Məhkəmə qərarları › İş №3(071)-23/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-23/2022

04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-23/2022 04.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1nun iştirakı ilə, xx.xx.1981-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Hacıqabul şəhəri M.F.Axundov küçəsi ev 74-də qeydiyyatda olmaqla yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin 04.02.2022-ci il tarixli məktubu ilə borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru R.Məmmədov tərəfindən tərtib edilmiş 04.02.2022-ci il tarixli MN * * * * * * * nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli 2(071)-570/2020 nömrəli icra sənədinə əsasən borclu Şəxs 1.143 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X1na verilməlidir. Şəxs icra sənədini icra etməyərək, icra sənədini icra etməkdən üzürlü səbəb olmadan boyun qaçırmışdır. Şəxs 16.11.2020-ci il tarixli icra sənədi üzrə X1na olan 1.173 manat borcunu ödəməmişdir. Bu səbəbdən, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Hacıqabul rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli icra sənədi üzrə borcun könüllü icrası ilə bağlı və icra sənədi icra edilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti barədə borclu Şəxs xəbərdarlıq edilmişdir. Borcunun ödənilməsi ilə bağlı dəfələrlə borcluya xəbərdarlıq olunsa da, o, borcu ödəməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Borclu borcunu ödəməkdən imtina edir. Tələbkar isə şikayət edərək borcun ödənilməsini tələb edir. Bu səbəbdən borclu Şəxs barəsində 04.02.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, lakin hazırda maddi cəhətdən çətinlik çəkir bu səbəbdən borcu ödəyə bilmir və işə düzələn kimi hər ay borcundan 50-100 manat ödəyəcək. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. X1 məhkəmə iclasında izahatında bildirdi ki, Hacıqabul rayon Məhkəməsinin 16.11.2020ci il tarixli icra sənədi üzrə borclu Şəxs ona ödəməli olduğu 1.173 manat borcu qəsdən ödəmir. Bu səbəbdən borclunun bərəsində qanuni tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hacıqabul rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli 2(071)-570/2020 nömrəli icra sənədindən müəyyən edilir ki, borclu Şəxs X1na ödəməli olduğu 1.173 manat borcundan heç bir ödəniş etməmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin, özünün və tələbkarın izahatları, icra işinin materialları ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, yaşını nəzərə alaraq, inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 04.02.2022-ci il tarixdən saat 16:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxs inzibati həbsin icrası yerinə çatdırılması Hacıqabul rayon Polis Şöbəsinə və Hacıqabul rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar