Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-223/2022 03.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımının YPX inspektoru polis baş serjantı X2 iştirakı ilə, xx.xx.1992-ci ildə Göygül rayonu Dozular kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, rəsmi işləməyən, 11.06.2021-ci il tarixdə İXM-in 334.1-ci maddəsi ilə inzibati tənbeh verilmiş, Göygöl rayonu Dozular kəndində daimi qeydiyyatda olmaqla yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımı tərəfindən tərtib edilmiş 31.05.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 31.05.2021ci il tarixdə saat 11:00 radələrində sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etdiyi “VAZ 21099” markalı ** BM *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Bakı-Qazax- Gürcüstan yolunun 99 km-də yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yolun sağ hərəkət zolağı boş olduğu halda lüzumsuz olaraq yolun sol hərəkət hissəsi ilə hərəkət edərkən və sürücünün yanında əyləşmiş sərnişin X6 təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə YPX əməkdaşı tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman nəfəsindən spirtli içki qoxusu gəldiyindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün alkotester vasitəsilə yoxlanılmış və Şəxs qanında alkoqolun konsentrasiyasının 0,43 promilli olması müəyyən edilmişdir, həmçinin həkim müayinəsindən keçirilmiş və qanında alkoqolun konsentrasiyasının 0,5 promilli olması müəyyən edilmişdir. Yəni, əvvəllər xətanın inzibati tənbeh almış Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən avtomobili sürücülük hüququ olmadan sərxoş halda idarə etdiyi məlum olunmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımının YPX inspektoru polis baş serjantı X4 tərəfindən 31.05.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və 03.06.2022-ci il tarixli məktubla protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Material 03.06.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş 31.05.2022-ci il tarixli 489 nömrəli aktda göstərilir ki, xx.xx.1992-ci il təvəllüdlü Şəxs 31.05.2022-ci il tarixdə həkim M.Əsgərov tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı Şəxs ağzından spirt iyi gəlir və sərxoşdur. Qanında olan alkoqolun miqdarı 0,5 promillidir. 31.05.2022-ci il tarixli Alkovizor-AZ817 nömrəli xüsusi texniki vasitə ilə Şəxs 31.05.2022-ci il tarixdə müayinədən keçirilmişdir, alkoqolun miqdarı 0,43 promilli olması müəyyən edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımının YPX inspektoru polis baş serjantı X4 məhkəmə iclasında protokolu müdafiə etdi və izahat verərək göstərdi ki, 31.05.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nın 7-ci tağımının 720 nömrəli YPX postunda xidmətdə olarkən “VAZ 21099” markalı ** BM *** dövlət nömrə nişanlı avtomobilin yolun sağ hərəkət zolağı boş olduğu halda lüzumsuz olaraq yolun sol hərəkət hissəsi ilə hərəkət etdiyinə və sürücünün yanında əyləşmiş sərnişin təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə o, avtomobili saxlatmış və sürücünün sənədlərini yoxlayan zaman müəyyən etmişdir ki, Şəxs sürücülük hüququ olmadan etibarnamə əsasında “VAZ 21099” markalı ** BM *** dövlət nömrə nişanlı avtomobili idarə edir. Həmçinin Şəxs nəfəsindən spirtli içki qoxusu gəldiyindən, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün alkotester vasitəsilə onu yoxlamış və Şəxs qanında alkoqolun konsentrasiyasının 0,43 promilli olması müəyyən edilmişdir. Həmçinin həkim müayinəsindən keçirmiş və qanında alkoqolun konsentrasiyasının 0,5 promilli olması müəyyən edilmişdir. Daha sonra elektron sistemdən yoxlama zamanı Şəxs 11.06.2021-ci il tarixdə İXM-in 334.1-ci maddəsi ilə inzibati tənbeh verildiyi müəyyən edilmişdir. Bu səbəbdən onun barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib etmişdir. Odur ki, qanuni tədbir görülməsini xahiş edir. Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, Göygöl rayonu Dozular kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Sürücülük hüququ yoxdur. Anasına məxsus olan “VAZ 21099” markalı ** BM *** dövlət nömrə nişanlı avtomobili etirbarnamə əsasında idarə etməklə Bakı-Gəncə arasında sərnişin daşımaqla qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olur. Əvvəldən tanıdığı tanışı X6 30.05.2022-ci il tarixdə onunla telefon əlaqəsi saxlayaraq Bakı şəhərində olduğunu bildirmiş və 31.05.2022-ci il tarixdə onu Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsindən götürməsini və Gəncə şəhərinə aparmasını xahiş etmişdir. Gediş haqqı kimi Eloğlu ona 20 manat ödəməli idi. 30.05.2022-ci il tarixdə axşam vaxtı spirtli içki qəbul etmişdir. 31 may 2022-ci il tarixdə yolda X5 “Lökbatan” dairəsindən götürmüş və Gəncə şəhərinə apararkən Hacıqabul rayon ərazisində yerləşən “Nəvahi” postunda YPX əməkdaşı tərəfindən saxlanılmış, sənədləri yoxlama zamanı nəfəsindən spirt qoxusu gəldiyindən onu posta dəvət edırək avtomaşını sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi üçün barəsində inzibati protokol tərtib olunmuşdur. Onun sərxoşluq vəziyyətini müəyyən etmək üçün alkotester vasitəsilə yoxlamışlar və sərxoş olduğu müəyyən edilmişdir. Daha sonra həkim müayinəsindən keçirilmiş və sərxoş olduğu müəyyən edilmişdir. Avtomobilində olan sərnişin X3 üzərindən narkotik maddə aşkar edildiyinə görə, polis tərəfindən tutulmuşdur. X1 üzərində narkotik maddə olmasından məlumatı olmamışdır. O, 11.06.2021-ci il tarixdə İXM-in 334.1-ci maddəsi ilə inzibati tənbeh verilsə də, ailəsinin maddi ehtiyacını ödəmək üçün məcbur olub yenidən sürücülük vəsiqəsi olmadan avtomobili idarə etmişdir. Əməlindən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsinə əsasən - bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Gəncə şəhər BPİ DYPŞ-nin 11.06.2021-ci il tarixli İXP ******* nömrəli protokolundan müəyyən edilir ki, Şəxs 11.06.2021-ci il tarixdə İXM-in 334.1-ci maddəsi ilə inzibati tənbeh verilmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 31.05.2022-ci il tarixli inzibati xəta haqqında protokol, sərxoşluğun müəyyən edilməsinə dair alkotestr və həkim müayinə aktı, özünün məhkəməyə verdiyi etirafedici izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq, inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 03.06.2022-ci il tarixdən saat 11:20-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs inzibati həbsin icrası yerinə çatdırılması Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-223/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-223/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver