Məhkəmə qərarları › İş №3(071)-212/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-212/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-212/2023 12.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" QSC-də qatar konduktoru vəzifəsində işləyən, evli, Hacıqabul şəhəri. Axundov küçəsi ev 52-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30-da “VAZ 21074” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Hacıqabul şəhəri. İ.Qayıbov küçəsində işıq cihazlarından düzgün istifadə etmədiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılan zaman nəfəsindən spirtli içki qoxusu gəldiyindən həkim müayinəsinə təqdim olunmuş, onun avtomobili il ərzində təkrar sərxoş halda idarə etdiyi məlum olunmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində xidmət apararkən “VAZ 21074” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin işıq cihazlarından düzgün istifadə etmədiyini görüb, saxlama işarəsi vermiş, saxlanılan zaman sürücü Şəxs nəfəsindən spirtli içki qoxusu gəldiyindən onu həkim müayinəsinə təqdim etmiş və Şəxs avtomobili il ərzində təkrar olaraq sərxoş halda idarə etdiyi məlum olunmuşdur. Ona görə də onun barəsində İXM-in 329.3 və 333.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında işdən evə gedərkən 1 bakal pivə içmiş, daha sonra idarə etdiyi “VAZ 21074” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobil ilə evinə gedərkən İ.Qayıbov küçəsində YPX əməkdaşları tərəfindən saxlanılmış, həkim müayinəsindən keçirilmişdir. Bundan qabaq xx.xx.2023-cü il tarixdə də avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün ona YPX əməkdaşı tərəfindən protokol yazılmış və 400 manat cərimə olunmuşdur. Törətdiyi əməldən peşmandır və qərar qəbul edilərkən ailə vəziyyətinin nəzərə alınmasını xahiş etdi. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolunda göstərilir ki, xx.xx.1983-cü il təvəllüdlü Şəxs xx.xx.2023-cü il tarixdə həkim S.Mehtiyeva tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı Şəxs sərxoş olduğu və qanında alkoqolun konsentrasiyası (alkoqolun miqdarı) 0,4 promil olduğu müəyyən olunmuşdur. Şəxs həkim müayinəsinə Yol Patrul Xidməti inspektoru polis baş serjantı X3 təqdim etmişdir. Hacıqabul RPŞ-nin polis mayoru X2 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1, 329.3 və 342.5-ci maddələri ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs xx.xx.2023-cü il tarixdə alkoqoldan istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində nəqliyyat vasitəsini idarə etməsi öz təsdiqini tapır. Lakin, məhkəmə hesab edir ki, səlahiyyətli orqan onun həmin əməlini İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə düzgün tövsif etməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. İXMin 333.2-ci maddəsində isə həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə daha sərt tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Maddənin məzmunundan göründüyü kimi, şəxsin əməlində o halda İXM-nin 333.2-ci maddəsinin tərkibi yarana bilər ki, o, İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edildikdən sonra həmin qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən keçən bir il ərzində yenidən həmin əməli törətmiş olsun. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sadalanan normaların tələbləri onu deməyə əsas verir ki, şəxsin İXM-nin 333.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün onun daha əvvəl İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair qanunla müəyyən edilmiş qaydada qüvvəyə minmiş qərarın olması zəruridir. Yalnız həmin qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində şəxs tərəfindən həmin inzibati xətanın təkrar törədilməsi onun məsuliyyətinin ağırlaşmasına və onun üçün daha ağır məhrumiyyətlərlə nəticələnən tənbeh tətbiq edilməsinə səbəb ola bilər. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2022-ci il tarixli qərarında da həmin məsələyə münasibət bildirilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. İş materiallarından isə görünür ki, Şəxs bundan əvvəl xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilmiş, həmin qərar isə hazırda qanuni qüvvəyə minməmişdir (şikayət verilməyəcəyi halda həmin qərar xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minəcəkdir). Şəxs analoji inzibati xəta hadisəsini isə onun barəsində qəbul edilmiş əvvəlki inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə minmədən törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki material üzrə Kərim Maşayevə isnad edilən əməldə İXM-in 333.2-ci maddəsinin deyil, həmin Məcəllənin 333.1-ci maddəsinin tərkibi mövcuddur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Hazırkı vəziyyətdə İnzibatı Xətalar Məcəlləsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin daha ağır inzibati xətadan daha yüngül inzibati xətaya tövsif etmək məsələsini tənzim edən prosessual norma olmadığı üçün məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müvafiq məsələ cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 333.2-ci maddəsindən həmin Məcəllənin 333.1-ci maddəsinə tövsif edilməlidir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Ona görə də, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə baxışı zamanı inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi nəzərə alınmaqla, Şəxs barəsində yalnız nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə yanaşı, həmçinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar