Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-220/2025 08.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin XÜ baş inspektoru polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Kürdəmir rayonu Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin XÜ baş inspektoru polis kapitanı X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydalı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 izahatında göstərdi ki, Şəxs yol polisi əməkdaşının xidməti fəaliyyətlərinin icrasına maneçilik törətmiş, ucadan qışqırıb ünvansız söyüşlər söyüb səs-küy salmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, qanuni tələblərə tabe olmamışdır. Polis əməkdaşı Şəxs sakitləşdirərək intizama dəvət etsə də, o, qanunazidd əməllərinə son qaymamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, atasına məxsus olan “Ford Fushion” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2025-ci il tarixdə saat 05 radələrində anası Ofella Novruzova və qardaşı Sadıq Novruzovla birlikdə Bakı şəhərinə xəstəxanaya getmişdir. Onun avtomobili idarə etmək üçün etibarnaməsi olmasa da, avtomobili özü idarə etmişdir. Bakı şəhərindən təxminən saat 12 radələrində çıxmışdır. Qaradağ rayonu ərazisində yerləşə YPX-na məxsus stasionar posta çatmağa təxminən 15 km qalmış YPXB-nin avtomobili işıq və səs siqnalları vasitəsi ilə ona avtomobili saxlama əmri vermiş, lakin o, avtomobili saxlamamış və eyni sürətlə yoluna davam etmişdir. DYPB-nin əməkdaşları dəfələrlə səs gücləndirici vasitəsi ilə ona avtomobili saxlamağını bildirmişdir. Daha sonra DYPB-nin avtomobili onun yanına yaxınlaşmış, lakin o, avtomobili saxlamamışdır. Həmin vaxt avtomobildən Bakı şəhərində xəstəxanadan aldığı müvafiq sənədi göstərmiş, bundan sonra təxminən 300 metr hərəkət etmişdir, həmin vaxt arxada sərnişin qismində əyləşmiş qardaşı avtomobilin arxa sağ şüşəsindən əlini çıxardaraq əlqol hərəkətləri etmiş, daha sonra polis əməkdaşları sürətlərini azaldaraq geri qayıtmışdır. Daha sonra o, hərəkətə davam etmiş, bir müddət sonra Hacıqabul rayonu ərazisində yerləşən Navahi qəsəbəsində yerləşə stasionar posta çatmış və YPX-nin əməkdaşı tərəfindən avtomobilə saxla əmri verilmişdir. O, avtomobili saxlamış, polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etmişdir. Avtomobilin saxlanılması səbəbi ona izah edilmiş və müvafiq sənədlər tələb edilmişdir. Lakin o, müvafiq sənədləri təqdim etməmiş və sürücülük vəsiqəsinin mövcudluğunu elektron sistem vasitəsilə yoxlanılmasını istəmişdir. Bundan sonra polis əməkdaşları dəfələrlə avtomobili yolun hərəkət hissəsindən kənara çəkməsini istəmiş, lakin o, polis əməkdaşları ilə mübahisə başlamışdır. Polis əməkdaşlarına onlara mobil telefon vasitəsilə videoya çəkdiyini və həmin videoları Mehman Hüseynov kimi tanıdığı videoblogerə göndərəcəyini bildirmiş, daha sonra polis əməkdaşları avtomobili etibarnaməsiz idarə etdiyi üçün barəsində AR İXM-nin 327.3-cü maddəsi ilə müvafiq protokol tərtib etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsini qəsdən saxlamamasının səbəbi qardaşı Sadıq Novruzun xəstə olması, özünü yaxşı hiss etməməsi və vaxt itirmədən evinə getmək istəməsi olmuşdur. Nəqliyyat vasitəsini saxladığı zaman yol polisi əməkdaşları ondan sadəcə müvafiq sənədlərini istəmiş, həmin sənədlər olmadığından o, polis əməkdaşlarına təqdim etməmiş, sözlü mübahisə başlamışdır. Lakin o, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmiş, əvvəlvə saxla əmrinə tabe olmamış, sonradan nəqliyyat vasitəsini saxlamışdır. Sonda barəsində inzibati xəta haqqında icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs onun doğma qardaşıdır. Qardaşı atasına məxsus olan “Ford Fushion” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2025-ci il tarixdə saat 05 radələrində anası Ofella Novruzova ilə birlikdə Bakı şəhərinə xəstəxanaya getmişdir. Bakı şəhərindən qayıdarkən onun bədəninin müxtəlif nahiyələrində sancıları olmuşdur. Özünü narahat hiss etmiş, tam olaraq 3 gün ərzində özü üçün həkim axtarmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Qobustan qəsəbəsinin girişində qardaşı Şəxs YPX-nin əməkdaşı tərəfindən avtomobili saxlaması əmri verilmiş, lakin qardaşı nəqliyyat vasitəsini saxlamayaraq yoluna davam etmişdir. Avtomobil saxlanıldığı zaman isə yol polisi əməkdaşları onlara qarşı çox kobud rəftar göstərmiş, anası Ofella Novruzovanı döymək istəmişdirlər. Həmin vaxt avtomobildə ağrılarını kəsməsi üçün dərman perparatı olmamış, sadəcə özünü halsız hiss etmiş, sonradan sağlamlıq vəziyyəti düzəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ofella Novruzova izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs onun doğma oğludur. xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə Fərrux adlı həkimin qəbuluna oğlu Sadıq Novruzov üçün getmişdirlər. Həmin gün nəqliyyat vasitəsini digər oğlu Şəxs idarə etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Qobustan qəsəbəsinin girişində oğlu Şəxs YPX-nin əməkdaşı tərəfindən avtomobili saxlaması əmri verilmiş, lakin oğlu nəqliyyat vasitəsini saxlamayaraq yoluna davam etmişdir. Bir qədər getdikdən sonra onları Nəvahi qəsəbəsində yerləşən stasionar postda saxlamışlar və oğlu Səyyad Novruzdan müvafiq sənədləri təqdim etməsini istəmişlər. Lakin, oğlu həmin sənədləri verməmiş, YPX-nin əməkdaşları ilə mübahisə yaranmışdır. Oğlu Şəxs polis əməkdaşlarına qarşı qeyri-etik hərəkətlər etməmiş, onlara qarşı təhqiramiz ifadələr işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, halhazırda BDYPİ-nə bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti inspektoru işləyir, rütbəsi isə polis baş serjantıdır. xx.xx.2025-cü il tarixdə saat 14 radələrində YPXA-nın təsdiq etdiyi cədvəl üzrə Hacıqabul rayonu ərazisində yerləşən 720 saylı stasionar postda xidmətdə olan zaman BDYP-nin MİS-dən verilmiş saxlanılması vacib olan “Ford Fushion” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil süni tıxac yaradılmaqla 720 saylı Navahi stasionar postunda tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü ona təqdim etmiş, ona saxlanılması səbəbini və etdiyi əməlin qeyri-qanuni olmasını izah etmiş, daha sonra avtomobildən düşməsini və müvafiq sənədləri təqdim etməsini tələb etmişdir, lakin həmin şəxs qeyri-səmimilik edərək müvafiq sənədləri tələb etməkdən imtina edərək uca səslə danışmağa, ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamış, dəfələrlə həmin şəxsə etdiyi əməlin qeyri-qanuni olmasını izah etsə də, sonuncu sözlü mübahisəni davam etdirmiş, o, mobil telefon vasitəsi ilə onları videoya çəkdiyini, həmin videogörüntüləri Mehman Hüseynov adlı şəxsə və digər blogerlərə atacağı ilə onu hədələmişdir. Dəfələrlə həmin şəxsi sakitləşdirməyə çalışmış, ondan ictimai qayda və ictimai təhlükəsizliyi təmin etməsini, polis əməkdaşlarının qanuni tələbinə tabe olmasını tələb etmiş, lakin sürücü ona tutulan haqlı iradlardan heç bir nəticə çıxarmayaraq öz vəzifə borcunu yerinə yetirən polis əməkdaşı ilə sözlü mübahisəni davam etdirmiş, israrla müvafiq sənədlərini təqdim etməkdən imtina etmiş, polis əməkdaşlarının videosunu paylaşmaqla hədələmişdir. Təxminən 10-15 dəqiqə həmin şəxs hərəkətlərinə davam etmiş, daha sonra həmin şəxsin xx.xx.1990-cı il təvəllüdlü Kürdəmir rayonu Sığırlı kənd sakini Şəxs olmasını, həmin şəxsin “Ford Fusion” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyini müəyyən etmiş, ona barəsində İXMnin 327.3-cü maddəsi ilə müvafiq protokol tərtib edilməsi üçün 720 saylı Navahi postunun inzibati binasına dəvət etmişdir. Lakin həmin şəxs inzibati binada uca səslə danışmağa, ucadan ünvansız nalayiq ifadələr işlətməyə davam etmiş, inzibati binada xidmət aparan digər polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmuşdur. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs saxlanılmış və barəsində müvafiq protokol tərtib edilməsi üçün Hacıqabul RPŞ-yə gətirmiş və RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiqləmişdir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, həmçinin şahid ifadələri arasındakı ziddiyyətlərin aydınlaşdırılması məqsədilə inzibati xəta haqqında materiala əlavə edilmiş 01 ədəd CD diskdəki BDYPİ-nin YPXA-nin 7-ci tağımının YPX inspektoru polis baş serjantı Ruslan Muğumovun yaxa kamerası vasitəsi ilə qeydə alınmış videogörüntü məhkəmə iclasında tərəflərin iştirakı ilə nümayiş etdirilmişdir. Həmin videogörüntülərdən məlum olur ki, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1990-cı il təvəllüdlü Şəxs Bakı Qazax-Gürcüstan magistralının 55-ci kilometrində xidmət aparan **-YP-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı patrul avtomobilinin saxla işarəsinə tabe olmamış, eyni zamanda 720 saylı stasionar postda ictimai qaydaları pozmuş, polis əməkdaşları ilə sözlü mübahisə yaratmış, uca səslə danışaraq ictimai qaydaları pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, polis əməkdaşları dəfələrlə onlara irad bildirsələr də, tutulan iraddan heç bir nəticə çıxarmamış, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, polis əməkdaşlarına “sizin videonuzu çəkərək Mehman Hüseynov adlı videoblogerə göndərəcəm” deyərək müəyyən epizaodlarda polis əməkdaşlarının xidməti fəaliyyətinə maneçilik yaratmışdır. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 14:00-da tutulmuşdur. “İnzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs hüquqlarının müdafiəçisi X3 və digərləri tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən etiraz etmişdir. xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:50-də “Ford Fushion” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi, şahid ifadələri, videogörüntülər, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs polis əməkdaşları tərəfindən tutularkən eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-220/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-220/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver