Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-203/2024 18.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X4 məhkəməyə şikayət verərək, onun 1000 manat cərimə olunmağı barədə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Hacıqabul rayon Navahı qəsəbə Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 may 2024-cü il tarixli MN №1784603 saylı qərarı ilə təqsirli bilinərək 1000 manat cərimə olunmuşdur. Hesab edir ki, bərəsində verilmiş bu qərar qeyri-qanunidir və ləğv edilməlidir. Belə ki, 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 17 may 2024-cü il tarixdə Hacıqabul rayonu Navahı qəsəbəsinə gələrək bələdiyyə ərazisində yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsini bildirmişlər. O, həmin məlumatları hazırlamaq üçün onların təşkilatından nümayəndələrin gələrək manitorinq keçirəcəklərini gözlədiyini, özü yaşıllaqların müəyyən uçotunu apardığını, lakin təlimata uyğun olub-olmadığını bilməyi üçün göndərmədiyini bildirmişdir. 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları bələdiyyə ərazisində yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların surətini ondan götürüb getmişlər. Bundan sonra 03 avqust 2024-cü il tarixdə ona 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən məktub gəlmişdir. Həmin məktub 12 iyun 2024-cü il tarixdə göndərilsə də, ona qeyd etdiyi tarixdə çatmışdır. Bundan başqa ona 01 iyun 2024-cü il tarixində bildiriş və protokol olan məktub daxil olmuşdur. Həmin protokolda guya o, imza atmaqdan imtina etmişdir. Halbu ki, dediyi kimi onun heç bir şeydən xəbəri olmamışdır. Beləliklə də, protokol onun iştirakı ilə tərtib edilməmişdir. Məsələnin ədalətli şəkildə həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Səlahiyyətli orqan və şikayətçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.3-cü bəndinə əsasən istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən ayrı-ayrı inzibati ərazi vahidləri üzrə yaşıllıqların uçotunun nəticələri barədə hesabatlar təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında olan yaşıllıqlar aşağıdakı növlər üzrə tərtib edilir: 2.3.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); 2.3.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar) 2.3.3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, o cümlədən su mühafizə zonalarının və onların sahil mühafizə zolaqlarının altında olan torpaqlarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). Həmin Qaydaların 2.5-ci bəndinə əsasən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları aidiyyəti üzrə yaşıllıqların uçota alınmamasına, kəmiyyət və keyfiyyət göstəricilərinin tam və dürüst əks olunmamasına, onların növlərinin, yaşıllıq ərazilərinin və yaşıllıq barədə digər məlumatların təhrif edilməsinə və bu məlumatların Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən aparılan yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumat hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilir və uçot hesabatları ilə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının 2 may 2014-cü il tarixli “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun 8-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır: - yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək; - yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq; - mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu, kadastrını və monitorinqini aparmaq; - yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək; - müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq; - ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 135-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, Azərbaycan Respublikasını Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması haqqında Qaydalarda”, eləcə də, “Yaşıllıqların mühafizəsi haqqında” 2 may 2014-cü il tarixli Qanunda bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr tərəfindən yaşıllıqların uçotunun aparılması və nəticələri barədə hesabatların təqdim edilməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 rayonu Nəvahi qəsəbə bələdiyyəsinin sədri vəzifəsini icra edərkən Azərbaycan Respublikasını Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması haqqında” Qaydaların, eləcə də, “Yaşıllıqların mühafizəsi haqqında” 2 may 2014-cü il tarixli Qanununun tələblərini pozaraq bələdiyyə mülkiyyətindən olan torpaq sahələrində yaşıllıqların uçotunun aparmamış və nəticələri barədə hesabatları təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-203/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-203/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver