Məhkəmə qərarları › İş №3(071)-219/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-219/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-219/2022 31.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X1, X6, protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin inspektoru polis mayoru X4 iştirakı ilə, xx.xx.1989-cu ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Hacıqabul şəhərində yerləşən “4 Çarx” avto yuma məntəqəsində yuyucu işləyən, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olan və Hacıqabul şəhəri İ.Qayıbov küçəsi bina 13 ev 25-də yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Hacıqabul RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 29.05.2022-ci il tarixdə saat 19:00 radələrində işlədiyi Hacıqabul şəhərində yerləşən “4 Çarx” avto yuma məntəqəsində yuyulmaq üçün ona verilmiş “Mercedes Benz” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edərək, həmin avto yuma məntəqəsində dayanacaqda dayanmış “Mercedes Benz” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq, inzibati xəta törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Avtomaşınlara maddi ziyan dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul RPŞ-nin DYPB-nin inspektoru polis mayoru X8 tərəfindən 29.05.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur və 31.05.2022-ci il tarixdə baxılması üçün məhkəməyə gətirilmişdir. Protokol tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin inspektoru polis mayoru X8 oğlu məhkəmə iclasında izahat verərək, Şəxs oğlunun barəsində tərtib etdiyi 29.05.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdi və qanuni tədbir görülməsini xahiş etdi. Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatdadır, hazırda ailəsi ilə birlikdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi bina 13 ev 25-də yaşayır. Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən “4 Çarx” avto yuma məntəqəsində işləyir. 29.05.2022-ci il tarixdə saat 19:00 radələrində işlədiyi “4 Çarx” avto yuma məntəqəsində yuyulmaq üçün ona verilmiş “Mercedes Benz” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edərək, həmin avto yuma məntəqəsində dayanacaqda dayanmış “Mercedes Benz” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşını vurmuşdur. Əməlindən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs X9 məhkəmə iclasında izahatında bildirdi ki, 29.05.2022-ci il tarixdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən “4 Çarx” avto yuma məntəqəsinə “Mercedes Benz” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomaşını yumaq üçün Şəxs vermiş, Şəxs sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə onun avtomaşını idarə edərək, məntəqədə digər yuyulmaq üçün verilmiş “Mercedes Benz” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, onun avtomaşınına 650 manat maddi ziyan dəymişdir. Həmin dəymiş ziyanı Şəxs tələb edir. Zərər çəkmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, 29.05.2022-ci il tarixdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən “4 Çarx” avto yuma məntəqəsinə “Mercedes Benz” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşını yumaq üçün vermişdir. Avtomaşını yuyulub qurtardıqdan sonra ayağı ağrıdığı üçün həmin məntəqədə işləyən X2 onun avtomaşını sürüb dayanacaqda saxlatmasını xahiş etmişdir. X5 onun avtomaşınını arxaya verərkən “4 Çarx” avto yuma məntəqəsində işləyən Şəxs tərəfindən ona yuyulmaq üçün verilmiş “Mercedes Benz” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edərək, onun avtomobilini vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, onun avtomaşınına 605 manat maddi ziyan dəymişdir. Həmin dəymiş ziyanı Şəxs tələb edir. Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsinə əsasən - bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 29.05.2022-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı, zərər çəkmiş şəxslərin izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq, inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 31.05.2022-ci il tarixdən saat 10:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs inzibati həbsin icrası yerinə çatdırılması Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar