Məhkəmə qərarları › İş №3(071)-249/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-249/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-249/2024 14.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs X4, protokolu tərtib etmiş Hacıqabul rayonu Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X3 iştirakları ilə, xx.xx.2004-cü ildə Sabirabad rayonu, Çölbeşdəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Sabirabad rayonu Zalqaraağac kəndində qeydiyyatda olan və yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraat maeriallarına əlavə olunmuş Hacıqabul rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X5 ********* №-li cinayət işi üzrə “sübutların qiymətləndirilməsinə dair” 05 iyun 2024-cü il tarixli qərarından məlum olur ki, 15 aprel 2024-cü il tarixdə, saat 23 radələrində X7 və X8 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında "xxxx" MMC-yə məxsus “X13 yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçırmış, X7 avtomobili idarə edən zaman Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisində idarə etməni itirərək avtomobili aşırması nəticədə X8 müxtəlif dərəcəli bədən xəsarətləri almış və "xxxx" MMC-yə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin 11 may 2024cü il tarixli 3-13-16/-7/2-4064/2024 nömrəli məktubundan məlum olur ki, X1 vəsiqəsi verilməmişdir. Məhkəmə qol nəqliyyat hadisələri ekspertizasının 31 may 2024-cü il tarixli, 3-16- 16/2-8/1354 nömrəli rəyindən məlum olur ki, X7 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən R.M Cəbrayılovun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq zamanı X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində cinayət işi başlanılmış, lakin digər maddələr üzrə cinayət işinin başlanılması rədd edilmişdir. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 328.3 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün tədbir görülməsi qərara alınmışdır. Hacıqabul rayon polis şöbəsi DYP bölməsi tərəfindən X4 barəsində İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin İXM-in 38.3-cü maddəsinə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: -inzibati xəta hadisəsi olmadıqda; -inzibati xəta tərkibi olmadıqda; -şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; -şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; -inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; -bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; -barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; -barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; -Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; -bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; -bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. -Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; - bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə; - inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə; - bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə. Materiallara baxış keçirilən zaman məlum olur ki, cinayət işinin başlanması rədd edilməsi və şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması qənaətinə gəlinməsinə dair Hacıqabul rayon polis şöbəsinin istintaq bölməsinin “sübutların qiymətləndirilməsinə dair” qərarı 05 iyun 2024-cü il tarixdə qəbul olunmasına baxmayaraq, şəxsin inzibati məsuliyyətə cəlb olunmasına dair protokol 3 (üç) aydan çox müddət keçdikdən sonra, 14 oktyabr 2024-cü il tarixdə tərtib olunmuşdur. Göstərilən bu hallar Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etməni özündə ehtiva edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati tənbehin verilmə müddəti ötürüldüyü üçün inzibati xəta törətmiş şəxs X4 barəsində Azərbaycan Respublikası İXM-nin 328.3-cü və 332.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 114 və 115-ci maddərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İnzibati tənbehin verilmə müddəti ötürüldüyü üçün X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü və 332.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar