Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-230/2024 23.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Protokolu tərtib edən 3 saylı RETSİ-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümyəndəsi X2 iştirakı ilə, ECOFOOD MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən hüquqi şəxs kimi Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xatə haqqında iş üzrə icraatın başlanılması haqqında qərar daxil olmuşdur. Həmin Qərarın qəbul edilməsinə səbəb kimi, Şəxs MMC-nin təsərrüfat müdiri X3 tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin tələblərinin pozulması, xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu Atbulaq kəndində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus istixanada formalaşan tullantı sularının ətraf mühitə axıdılması qeyd edilmişdir. Bununla əlaqədar X3 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında 3 saylı RETSİ-nin nümayəndəsi X4 ifadı verərək bildirdi ki, Şəxs MMC-nin təsərrüfat müdiri X3 tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin tələblərinin pozulması, xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu Atbulaq kəndində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus istixanada formalaşan tullantı sularının ətraf mühitə axıdılması ilə əlaqədar o, vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində inzibati cərimə tətbiq edilmişdir. Lakin, sonradan Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən hüquqi şəxs kimi Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən qəbul edilmiş qərarla razı deyil, hesab edir ki, həmin qərar qanuni əsaslar olmadan qəbul edilmişdir. Belə ki, Şəxs MMC-yə məxsus Hacıqabul rayonu Atbulaq kəndində fəaliyyət göstərən istixanada formalaşan tullantı sularının ətraf mühitə axıdılması faktı ilə əlaqədar həmin vaxt təsərrüfat müdiri vəzifəsini icra etmiş və şirkətin ekologiya üzrə məsul şəxsi olmuş X3 vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati cərimə tətbiq edilmişdir. Həmin hadisə birbaşa R.Məmmədovun səhlənkarlığı nəticəsində baş vermişdir. Şəxs MMC-nin rəhbəliyi tərəfindən tullantı sularının kənara axıdılması barədə R.Məmmədova heç bir göstəriş verilməmişdir. Odur ki, Şəxs MMC-nin hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsini əsassız hesab edir. Məhkəmə iclasında X3 ifadə verərək bildirdi ki, o, əvvəllər Şəxs MMC-də təsərrüfat müdiri vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu Atbulaq kəndində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus istixanada formalaşan tullantı sularının ətraf mühitə axıtmış və bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati cərimə tətbiq edilmişdir. Tullantı sularının ərtaf mühitə axıdılması ilə əlaqədar bildirmişdir ki, həmin vaxt istixanada formalaşan tullantı sularının ətraf mühitə deyil müəyyən olunmuş əraziyə axıdılması üçün mövcud olan boruların içərisi tutulduğu üçün onlar istifadəyə yararsız olmuş və bu səbəbdən tullantı sularını ətraf mühitə axıtmışdır. 3 saylı RETSİ-nin əməkdaşları tərəfindən tullantı sularının kənara axıdılması aşkar edildikdən sonra şirkət tərəfindən boruların içərisinin təmizlənməsi və yeni boruların quraşdırılması həyata keçirilmişdir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli Qərarına əsasən bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, X3 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı hüquqi şəxs Şəxs MMC-nin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 18.5-ci maddəsinə əsasən Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta hüquqi şəxs Şəxs MMC-nə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-230/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-230/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver