Məhkəmə qərarları › İş №3(071)-235/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-235/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-235/2024 27.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, X1 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 122-də qeydiyyatda olan və yaşayan X1 xx.xx.2024-cü il tarixli EQ/20346371 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin əməkdaşı polis polkovnik – leytenantı Elçin Xasıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ/20346371 nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında izahatında bildirdi ki, onun qanuni əsaslar olmadan cərimə olunmuşdur. O, bununla əlaqədar Hacıqabul rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı ilə xx.xx.2024-cü il tarixli EQ/20346371 nömrəli qərar ləğv edilərək qetd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-nin BDYPİ-nə göndərilmişdir. Bundan sonra DİN-nin BDYPİ-si tərəfindən heç bir araşdırma aparılmadan yenidən inzibati məsuliyyətə cəlb edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin əməkdaşı polis polkovnik – leytenantı Elçin Xasıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ/20346371 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilən səlahiyyətli orqana məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.6. Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 122.8. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. İş materiallarında olan Hacıqabul rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 barəsində Azərbaycan Respublikasının DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 20346371 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün DİN-nin BDYPİ-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin səlahiyyətli şəxsi tərəfindən elektron qaydada qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ/20346371 nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilir ki, X2 idarə etdiyi “Hyundai İ30” minik markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozmuşdur. Bu barədə X1 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixdə qərar qəbul edilməklə 80 manat cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, X2 idarə etdiyi “Hyundai İ30” minik markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydasını pozaraq hərəkətini davam etdirməsi hər hansı şəkildə öz sübutunu tapmır. Belə ki, inzibati xətanın videogörüntüsü müvafiq icra hakimiyyəti orqanı tərəfindən elektron sistemə yüklənməmiş, yalnız şikayətçinin məhkəməyə təqdim etdiyi fotoşəkillər yüklənmişdir. Həmin fotoşəkillərdə X1 əks istiqamətli hərəkət zolağına keçən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və digər xüsusi əlamətləri görünmür. “Hyundai İ30” minik markalı ** XH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qırıq-qırıq xətt olan yol ayrıcını keçməsi görünür. Bundan başqa xətanın videogörüntüsü səlahiyyətli orqan tərəfindən yüklənməmiş, yalnız fotoşəkillər yüklənmişdir. Belə olan halda fotoşəkillər əsasında xətanın mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamış, videogörüntü səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilmiş hallarla əlaqədar, məhkəmə inzibati xəta hadisəsinin olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 109.2, 53, 114, 135.1.5-1 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati xəta hadisəsi müəyyən edilmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinin tələblərinə əsasən EQ/20346371 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləvğ edilərək X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar