Məhkəmə qərarları › İş №3(071)-246/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-246/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-246/2022 13.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Rasim Hüseynovun iştirakı ilə, xx.xx.1995-ci ildə Salyan rayonu Qızılburun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Hacıqabul rayonu Qızılburun kəndində daimi qeydiyyatda olmaqla yaşayan - Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs oğlu 05.05.2022-ci il tarixdə saat 22:00-22:30 radələrində yaşadığı Hacıqabul rayon Qızılburun kəndində aralarında yaranmış nünaqişə zamanı qonşusu Zərərçəkmiş şəxs yumruqla vuraraq, sonuncunun qəsdən sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə, döymüşdür. Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis mayoru Heybətov Mübaşir Mikayıl oğlu 15.05.2022ci il tarixdə toplanmış HK-1/429, 430, 431, 433 nömrəli materiallar üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə qiymətləndirilmiş və barəsində inzibati icraat açılması üçün qərarın surəti Hacıqabul RPŞ İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi Rasim Hüseynov tərəfindən Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis mayoru Heybətov Mübaşir Mikayıl oğlunun HK-1/429, 430, 431, 433 nömrəli materiallar üzrə qəbul etdiyi 15.05.2022-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərara əsasən 13.06.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 13.06.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Rasim Hüseynov tərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə etdi və Şəxs oğlunun barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında izahatında bildirdi ki, o, Hacıqabul rayonu Qızılburun kəndində yaşayır. Zərərçəkmiş şəxs ilə qonşudurlar. 05.05.2022-ci il tarixdə Zərərçəkmiş şəxs onlara gələrək, heyvanlarının onun hasarını qırmasını bəhanə edərək, onu söymüş və onunla dalaşmışdır. Onlar biri-birinə xəsarət yetirmişlər. Hazırda barışmamışlar və barışmaq niyyəti yoxdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, o, Hacıqabul rayonu Qızılburun kəndində yaşayır. Şəxs ilə qonşudurlar. 05.05.2022-ci il tarixdə axşam saatlarında heyvanlarının onun bağına girməsini Şəxs irad bildirirərk, onunla mübahisə etmiş, onun ünvanına söyüş söymüşdür. Bu səbəbdən aralarında dava düşmüşdür. Dava zamanı onlar biribirinə xəsarət yetirmişlər. Hazırda barışmamışdır, Elnun Qarayevin cəzalanmasını istəyir. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin 10.05.2022-ci il tarixli 90 nömrəli ekspert rəyinə əsasən Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarəti - boyun nahiyyəsinin arxa səthinin qançırı, sol dirsək oynağının arxa səthinin sıyrığı, sağ əlin 4-cü barmağının 1-ci flanqası üzərində sıyrıq (cızıq), sol baldırın yan səthinin qançırı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə, müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (ekspertizanın aparılması 06.05.2022-10.05.2022-ci ilə kimi olmuşdur). Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin 10.05.2022-ci il tarixli 88 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarət - sağ dirsək oynağının arxa səthinin sıyrığı, sağ sağrı nahiyyəsinin yuxarı kvadratının qançırı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə, müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (ekspertizanın aparılması 06.05.2022-10.05.2022-ci ilə kimi olmuşdur). Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin, zərər çəkmiş şəxslərin izahatları, ekspert rəyi, cinayət işinin başlanması rədd edilməsi haqqında qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq, inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 13.06.2022-ci il tarixdən saat 13:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs oğlunun inzibati həbsin icrası yerinə çatdırılması Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar