Məhkəmə qərarları › İş №3(071)-178/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-178/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-178/2025 01.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi YPX Alayının Vİİ Tağımı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi YPX Alayının Vİİ Tağımı tərəfindən tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, 16 may 2025-ci il tarixdə saat 17:06 radələrində Hacıqabul rayonunun Qarasu qəsəbəsi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 141-ci kilometliyində xx.xx.1982-ci il təvəllüdlü Şəxs "xxxx" MMC-yə məxsus “İSUZİ NPR 75LD” markalı, **-JN- *** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı istiqamətində idarə edib hərəkətdə olarkən avtomobili sağ ehtiyat hissədə dayanmış vəziyyətdə olan xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 "xxxx" MMC-yə məxsus “Mitsubishi L200” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və sərnişini Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndənin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsi barədə məlumat verməmiş və protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilir. Belə ki, o, etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “İSUZİ NPR 75LD” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 16 may 2025-ci il tarixində səhər saat 09:00 radələrində Bakı şəhərindən Şuşa şəhərinə doğru yola çıxmışdır. İdarə etdiyi nəqliyyat vasitəsində olan ərzaq məhsullarını Şuşa şəhərinə aparıb, təhvil verdikdən sonra geri qayıtmışdır. Şuşa şəhərindən geri qayıdan zaman nəqliyyat vasitəsində ondan başqa şəxs olmamışdır. O, həmin gün təxminən saat 17 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu Qarasu kəndindən keçən hissəsində, Bakı istiqamətində, sağ hərəkət zolağında 80-90 km/saat sürətlə hərəkətdə olarkən özünə məxsus telefon nəqliyyat vasitəsinin əl əyləcinin yanında olmuş, həmin vaxt telefon sürüşərək ayağının altına düşdükdən sonra əyilərək telefonu olduğu yerdən götürmək istəmişdir. Daha sonra yola doğru baxdığı zaman idarə etdiyi nəqliyyat vasitəsinin yolun sağ ehtiyat hissəsinə çıxdığını görmüşdür. Bu zaman sağ ehtiyat hissədə dayanmış, qəza işıqları yanılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 "xxxx" MMC-yə məxsus “Mitsubishi L200” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Toqquşmadan sonra “Mitsubishi L200” markalı **-PT- *** dövlət qeydiyyat nişanlı minik avtomobili yolun sağ hissəsinə doğru aşmışdır. Hadisə zamanı xəsarət almamışdır. Lakin digər nəqliyyat vasitəsinin sürcüsü və sərnişini xəsarət aldığı üçün hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilmişdir. Törətdiyi əməldən çox peşmandır. O, həmçinin qeyd etmişdir ki, ailədə yeganə qazanc gətirən şəxs olmaqla, sürücü işləyir və bu səbəbdən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmamasını məhkəədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, o, 16 may 2025-ci il tarixdə saat 17:06 radələrində Hacıqabul rayonunun Qarasu qəsəbəsi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 141-ci kilometliyində yolun hərəkət hissəsinin sağ ehtiyat hissəsində dayanmış, həmin vaxt nəqliyyat vasitəsinin qəza işıqlarını yandırmışdır. Bir neçə dəqiqə sonra Şəxs idarə etdiyi "xxxx" MMC-yə məxsus “İSUZİ NPR 75LD” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili dayanmış vəziyyətdə olan "xxxx" MMC-yə məxsus “Mitsubishi L200” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsi ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində özü və sərnişini Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə aralarında barışıq əldə olunmuş, hazırda Nadir Yunusovdan hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizələr təqdim etmiş, həmin ərizələrin məzmunundan müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxlərə dəymiş zərər tam şəkildə ödənilmiş və tərəflər arasında barışıq əldə edilmişdir. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şəxs hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi YPX Alayının Vİİ Tağımı tərəfindən tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədləri, və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan müəyyən edilir ki, HK-1-423 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar çıxarılması məqsədi ilə toplanmış materialın surəti məhkəmə məsuliyyətinə verilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına göndərilməsi, tərəflərə dəymiş maddi zərərlə bağlı məhkəmə orqanına müraciət etmək hüququnun izah edilməsi və qərarın surətinin Şəxs göndərilməklə barəsində cinayət işi başlanması rədd edilərək inzibati tənbeh tədbiri görülməsinə dair qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququ izah edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsi sxemindən müəyyən edilir ki, Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən 141-ci kilometrliyində iki hərəkət hissəsi mövcuddur. Hadisə yeri yaşayış məntəqəsi daxilindədir. Hər iki istiqamətdə hərəkət hissəsi bir tərəflidir. Bakı istiqamətdə hərəkət hissəsi dörd zolaqdan ibarətdir. Sağdan sola doğru 1-ci və 2-ci zolaq Bakı istiqamətində hərəkət hissəsindən ibarət olub eni 7,6 metrdir, sağdan sola doğru 3-cü zolaq ayrıcı zolaq olub eni 80 santimetr, sağdan sola doğru 4-cü zolaq əks istiqamətlə hərəkət hissəsində olan avtomobillərin Bakı istiqamətinə keçərək avtomobil axınını təmin etmək üçün nəzərdə tutulmaqla eni 3,5 metrdir. Hərəkət hissəssinin sağ kənarında olan ehtiyat hissələrin eni 3,5 metrdir. Hərəkət hissəsi asfalt örtüklü olmaqla düz, hamar, üfüqi və quru vəziyyətdədir. Asfalt üzərində heç bir defekt yoxdur. Hər iki istiqamətdə hərəkət sürəti 90 km/saat nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/1169 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “İSUZİ NPR 75LD” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu göstərilmişdir. Rəydə həmçinin qeyd edilmişdir ki, sürücü Şəxs “İSUZU NPR 75 LD” markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən diqqətini avtomobilin idarə olunmasından ayırması və yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Mitsubishi L200” markalı avtomobillə toqquşması faktları onu izah edir ki, mövcud vəziyyətdə hadisə sürücü Şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri (diqqətini avtomobilin idarə olunmasından ayırması, avtomobilin təhlükəsiz idarə olunması üçün lazımı əməliyyatları vaxtında, düzgün yerinə yetirilməməsi və sair) ilə əlaqədar olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3in Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 16 iyun 2025-ci il tarixli canlı şəxsin ekspertizasına dair 325 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - burun sümüyünün sınığı, üzdə sıyrıqlar, sol əlin İV barmağının uc falanqasında şişkinlik küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 16 may 2025-ci il tarixdə hərəkətdə olan yük avtomobilinin dayanmış vəziyyətdə olan pikap tipli avtomaşınla toqquşması nəticəsində əmələ gəldiyi və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edildiyi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3in Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 16 iyun 2025-ci il tarixli canlı şəxsin ekspertizasına dair 326 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ təpə nahiyəsində çapıq əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 16 may 2025-ci il tarixdə hərəkətdə olan yük avtomobilinin dayanmış vəziyyətdə olan pikap tipli avtomaşınla toqquşması nəticəsində əmələ gəldiyi və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmədiyi göstərilmişdir. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasında xx.xx.1982-ci il təvəllüdlü Şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan) AC seriyalı 092391 nömrəli BC katoqoriyalı sürücülük vəsiqəsi verildiyi, onun sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. İş materiallarında olan “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X3 tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 16 may 2025-ci il tarixli, 112 nömrəli aktdan müəyyən edilir ki, Şəxs həmin tarixdə alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X3 tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 16 may 2025-ci il tarixli 113 nömrəli aktdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan, “Elektron Məhkəmə” informasiya Sistemindən çıxarış məlumatından müəyyən edilir ki, Şəxs "xxxx" MMC-də sürücü işləyir. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsinin 5-ci bəndinə əsasən Məcəllənin 327.8, 333.1, 333- 1.1, 343.1 və ya 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki halları ondan ibarətdir ki, sürücü Şəxs 16 may 2025-ci il tarixdə saat 17:06 radələrində Hacıqabul rayonunun Qarasu qəsəbəsi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 141-ci kilometliyində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “İSUZİ NPR 75LD” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə quraqlıq və işıqlı hava şəraitində Bakı istiqamətində hərəkət hissəsinin sağ hərəkət zolağında 80-90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü Yunusov diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayıraraq, lazımı əməliyyatı vaxtında, düzgün yerinə yetirməmiş, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib hərəkətin təhlükəsizliyini təmin etməyən idarəetmə hərəkətləri edərək avtomobilini sağ ehtiyat hissəyə çıxararaq sağ ehtiyat hissədə dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 “Mitsubishi L200” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur, nəticədə Şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan avtomobillərin zədələnmiş və “Mitsubishi L200” markalı minik avtomobilinin sərnişini Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almışdır. Bununla da, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini, onun ailədə yeganə qazanc gətirən şəxs olmaqla, əsas dolanacaq yerinin sürücüıül fəaliyyəti ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ədalətli olmaqla yanaşı onun məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündən inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar