Məhkəmə qərarları › İş №3(071)-2/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-2/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-2/2022 05.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru X2 iştirakı ilə, xx.xx.1979-cu ildə Quba rayon Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli, Quba rayon Qarxun kəndində qeydiyyatda olan və Hacıqabul rayonu Nəvahi kəndində yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 19.12.2021-ci il tarixdə Hacıqabul rayonu Nəvahi kəndi ərazisində tək lüləli, lülənin üzərində “6993” nömrə yazısı olan bir ədəd 16 kalibrli “İJ” zavodunda istehsal olunmuş ov silahını müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan əldə edib saxlamışdır. Hacıqabul RPŞ TB-nin baş təhqiqatçısı polis mayoru Zahid Salahov 27.12.2021-ci il tarixdə toplanmış HK-1/1258 nömrəli material üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tədbir görülməsi və Şəxs götürülmüş bir ədəd 16 kalibirli, “İJ zavodunun istehsalı olan” tək lüləli, üzərində “6993” nömrə yazısı olan sənədsiz ov silahının aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin X5 Baş İdarəsinə təhvil verilməsi üçün qərarın surəti Hacıqabul RPŞ İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru Rasim Hüseynov tərəfindən 30.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və qanuni tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi R.Hüseynov məhkəmə iclasında protokolu müdafiə etdi və Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və bildirdi ki, Quba rayon Qarxun kəndində qeydiyyatda olmaqla Hacıqabul rayonu Nəvahi kəndində yaşayır. Tək lüləli, lülənin üzərində “6993” nömrə yazısı olan bir ədəd 16 kalibrli “İJ” zavodunda istehsal olunmuş ov silahı, 17.03.1999-cu ildə vəfat etmiş atası X1 miras qalmışdır. Həmin silahın heç bir sənədi yoxdur. 19.12.2021-ci il tarixdə həmin silahı yaşadığı Nəvahi kəndində üzərində gəzdirən vaxtı polis əməkdaşları ona yaxınlaşıb silahın sənədlərini istəmişlər. Silahın heç bir sənədi olmadığı üçün onu Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun barəsində inzibati protokol tərtib edilmiş və silah ondan alınaraq saxlanca götürülmüşdür. O, törətdiyi əməldən peşmandır, polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkət olmayıb, ona təsir göstərilməyib və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs götürülmüş bir ədəd 16 kalibirli, “İJ zavodunun istehsalı olan” tək lüləli, üzərində “6993” nömrə yazısı olan sənədsiz ov silahı müsadirə edilməklə Şəxs inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ondan götürülmüş və hazırda maddi sübut kimi Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - bir ədəd 16 kalibirli, “İJ zavodunun istehsalı olan” tək lüləli, üzərində “6993” nömrə yazısı olan sənədsiz ov silahı müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilsin. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - bir ədəd 16 kalibirli, “İJ” zavodunun istehsalı olan tək lüləli, üzərində “6993” nömrə yazısı olan sənədsiz ov silahı Azərbaycan Respublikası DİNnin X5 Baş İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar