini pozmuş və bu zaman onu saxlamış və içkili olduğunu iddia etmiş və alkotestr vasitəsi ilə yoxlanış həyata keçirilmişdir. İçkili olduğu bəhanəsi ilə guya alkotestr vasitəsi ilə aşkarlanmış və müvafiq promildən artıq çıxmışdır. O, bu alkotestra etiraz edərək onu tibbi müayinəyə göndərilməsini xahiş etmişdir. Qəbul edilmiş qərar qanuni və əsaslı olmadığına görə ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə BDYPİ-yə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə BDYPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovniki X5 tərəfindən qəbul edilmiş 04 dekabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək X1 barəsində İXM-nin 333.1-ci maddəsi ilə olan hissədə əlavə araşdırma aparılması üçün səlahiyyətli orqana, yəni BDYPİ-yə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovniki X5 tərəfindən qəbul edilmiş 04 dekabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 19:17-də Bakı-Qazax yolunun 99 km-də “Daimler Chrysler C200” minik markalı **- BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydasının pozulması və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokoldan müəyyən edilir ki, X3 27 oktyabr 2024-cü il tarixdə 19:17 radələrində “Daimler Chrysler C200” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası DİN-nin Vİİ Tağım YPX tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin məzmununa Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Lakin hazırki iş materialarından müəyyən edilir ki, alkotester vasitəsilə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburi olmasına baxmayaraq qanunvericiliyin imperativ tələbinə əməl edilməmiş, yəni hal şahidlərinin iştirakları təmin edilməmişdir. Bundan başqa, sürücü xüsusi texniki vasitənin nəticəsi ilə razılaşmamasına baxmayaraq, o, YPX-nin əməkdaşı tərəfindən tibbi müayinəyə aparılmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiiyin tələbləri pozulmaqla əldə edilmiş hər hansı məlumat və ya sənəd iş üzrə sübut olaraq qəbul edilə bilməz. X1 hərəkətlərində İXM-nin 333.1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk növbədə subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə təsdiq edilir. Odur ki, məhkəmə tərəflərin təqdim etdiyi sübutları qarşılıqlı müqayisəli şəkildə təhlil eədərk hesab edir ki, X1 hərəkətlərində İXM-nin 333.1-ci maddəsinin tərkib əlamətlərinin olması iş materialları sübuta yetirilmir, qərar qəbul etmiş orqan tərəfindən isə məhkəməyə buna dair mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunan vaxtdan isə uzun müddət keçdiyindən yol verilmiş pozuntunun aradan qaldırılması isə obyektiv olaraq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş 04 dekabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli iş yenidən araşdırılması üçün BDYP-nə göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbiylə, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, İXM-nin 333.1-ci maddəsi ilə başlanmış icraat üzrə Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə tam, hərtərəfli və obyektiv əlavə araşdırmanın aparılması təmin edilməklə yenidən baxılması üçün toplanmış material DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş 400 (dörd yüz) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti qismən təmin olunsun. X1 barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis polkovniki X5 tərəfindən qəbul edilmiş 04 dekabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 barəsində Vİİ Tağım YPX inspektoru polis serjantı X4 tərtib edilmiş xx.xx.2024cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata yenidən baxılması üçün toplanmış material Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qəbul edilmiş 04 dekabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş 400 (dörd yüz) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim (Hacıqabul Rayon Məhkəməsi) vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-17/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-17/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver