Məhkəmə qərarları › İş №3(071)-182/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-182/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-182/2025 30.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Sabirabad rayonu Kolanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Hacıqabul rayonu, Kolanı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib olunmuş 30 iyun 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində Hacıqabul rayonu Talış kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın şüşələrini qəsdən sınırıb, plastik qablarda olan benzin məhsullarını və digər ərzaq məhsullarını əlində olan bellə qəsdən dağıdaraq sonuncuya 700 manat maddi ziyan vurmuş, bundan başqa qışqırıb səs-küy salıb ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətarı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Hacıqabul rayon Kolanı kəndində yaşayan Şəxs ona məxsus mağazanın pəncərəsini sındırmasını, mağazanın qarşısına yığılmış plastik qablarda olan benzin məhsulunu və digər ərzaq məhsullarını əlində olan bellə dağıtmasını, həmçinin onu və ailə üzvlərini söyüb təhqir etdiyini və bıçaqla hədələdiyini, Şəxs ona ümumilikdə 700 manat maddi ziyan vurduğunu bildirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Hacıqabul rayonu, Kolanı kəndində yaşayır. X1 onun həmkəndlisidir. Ramiz ilə düşmənçiliyi və ədavəti olmamışdır. 17 mart 2025-ci il tarixdə saat Ramizin ona nisyə benzin verməmişdir. Buna görə 15 may 2025-ci il tarixdə yaşadığı evdə yemək yeyən zaman 400 qram spirtli içki “araq” içmişdir. Bundan sonra, saat 01 radələrində Ramizin ona yanacaq verməməsi məsələsi yadına düşüb onun işlədiyi mağazaya getmişdir. Oraya çatanda mağazanın qarşısında olan beli götürərək mağazanın şüşəsini sındırmış, mağazanın qarşısına yığılmış plastik qablarda olan yananacaq məhsullarını və digər ərzaq məhsullarını əlindəki bellə dağıtmışdır. Baş vermiş mübahisə zamanı aralarında sözlü mübahisə olmuş, həmin vaxt əlində bıçaq olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 16 may 2025-ci il tarixdə saat 02 radələrində Hacıqabul rayon Kolanı kəndində yaşayan Şəxs ona məxsus mağazanın pəncərəsini sındırmasını, mağazanın qarşısına yığılmış plastik qablarda olan benzin məhsulunu və digər ərzaq məhsullarını əlində olan bellə dağıtmasını, həmçinin onu və ailə üzvlərini söyüb təhqir etdiyini və bıçaqla hədələdiyini, Şəxs ona 700 manat maddi ziyan vurduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin gün barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əlində bıçaq olmuşdur. Sonuncunun onu və ailə üzvlərini söyüb təhqir etdiyini və bıçaqla hədələdiyini bildirmişdir. Əvvəla məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə az miqdarda ziyan vurduqda inzibati xəta hesab olunur və vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə növündə tənbeh tədbiri nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə görə isə, “az miqdar” ziyan dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəməyə təqdim edilmiş inzibati iş üzrə materiallar öyrənilərkən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində Hacıqabul rayonu Talış kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın şüşələrini qəsdən sınırıb, plastik qablarda olan benzin məhsullarını və digər ərzaq məhsullarını əlində olan bellə qəsdən dağıdaraq sonuncuya 700 manat maddi ziyan vurması qeyd edilsə də, törədilmiş əməl nəticəsində dəymiş ziyanın dəyəri qanunvericilikdə müəyyən edilmiş qaydada müəyyənləşdirilməmiş, yəni onun dəyərinin müəyyən edilməsi ilə bağlı ekspert rəyi və ya digər iş üzrə əhəmiyyət kəsb edə biləcək sənəd alınaraq iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, səlahiyyətli orqan tərəfindən Şəxs hərəkətlərində cinayət əməlinin tərkibini yaradan halların olub-olmaması ətraflı araşdırılmamış, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları iş materiallarına əlavə edilməmiş, həmçinin törədilməsi ehtimal edilən əməl baş verən zaman hadisə yerində şahidlərin olub-olmaması müəyyən edilməmiş, olduğu təqdirdə onları izahatları alınmamış və iş materiallarına əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasında xırda xuliqanlığın ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər olması qeyd edilmişdir. Lakin, hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə Hacıqabul rayonu Talış kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın şüşələrini qəsdən sındırmış, plastik qablarda olan benzin məhsullarını və digər ərzaq məhsullarını əlində olan bellə qəsdən dağıdaraq sonuncuya 700 manat maddi ziyan vurmuşdur. Eyni zamanda, hadisə baş verən vaxt Şəxs hazırda təyinatı müəyyən edilməyən bıçaq olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materialların prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməsinə dair qərar çıxarılır. Beləliklə, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından, Şəxs törətməsi qeyd olunan əməl nəticəsində vurmuş olduğu maddi ziyanın qiyməti dəqiqləşdirilmədiyindən, inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər ibtidai istintaq orqanına geri qaytarılmalıdır. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində 30 iyun 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə materiallarda əməl nəticəsində vurulmuş maddi ziyanın və barəsində iş üzrə icraat aparılan şəxsin əməllərində cinayət tərkibinin əlamətlərinin müəyyən edilməsi məqsədilə tərtib edilmiş protokollar Hacıqabul RPŞ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar