Məhkəmə qərarları › İş №3(071)-247/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-247/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-247/2022 16.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, X1nın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1də qeydiyyatda olmaqla yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Hacıqabul rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN * * * * * * * nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(071)-229/2018 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq 11 mart 2013-cü il təvəllüdlü X4, 22 aprel 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat aliment alınaraq X1na ödənilməlidir. Borclu Şəxs icra sənədi üzrə tələbkar X7 1.680 manat borcu qalmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramil Məmmədov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Elektron icra sistemində borclunun şəxsi məlumatlarından çıxarışa əsasən hər hansı bir gəlir və əmlak aşkar edilməmişdir. Borclunun əmlakına yerində baxış keçirmək üçün ünvan 1 ünvanda yaşadığı evə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Hal-hazırda borclunun tələbkara 1.680 manat borcu vardır. Odur ki, Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirdi ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(071)- 229/2018 nömrəli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq 11 mart 2013-cü il təvəllüdlü X4, 22 aprel 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat aliment alınaraq X1na ödənilməlidir. Hər ayda həmin alimentdən 30-40 manat ödəyir. Bundan başqa 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay pulu olmadığına görə mağazalardan alimentin əvəzinə nisyə ərzaq alaraq X1na vermişdir. Onun aliment borcu 1.680 manat deyil, daha az məbləğdədir. Çünki, o, tələbkarın kartına etdiyi ödənişlərdən əlavə nağd şəkildə ödənişlər etmişdir. Hazırda usta kimi işləyir və ev sahibindən əmək haqqını alan kimi borcunun əsas hissəsini ödəyəcəkdir. Onun icra sənədinin icrasında qəsdən yayınmaq kimi niyyəti yoxdur. Odur ki, barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. X1 məhkəmə iclasında izahatında bildirdi ki, borclu Şəxs qətnamə qəbul edilən vaxtdan onun bank kartına pul ödəmiş, həmçinin nağd şəkildə ona pul ödəmişdir. Bundan əlavə həçr ay 30-40 manat pul və ərzaq alaraq ona təqdim etmişdir. Aliment borcunun nə qədər təşkil etməsini dəqiq bilmir. Bunu hesablamaq lazımdır. Əvvəlki ayların aliment borcunun hissə-hissə ona ödənilməsinə etiraz etmir. Məhkəmə icra məmurunun, borclunun və tələbkarın izahatlarını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs borcu ödəməkdən qəsdən yayınmadığına, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığına və inzibati xəta hadisəsi olmadığına görə onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Çünki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur, həmçinin inzibati xəta hadisəsi yoxdur. Bu səbəbdən onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar