Məhkəmə qərarları › İş №3(071)-18/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-18/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-18/2022 09.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Muğan regional X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Muğan regional X4 İdarəsi tərəfindən ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs MMC-nin Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yeni inşa olunan inzibati binasında xx.xx.2022-ci il tarixdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qeydə alınmış KY221699117 saylı çıxarışa və “Yanğın-texniki müayinənin aparılması haqqında” İdarənin 2927 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən yanğın texniki müayinə keçirilmiş, müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması halları aşkar olunduğu qeyd edilmişdir. Bu səbəbdən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Muğan regional X4 İdarəsinin mühəndis inspektoru daxili xidmət kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərardad qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli məktubla protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(071)-18/2022 nömrəli qərarı ilə Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2.000 (iki min) manat inzibati cərimə edilmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 12 saylı vəkil bürosunun vəkili Qanuni nümayəndə iş üzrə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(071)-18/2022 nömrəli qərarından apelyasiya şikayət vermişdir. xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti inzibati materialla birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin (hakim Rafiq Cəfərov) xx.xx.2022-ci il tarixli 3(106)- 169/2022 nömrəli qərarı ilə Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 12 saylı vəkil bürosunun vəkili Qanuni nümayəndə apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(071)-18/2022 nömrəli qərarı ləğv edilmiş və inzibati material yenidən baxılması üçün Hacıqabul rayon Məhkəməsinə qaytarılmışdır. Material məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılması xx.xx.2022-ci il tarixə saat 15:30-a Hacıqabul Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Şəxs MMC-yə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Muğan regional X4 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, tərəflərin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs MMC -nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığına və inzibati xəta hadisəsi olmadığına görə onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, inzibatı xəta haqqında işin materiallarında X3 adlı şəxsin müxtəlif aktlarla tanış olması barədə imzaladığı sənədlər mövcuddur. Ş.Xəlilov "X2” MMC-nın əməkdaşı olsa da, MMC tərəfindən həmin ərazidə hər hansı tikinti işlərinin görülməsinə ezam edilməmiş, bu barədə hər hansı əmr verilməmiş, hər hansı işlərin görülməsinə və ya nəzarət edilməsinə səlahiyyət verilməmişdir. Ən əsası isə odur kı, inşa edilən "inzibatı binanın' sifarişçisi (iş materiallarından aydın olur ki, bu Dövlət Təhlükəsizlik Xidmətidir) ilə də Şəxs MMC-nın tikinti-inşaat işlərinin aparılmasına dair hər hansı podrat, sifariş və ya xidmət müqaviləsi, ümumiyyətlə hər hansı müqavilə mövcud deyildir. Şəxs MMC tərəfindən qeyd olunan ünvanda hər hansı tikinti-inşaat işlən aparılmır və inzibati binanın tikintisini sifariş edən dövlət orqanı ilə MMC arasında hər hansı xidmətlərin görülməsinə dair (podrat, sifariş və s.) müqavilə mövcud deyildir. Protokol və digər aktlarda adı qeyd olunan Şahbaz Xəlilovun hüquqi şəxsi təmsil etmək, onun adından işlər görmək səlahiyyəti olmamışdır. Həmin şəxsin fərdi əməlinə görə (əgər belə əməl baş vermişdirsə) hüquqi şəxs məsuliyyətə cəlb edilə bilməzdi. İXM-in 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, heç bir mötəbər sübut olmadan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Muğan regional X4 İdarəsinin gəldiyi nəticə əsassızdır. Çünki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Həmçinin inzibati xətanı törətdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən üç aydan artıq müddət keçdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Muğan regional X4 İdarəsinin mühəndis inspektoru daxili xidmət kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar