Məhkəmə qərarları › İş №3(071)-242/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-242/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-242/2023 01.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, «Muğan» firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: Muğan» firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisindən keçən hissəsində Muğan firmasına məxsus yolun sağ və sol tərəfində fəaliyyət göstərən Muğan ticarət mərkəzi və restoranın arxa hissəsində məişət tullantılarının qalaqlanması və yandırılması, malların emalı yerləri müəyyənləşdirilməməsi halı aşkar olunmuşdur. Bununla da Muğan firması tərəfindən Azərbaycan Respublikası İXM-in 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə qısa müddət ərzində baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 101-ci maddəsinin məzmununa görə isə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə araşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə protokol 102.5-ci maddədə göstərilən müddətlərdə tərtib edilir. Qeyd olunan normalardan göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən əvvəl, icraatın başlanmasının səbəb və əsaslar müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalı, həmçinin icraata başlamaq haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir. Eyni zamanda qanunvericilik imkan verir ki, əgər hüquqi şəxs tərəfindən müvafiq inzibati xətanın törədilməsi faktı aşkar edildikdə onun barəsində əlavə araşdırılması zərurəti yarandıqda inzibati xəta haqqında icraatın başlanması haqqında protokol dərhal deyil, iki gün müddətində tərtib edilə bilər. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul edildiyi halda isə, İXM-nin 102.5-ci maddəsində nəzərdə tutulan inzibati araşdırmanın aparılması müddəti başa çatdıqdan sonra inzibati xəta haqqında protokol tərtib edilməlidir. Lakin, hazırki işin hallarından müəyyən edilir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulmasına dair fakt xx.xx.2023-cü il tarixdə aşkar edilməsinə və bu barədə akt tərtib edilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddət ərzində tərtib edilməmiş, materiala inzibati xəta haqqında icraatın başlanması və inzibati araşdırmanın aparılması barədə qərar qəbul edilməsinə dair müvafiq sənədlər əlavə edilməmişdir. Bundan başqa, protokolu tərtib etmiş səlahiyyətli orqan “Muğan firması” tərəfindən qanunvericiliklə müəyyən edilmiş sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulmasını qeyd edərək, bu məsələyə görə “Muğan firması”nı inzibati məsuliyyətə cəlb etsə də, inzibati xəta haqqında icraatın başlanmasının səbəbləri, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən məlumatların necə əldə edilməsi, eləcə də materiala əlavə edilmiş fotoşəkillərdə qeyd edilən ərazilərin ətrafında olan obyektlərin həqiqətən də “Muğan firması”na məxsus olması və həmin pozutunun məhz hüquqi əməkdaşları tərəfindən törədilməsini təsdiq edən sübutlar protokola əlavə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan belə aydın olur ki, inzibati araşdırma zamanı hüquqi şəxsin qanunla müəyyən edilmiş nümayəndəsinə bu barədə məlumat verilmiş, buna baxmayaraq hüquqi şəxsin nümayəndəsi şöbəyə gəlməmişdir. Lakin, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən protokol tərtib edilməzdən əvvəl hüquqi şəxsə həqiqətən bu barədə məlumat verilməsini, yəni bu barədə bildirişin həqiqətən hüquqi şəxsin ünvanına göndərilməsini və ona çatdırılmasını təsdiq edən hər hansı mötəbər sənəd (məktubların reyestri, xəbərnamə və s.) iş materiallarına əlavə edilməmişdir. İşin bu halı isə hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun nümayəndəsinin iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək (İXM-nin 100.1.7-ci maddəsi), işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır (İXM-nin 61-ci maddəsi). Məhkəmə hesab edir ki, hazırki halda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «Muğan» firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar