Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-178/2024 30.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Hacıqabul RPŞ-nin İTB-nin XÜ baş inspektoru X5, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Şamaxı rayonu, 2-ci Udulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu 2-ci Udulu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-nin XÜ baş inspektoru M.Əsgərov tərəfindən tərtib edilmiş 30 iyul 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş qərardad və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X8 ərizə ilə Hacıqabul RPŞ-ə müraciət edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaranmış münaqişə zamanı onu boğazından tutub itələyərək xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs X4 və digərilərinin şikayət ərizəsi əsasında Hacıqabul RPŞ-də müvafiq araşdırma aparılmış və Şəxs, eləcə də digərilərinin əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən şöbənin TB-nin baş təhqiqatçısı Zahid Salahov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. Bundan sonra Hacıqabul RPŞ-nin İTB-nin XÜ baş inspektoru M.Əsgərov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin XÜ baş inspektoru X9 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə keçmiş qaynanası X8 onun yaşadığı evə gəldiyi vaxt o, yatmışdır. Anası onu oyadaraq bildirmişdir ki, S.Qəhrəmanova cehiz əşyalarını aparmağa gəlmişdir. O, yuxulu vəziyyətdə ayılanda S.Qəhrəmanovanın icazəsiz evə daxil olmasını görüb əsəbləşərək onu qapıdan çölə çıxarmağa çalışmış və ona bildirmişdir ki, yalnız məhkəmənin qərarı ilə cehiz əşyalarını apara bilər. Bu səbəbdən ondan evi tərk etməsini tələb etmişdir. Yaranmış mübahisə zamanı o, S.Qəhrəmanovadan tutub qapıdan çölə çıxarmışdır. O, digər formada S.Qəhrəmanovaya zor tətbiq etməmiş və onu sadəcə qapıdan çölə çıxarmış, bu vaxt S.Qəhrəmanova yerə yıxılmışdır. Bundan sonra S.Qəhrəmanova yerdən daş parçası götürüb onun başına vurmuşdur. Ehtimal edir ki, S.Qəhrəmanovadan bərk tutduğu üçün ona fiziki ağrı yetirmişdir. Hadisə zamanı o, başından xəsarət aldığı üçün Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng edib şikayət etmişdir. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirdi ki, zərərçəkmiş şəxs Suma Qəhrəmanova ilə hazırda barışmış, sonuncunun ona qarşı hər hansı şikayət və tələbi yoxdur, ona görə də barəsində iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazı yoxdur və ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə keçmiş kürəkəni Şəxs yaşadığı evə sakit şəkildə qızının cehiz əşyalarını götürməyə getmişdir. Onunla birlikdə bacısı və əri olmuşdur. Əri yük maşınının sürücüsü ilə onu çöldə gözləmiş, o, isə bacısı ilə birlikdə qapıdan içəri daxil olanda keçmiş qudaları çölə çıxmış, eyni zamanda Şəxs aqressiz şəkildə onun üzərinə gəlib boğazından tutaraq onu itələyib fiziki ağrı yetirmişdir. Aralarında yaranmış mübahisə zəminində isə onun şəhid qardaşını Şəxs söymüş, daha sonra isə boğazından tutub itələyərək onu çölə atmışdır. Mübahisənin axarı zəminində, eləcə də Şəxs onun şəhid qardaşını söyməsindən hiddətlənərək ona xəsarət yetirmə ehtimalı ola bilər, lakin həmin vaxt əsəbi olduğu üçün dəqiq xatırlamır. Hadisə zamanı o, özü də xəsarət aldığı üçün əri Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng edib şikayət etmişdir. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsla hazırda barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, ona görə də iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur və buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutlarla tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində İXM-nin 157ci maddəsinin tərkib əlamətlərinin olması və həmin əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Hacıqabul RPŞ TB-nin baş təhqiqatçısı Zahid Salahov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu 2-ci Udulu kənd sakini Şəxs AR DİN 102 Xidməti Zəng Mərkəzinə zəng edib qaynanası X8 və qaynatası X2 yaşadığı evə gələrək daşla başına vurduğunu bildirmişdir. Bundan başqa X3 xx.xx.2024-cü il tarixdə AR DİN 102 Xidməti Zəng Mərkəzinə zəng edib münaqişə olduğunu bildirmişdir. Eyni zamanda Şəxs və X8 qarşılıqlı olaraq şikayət ərizələri ilə Hacıqabul RPŞ-nə müraciət etmişlər. S.Qəhrəmanova ərizəsində Şəxs onun boğazından tutub itələyərək yerə yıxmasını, Şəxs isə ərizəsində yaşadığı evin həyətində S.Qəhrəmanovanın onun başına daş parçası ilə vurduğunu bildirmişdir. Qərardan və iş materiallarından olan Hacıqabul rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli 227 və 229 saylı tibbi ekspert rəylərindən müəyyən edilir ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda başın ənsə nahiyyəsinin hematoması xəsarəti aşkar edilmişdir. X1 məhkəmə-tibbi müayinəsi zamanı onda boyun səthinin ön hissəsinin sıyrıqları, sağ yuxarı 1/3 hissəsinin sırığı xəsarətləri aşkar edilmişdir. Rəylərə əsasən qeyd olunan xəsarətlər küt əşyanın ( və ya əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanların göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Xəsarətlərin müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Aşkar olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə, Hacıqabul RPŞ TB-də Şəxs, X4 və qeyrilərinin müraciətləri əsasında aparılan araşdırma nəticəsində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs və X4 əməli AR İXM-nin 157-ci maddəsinə tövsif edilərək qərarın surəti inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hazırkı iş üzrə zərərçəkmiş şəxs X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Şəxs ilə barışmış, ona görə də sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs zərərçəkmiş şəxs X8 ilə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Hacıqabul RPŞ-nin İTB-nin XÜ baş inspektoru tərəfindən tərtib edilmiş 30 iyul 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-178/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-178/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver