Məhkəmə qərarları › İş №3(071)-2/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-2/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-2/2024 07.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, X2 inzibati xəta haqqında iş üzrə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-ci il tarixli EQ 17824768 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi tərəfindən qoyulmuş VVC-MC800P Smart Radar tipli kameradan tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 17824768 nömrəli protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2023-ci il tarixli EQ 17824768 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini, ona əsassız yazılmış 300 manat inzibati cərimənin silinməsini, habelə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X3 lazımı qaydada məlumat verilsə də, o məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş. Bu səbəbdən məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı-Ələt-Qazax-Gürcüstan yolu 93 km də “SmartRadar” tərəfindən ona xx.xx.2023-cü ildə saat 15:05 radələrində Bakı-Ələt-Qazax Gürcüstan yolunun 93 km yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşmağa görə İXM-nın 328.1ci maddəsi ilə inzibati tənbeh vermə haqqında EQ 17824768 nömrəli protokol yazılaraq qərar qəbul edilmişdir. Sistemə əlavə olunmuş foto görüntülərə baxış keçirildikdə onun idarə etdiyi nəqliyyat vasitəsinin hansı istiqamətdə hərəkətdə olduğunu görmək mümkündür. Foto görüntülərdən həmin yolda hərəkət sürətini göstərən nişanın quraşdırılmasını müşahidə etmək mümkün olmamışdır. Odur ki, şikayətinin təmin edilməsini xahiş edir. Qərarından şikayət verilən DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli EQ 17824768 protokol əsasında toplanmış inzibati xəta haqqında materialı məhkəməyə göndərməmişdir. Məhkəmə DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştrakı olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, DİN Baş Dövlət Yol Polisi bölməsinin VVC-MC800P SmartRadar tipli kamerasından xx.xx.2023-cü il tarixli EQ17824768 saylı qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.6. Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 122.8. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Məhkəmə araşdırması zamanı Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ17824768 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş foto görüntülərə baxış keçirilmişdir. Baxış zamanı X2 “KİA CEED” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı-Ələt-Qazax Gürcüstan yolunun 93 km-də hərəkət edərkən həmin ərazidə sürət limitinin 90 km/saat olmasına baxmayaraq 105 km/saat sürətlə hərəkət edərək sürət həddinin aşması qeyd edilmişdir. Bununla da, məhkəmə inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2023-ci il tarixli EQ17824768 nömrəli elektron qərarda aradan qaldırılması mümkün olmayan ziddiyyətli halları müəyyən etmişdir. Belə ki, qeyd edilən elektron qərarla vətəndaş X1 Xətalar Məcəlləsinin 328.1-ci maddəsində qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin sanksiyasında 10 manat cərimə nəzərdə tutulur. Bununla da, məhkəmə inzibati tənbeh vermə haqqında elektron qərarın tərtib edilməsində aradan qaldırıla bilməyən ziddiyyətli halların olmasını müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin kollegiyasinın xx.xx.2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.8-ci bəndinə əsasən YPXA inspektoru xidməti vəzifəsinin icrası ilə bağlı ona təhkim olunmuş bort-kompüterlərin DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə giriş şifrəsinin məxfiliyini təmin etməlidir. Ona məxsus şifrə vasitəsi ilə mərkəzi informasiya sisteminə daxil olmaqla digər əməkdaşlar tərəfindən hər hansı bir əməliyyatın aparılmasına görə həmin əməkdaşla yanaşı bort-kompüterin təhkim olunduğu YPXA inspektoru da məsuliyyət daşıyır. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXMnin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Bu səbəbdən də iş üzrə inzibati xəta hadisəsinin olub-olmamsını araşdırılmalı, bununla da iş üzrə əhəmiyyət kəsb edən sübutun səlahiyyətli orqan tərəfindən toplanılması üçün, qərar ləğv edilməli və həmin inzibati xəta haqqında işə qeyd edilən sübutlar toplanılmaqla səlahiyyətli orqanda yenidən baxılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-ci il tarixli EQ17824768 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə DİN Baş Dövlət Yol Polisi İdarəsində yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar