Məhkəmə qərarları › İş №3(071)-24/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-24/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-24/2022 09.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru X1 iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, sürücü işləyən, Bakı şəhəri Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi dalan 15 ev 9-da qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru Sabir Məhərrəmov tərəfindən tərtib edilmiş 09.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 09.02.2022-ci il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi X3 məhkəmə iclasında protokolu müdafiə etdi və Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmədi və izahatında bildirdi ki, o, avtomobil ehtiyyat hissələri satışı şirkətində sürücü işləyir. İdarə etdiyi “Ford” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobillərin şüşələrini Hacıqabul, Şirvan və Sabirabad rayonlarında yerləşən dükanlara daşıyır. O, 09.02.2022-ci il tarixdə iş yoldaşı X5 ilə birlikdə idarə etdiyi “Ford” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Hacıqabul şəhərinə gəlmişdir. Hacıqabul şəhəri ərazisində Hacıqabul RPŞ DYP əməkdaşları onun avtomobilini saxlamış və ona tibbi maskadan istifadə etmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirdi və ondan şəxsiyyət vəsiqəsini tələb etdi. O, DYP əməkdaşına sürücülük vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini və etibarnaməni təqdim etmiş, şəxsiyyət vəsiqəsinin üstündə olmadığı bildirmişdir. Elektron portaldan yoxlamasını xahiş etmişdir. DYP əməkdaşı İntiqam Quliyev bort kompüter vasitəsilə onun şəxsiyyətini müəyyən etmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, onu 100 manat cərimə etmişdir. Bundan sonra ona yoluna davam etməsini bildirmişdir. O, avtomobilini işə salaraq hərəkətə başlamış və cərimə yazıldığına görə əsəbi olduğu üçün avtomobilin içərisində “haram xoşunuz olsun” deyərək öz-özünə deyinmişdir. Onun bu sözünü kənarda dayanan polis əməkdaşı eşitmiş, yenidən polis onun arxasınca gələrək, avtomaşını saxlatdırmışdır. O, avtomobili saxlamışdır. Polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir. O, bildirmişdir ki, bayaq cərimsə yazılarkən şəxsiyyəti müəyyən edilib, şəxsiyyət vəsiqəsi üstündə deyildir. Bundan sonra polis əməkdaşı ona bildirdi ki, PPX avtomobili çağıracaq və onu şöbəyə aparacaqdır. O, polis əməkdaşına qarşı hər hansı bir qanunsuz hərəkət etməmiş və heç kimi təhqir etmək niyyəti olmamışdır. Əsəbi olduğuna görə öz avtomobilinin içərisində öz-özünə deyinmişdir. Buna baxmayaraq onu avtomobilindən çıxararaq Hacıqabul rayon Polis Şöbəsinə aparmışlar. Saat 12:00-da hazırkı vaxta kimi polis şöbəsində saxlamışlar. O, polis əməkdaşının saxla əmrinə tabe olmuş və ona cərimə yazılmışdır. Bundan başqa hər hansı bir qanunsuz hərəkət etməmişdir. Hacıqabul RPŞ-də yenidən onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişlər. Həm DYP əməkdaşları, həmdə PPX əməkdaşları onu saxlayarkən, o polisin tələblərinə tabe olmuşdur, onlara qarşı heç bir hörmətsizlik etməmişdir. Bu səbəbdən barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Hacıqabul rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru polis baş serjantı X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, 09.02.2022-ci il tarixdə tibbi maskalardan istifadə etməyən sürücüləri saxlayaraq inzibati cərimə yazmışlar. Onlardan biri də “Ford” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs olmuşdur. Belə ki, o, 09.02.2022-ci il tarixdə saat 12:01-də Şəxs tibbi maskadan istifadə etmədtiyinə görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə İXP4443414 nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və ona 100 manat cərimə yazmaqla bort kompüterə yerləşdirmişdir. Şəxs sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsivə etibarnaməsi olsa da, sürücü şəxsiyyət vəsiqəsinin üstündə olmadığı bildirmişdir. Bu səbəbdən o, bort kompüter vasitəsilə Şəxs şəxsiyyətini müəyyən etmiş və ona 100 manat cərimə yazmışdır. Bundan sonra sürücüyə yoluna davam etməsini bildirmişdir. Sürücü avtomobili işə salaraq hərəkətə başlamış və cərimə yazıldığına görə əsəbi halda avtomobilinin içərisində “haram xoşunuz olsun” deyərək öz-özünə deyinmişdir. Bu səbəbdən digər polis əməkdaşı saxlamışdır. Bundan sonra PPX maşını çağıraraq sürücünü Hacıqabul RPŞ-yə aparmış və raport yazmışlar. Sürücünün onların ünvanına “haram xoşunuz olsun” ifadəsini polisin qanuni tələbinə tabe olmaması kimi qiymətləndirmişlər. Məhkəmə polis əməkdaşlarının, barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığına və inzibati xəta hadisəsi olmadığına görə onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Çünki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hacıqabul rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru polis baş serjantı X2 09.02.2022-ci il tarixdə saat 12:01-də tibbi maskadan istifadə etməyən “Ford” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə İXP4443414 nömrəli inzibati xəta haqqında protokol tərtib etdikdən və ona 100 manat cərimə yazdıqdan sonra, Şəxs avtomobili işə salaraq hərəkətə başladıqdan sonra, cərimə yazıldığına görə əsəbi halda öz avtomobilinin içərisində “haram xoşunuz olsun” deyərək öz-özünə deyinməsi barədə hərəkəti polisin qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz və onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyə cəlb edilməsi üçün əsas deyildir. Həmçinin DYPB-nin əməkdaşları sürücü Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən patrul avtomobilində quraşdırılmış videokamera və patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməklə qeydə alınmış aidio-video görüntüləri özündə əks etdirən mötəbər yazılı sübutlar (DVD, SD diskdə) məhkəməyə təqdim edilməmişdir. Halbu ki, Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyinin kollegiyasinın 12.05.2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.7-ci bəndinə əsasən YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Məhkəmə qeyd edir ki, heç bir mötəbər sübut olmadan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsinin gəldiyi nəticə əsassız və qanunsuzdur. Çünki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur, həmçinin inzibati xəta hadisəsi yoxdur. Bu səbəbdən onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru Sabir Məhərrəmov tərəfindən tərtib edilmiş 09.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar