Məhkəmə qərarları › İş №3(071)-185/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-185/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-185/2024 09.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 333.2 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 333.2 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib edilərək Hacıqabul Rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə iclası zamanı toplanmış sənədlərdə natamamlıq aşkar edildiyi üçün geri qaytarılmışdır. Şəxs məhkəmənin inzibati binasından çıxdıqdan sonra ünvansız nalayiq ifadələr işlədərək həmin vaxt orada olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra o, Hacıqabul Rayon Polis şöbəsinə aparılmış və şöbənin inzibati binasında olarkən qanunsuz hərəkətlərinə davam edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 510, 333.2 və 535.1-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, heç bir yerdə işləmir. Anası xəstədir, qardaşı Rusiya Federasiyasında işləyir və ona pul göndərərək anasına baxır. xx.xx.2024-cü il tarixdə spirli içkinin təsiri altında avtomobil idarə etdiyi üçün Hacıqabul şəhəri ərazisində Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə barəsində toplanmış materiallar əmələ hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında toplanmış materiallarda natamamlıq aşkar edilmiş və buna görədə sənədlər Hacıqabul RPŞ-yə göndərilmişdir. Bundan sonra məhkəmənin inzibati binasından çıxdıqdan sonra özünün ünvanın xoşagəlməz ifadələr işlətmişdir. O, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmiş, lakin onların qanuni tələblərinə tabe olmamışdır. Əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişdir. Hazırda əməlindən peşmandır və etdiyi hərəkətə görə polis əməkdaşlarından üzür istəyir. İİ qrup əlil olmasını nəzərə alaraq, onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Mustafa Rüfət oğlu ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan videoçəkilişlərdən (TŞ) görünür ki, sürücü Şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan VAZ 21060 markalı avtomobil onu təqib edən yol patrul xidməti avtomobilinin inspektoru tərəfindən verilmiş saxla işarəsinə məhəl qoymadan dəfələrlə yol hərəkət qaydalarını pozmaqla, sağ-sol manevr hərəkətləri etməklə hərəkətini davam etdirmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:00-da tutulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs istifadəsində olan Vaz 21060 markalı avtomobili dövlət qeydiyyat nişanlı olmadan və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyinə görə yol patrul xidmətinin əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, lakin buna baxmayaraq o, polisin saxla işarəsinə məhəl qoymayaraq sağ-sol hərəkətləri etməklə manevr qaydalarını dəfələrlə kobud şəkildə pozmuş, avtomobili qəflətən sürətləndirməklə təkərlərin yolun səthi üzərində izlərin buraxılması və səslərin çıxarılması ilə müşayiət olunan hərəkətlər etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra isə ətrafdakı insanların diqqətini çəkəcək şəkildə ictimai yerdə polisin ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 333.2 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.2. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir”. Məhkəmə qeyd edir ki, Şəxs isnad edilən inzibati xətalara görə onların məcmusu qaydasında inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. “Elektron məhkəmə informasiya sistemindən çıxarışdan” görünür ki, Şəxs İİ qrup əlildir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara münasibətdə inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamaq şərtilə inzibati xətaların məcmusu qaydasında inzibati tənbeh olan nəqliyyat vəsitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 75 (yetmiş beş) manat, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat, İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat inzibati cərimə edilsin, inzibati xətaların məcmusu qaydasında Şəxs qəti olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 600 (altı yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar