Məhkəmə qərarları › İş №3(071)-216/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-216/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-216/2025 05.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 74 qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bayramov X1 Ramiz Əlisahib oğluna yaranmış 982 manat borcu ödəməmişdir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəməkdən imtina etmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək əlavə olaraq bildirdi ki, icra sənədi üzrə hazırda ödənilməli olan borcdan 212 manat ödənilmiş, tələbkara 960 manat borc qalmaqdadır. Borclu qalan məbləği hissə-hissə ödəyəcəyini vəd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, ümumi borcdan bu vaxta kimi 212 manat məbləğində ödəniş etmişdir. Hazırki borcu 960 manat təşkil edir. Borcunu ödəmək istəyir, lakin uzun müddətdir ki, işsizdir. Belə ki, hazırda fərdi əməklə məşğul olur. Günlük az miqdarda qazanc əldə edir. Həmin qazancı isə özünün və ailəsinin günlük zəruri ehtiyaclarının qarşılanması üçün sərf edir. Qalıq borcunuda hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, ümumi borcdan bu vaxta kimi 212 manat məbləğində ödəniş etmişdir. Hazırki borc 960 manat təşkil edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini deyil, borcunun tam şəkildə ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 2(071)-570/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 1143 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-570/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Lakin, həmin sənədin borclunun ünvanına göndərilməsinə və həmin vaxt ona rəsmi qaydada təqdim edilməsinə dair hər hansı sənəd materiala əlavə edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu dərhal icranı könüllü olaraq təmin etməli və barəsində məcburi icra tədbirləri görülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcundan maddi imkanının yol verdiyi həddə vaxtaşırı müəyyən məbləğlərdə ödənişlər etmiş, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra isə tələbkara müəyyən məbləğdə ödəniş etmişdir. Göründüyü kimi, borclu borclarını ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borclarını tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədlərində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar