Məhkəmə qərarları › İş №3(071)-246/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-246/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-246/2025 23.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Protokol tərtib etmiş Hacıqabul rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X11 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Sabirabad rayonu Kolanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Hacıqabul rayonu, Kolanı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş protokol və ona əlavə edilmiş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X17 tərəfindən tərtib olunmuş 12 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Hacıqabul rayonu Talış kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus əmlakı qəsdən yararsız hala salaraq sonuncuya ümumilikdə 713 manat maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X17 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Hacıqabul rayon Kolanı kənd sakini Şəxs Zərərçəkmiş şəxs məxsus mağazanın pəncərəsini sındırmış, mağazanın qarşısına yığılmış plastik qablarda olan benzin məhsulunu və digər ərzaq məhsullarını əlində olan bellə dağıtmış, nəticədə, Zərərçəkmiş şəxs 713 manat məbləğində maddi ziyan vurmuşdur. Vurulmuş ziyanın məbləği isə mütəxəssis aktı ilə təsdiq edilir. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarla Şəxs əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində bundan əvvəl də hazırki törətdiyi əmələ görə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan, eyni zamanda şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması məqsədilə məhkəmə qərardadı əsasında geri qaytarılmışdır. Hazırda qeyd olunan nöqsanlar aradan qaldırılmış və yenidən baxılması üçün protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Hazırda maddi ziyan dəymiş obyektin kimə məxsus olması ilə bağlı sübutu yoxdur, yalnız şikayətçinin sözlərinə əsasən zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Hacıqabul rayonu, Kolanı kəndində yaşayır. X3 onun həmkəndlisidir. Ramiz ilə düşmənçiliyi və ədavəti olmamışdır. 15 may 2025-ci il tarixdə yaşadığı evdə yemək yeyən zaman 400 qram spirtli içki “araq” içmiş, həmin vaxt 17 mart 2025-ci il tarixdə Ramizin ona nisyə benzin verməməsi yadına düşmüş, buna görə saat 01 radələrində onun işlədiyi mağazaya getmişdir. Oraya çatanda mağazanın qarşısında olan beli götürərək mağazanın şüşəsini sındırmış, mağazanın qarşısına yığılmış plastik qablarda olan yananacaq məhsullarını və digər ərzaq məhsullarını əlindəki bellə dağıtmışdır. Baş vermiş mübahisə zamanı aralarında sözlü mübahisə olmuş, həmin vaxt əlində bıçaq olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, törətdiyi əməli qəbul etsə də, inzibati xəta haqqında materialda göstərilmiş dəymiş ziyanın məbləği ilə razı deyildir. Belə ki, dəymiş ziyanın 713 manat məbləğində deyil, bundan daha az miqdarda olduğunu güman edir. Məhkəmə iclasında toplanmış material üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 16 may 2025-ci il tarixdə saat 02 radələrində Hacıqabul rayon Kolanı kəndində yaşayan Şəxs onun atasına məxsus mağazanın pəncərəsini sındırmış, mağazanın qarşısına yığılmış plastik qablarda olan benzin məhsulunu və digər ərzaq məhsullarını əlində olan bellə dağıtmış, nəticədə Şəxs mağazaya 713 manat maddi ziyan vurmuşdur. Verilmiş suallara cavab olaraq o, bir daha təsdiq etmişdir ki, ziyan vurulmuş əmlak (mağaza) ona deyil, atası X4 mülkiyyətində və sahibliyindədir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş Hacıqabul Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(071)-182/2025 saylı qərardadından müəyyən edilir ki, həmin vaxt məhkəməyə təqdim edilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə tərtib edilmiş 30 iyun 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş materiallarda onun xx.xx.2025ci il tarixdə Hacıqabul rayonu Talış kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın şüşələrini qəsdən sındırması, plastik qablarda olan benzin məhsullarını və digər ərzaq məhsullarını əlində olan bellə qəsdən dağıdaraq sonuncuya 700 manat maddi ziyan vurması, bundan başqa qışqırıb səs-küy salaraq ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verməsi göstərilmişdir. Hətta qeyd olunan məhkəmə iclası zamanı Şəxs əlində bıçaq olmasını təsdiq etmişdir. Material üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs isə izahatında Şəxs onun ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsini və eləcə də bıçaqla hədələməsini bildirmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixli, 3(071)-182/2025 saylı qərardadında iş materiallarını geri qaytarmaqla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vurulmuş ziyanla bağlı ekspert (mütəxəssis) rəyi iş materiallarına əlavə edilməmiş, eyni zamanda barəsində icraat aparılan şəxsin əməlində xuliqanlıq (üzərində bıçaq olması, həmin bıçaqla digər şəxsləri təhdid etməsi, özgənin əmlakını məhv edilməsi ilə müşayiət olunan hərəkətlərə yol verməsi və s) və ya qanunsuz olaraq soyuq silah gəzdirmə cinayət tərkib əlamətlərinin olub-olmaması faktı ətraflı araşdırılmamış və qanunla müəyyən edilmiş qaydada hüquqi qiymət verilməmişdir. Hazırda məhkəməyə təqdim edilmiş iş materiallarından görünür ki, Hacıqabul RPŞ-nin TB-də toplanmış material üzrə aparılmış əlavə araşdırma nəticəsində baş təhqiqatçı Zahid Salahov tərəfindən xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərardan və məhkəməyə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki, təkrar izahatı alınmış Şəxs bildirmişdir ki, o, həmin vaxt orada olan Ramizi, Səməndəri və onların ailə üzvlərini təhqir etməmiş, öldürməklə hədələməmiş, sonunculara hər hansı xəsarət yetirməmiş və üzərində olan bıçağı isə könüllü olaraq təhqiqata təqdim etmişdir. Əlavə təhqiqat araşdırması zamanı təkrar izahatı alınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs ona məxsus mağazaya gələrək gözətçi üçün inşa edilmiş otağın yeddi ədəd şüşələrini sındırmış, mağazanın qarşısına yığılan plastik qablarda olan “Aİ 92” markalı benzin yanacağının 130 litrini yerə dağıtmış, 120 metr uzunluğunda olan politelen borunu kəsmiş, mağazada satılan qablarda olan 90 kq kartof və 100 kq soğanı yararsız vəziyyətə salmışdır. Həmçinin mübahisə zamanı Şəxs onu hədələyən zaman əlində bıçaq olmasını qardaşı Sadiq görmüş, lakin əlində olan bıçaql nə ona, nədə qardaşı Sadiqə xəsarət yetirməmişdir. İşə əlavə edilmiş mağazalara sorğulara cavablardan müəyyən edilir ki, Səməndar Babayevə 713 manat maddi ziyan dəymişdir. Belə ki, iş materiallarında olan və Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin sorğusu əsasında “Tural” firmasının prezidenti Ayna Əmrahova tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, Hacıqabul rayonu ərazisində yerləşən “Tural” firmasındakı bazarda 90 kq kartofun 2025ci ilin may ayında orta bazar qiyməti 90 manat və 100 kq soğanın 2025-ci ilin may ayında orta bazar qiyməti 60 manat olmuşdur. İş materiallarında olan və Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin sorğusu əsasında ünvan 1 ünvanında yerləşən mağazanın müdiri Nirəddin Əliyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mağazada 1,20x1,20 şüşənin 7 ədədinin 2025-ci ilin may ayına orta bazar qiyməti 300 manat və 120 metr uzunluğu olan rezin şlanqın 2025-ci ilin may ayında orta bazar qiyməti 120 manat olmuşdur. İş materiallarında olan və Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin sorğusu əsasında “Kaspi” X6 səlahiyyətli nümayəndəsi Rahil Qəhrəmanov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Kaspi” X7 130 litr “Aİ 92” markalı benzinin 2025-ci ilin may ayında orta bazar qiyməti 143 manat olmuşdur. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X13 Bölməsinin xx.xx.2025-ci il tarixli, 18/549 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağı olmaqla soyuq silah hesab edilmir. Beləliklə, təhqiqat orqanı xx.xx.2025-ci il tarixli qərarla müəyyən edilmişdir ki, X5 və onun ailə üzvlərini, həmçinin X2 Şəxs tərəfindən hədələməsi hədəninin real həyata keçirilməsi təhlükəsini yəqin etmək üçün əsaslar olmamışdır. Ona görə də, Şəxs əməlində Cinayət Məcəlləsinin 134, 186, 221 və 228-ci maddələrində nəzərdə tutulmuş cinayətin, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanın tərkib əlamətlərinin olmaması qənaətinə gəlmişdir. Məhkəmə, iş materiallarını bir daha nəzərdən keçirib hesab edir ki, təhqiqat orqanı tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması təmin edilməmişdir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs tanınmışdır. Lakin, işin gedişində təqdim olunmuş izahatlardan aydın olmuşdur ki, inzibati xəta nəticəsində zərər vurulmuş əmlak faktiki olaraq onun mülkiyyətində deyil, atası – X8 məxsusdur. Belə ki, Ağasət Babayev məhkəmədə verdiyi izahatında bildirmişdir. İş materiallarına isə onun zərərçəkmiş şəxs statusunda tanınmasını müəyyən edən hər hansı başqa sənəd və ya sübut əlavə edilməmiş, məhkəmə iclasında da belə sənəd təqdim edilməmişdir. Göründüyü kimi, protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda zərərçəkmiş qismində göstərilmiş şəxsin həqiqətən əmlakın qanuni sahibi olması təsdiqlənməmişdir. Əksinə, məhkəmə iclasında birbaşa zərərçəkmiş kimi göstərilən Zərərçəkmiş şəxs öz izahatından da görünür ki, fəaliyyət göstərdiyi mağaza və orada yerləşən əmlak atasına məxsusdur. Bu hal inzibati xəta haqqında protokolun məzmununda ciddi uyğunsuzluq yaratmaqla yanaşı, həm də zərərçəkmiş şəxsin düzgün müəyyən edilməməsi səbəbindən iş materiallarının natamamlığını ortaya qoyur. Bundan başqa, iş materiallarında olan izahatlardan görünür ki, Araz X1 ona hadisədən bir müddət əvvəl benzin məhsulu verməməsi səbəbiylə, yəni cüzi səbəbdən Ağasət Heydərova məxsus mağazaya gedərək əmlaka zərər vurmuşdur. Hətta cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, X9 da Şəxs barəsində şikayət ərizəsi ilə RPŞ-yə müraciət etmişdir. Bu mühüm əhəmiyyət kəsb edən xüsusatlara baxmayaraq, təhqiqat orqanı X2 özünün belə zərərçəkmiş şəxs qismində tanınmasının mümkünlüyünü yoxlamamış və ona münasibətdə hüquqi qiymət verməmişdir. Beləliklə, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə hesab edir ki, hazırkı işin gedişatında qeyd edilən halın tamamlanması və aradan qaldırılması mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarda mövcud olan bu ziddiyyət və natamamlıqlar aradan qaldırılmadan işin mahiyyəti üzrə baxılması mümkünsüzdür. Ona görə də, hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş Hacıqabul Rayon Polis Şöbəsinə təkrarən geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə az miqdarda ziyan vurduqda inzibati xəta hesab olunur və vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə növündə tənbeh tədbiri nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə görə isə, “az miqdar” ziyan dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş 12 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Hacıqabul RPŞ-yə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar