Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-252/2024 15.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 iştirakı ilə, xx.xx.2000–ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Hacıqabul rayon Polis Şöbəsində ucadan qışqırıb nalayiq ifadələr işlədib ünvansız söyüşlər söyməklə ictimai qaydanı pozmuş, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq AR İXM-nin 510 və 535.1 maddələrini pozmuşdur. Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 məhkəmə iclasında protokolu müdafiə edərək bildirdi ki, şəxs xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon polis şöbəsində izahatı alınan zaman əsəbiləşərək polis şöbəsində nalayiq ifadələr işlətmiş,polis əməkdaşlarına qarşı kobudluq etmiş, narahatlığa səbəb olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Hacıqabul rayonu, Talış kəndində yaşayır. İşsizdir və Vətən Müharibəsi iştirakçısıdır. O, instaqram sosial şəbəkəsində naməlum şəxsin tapançadan atəş açmasını özündə əks etdirən videoçarxa rast gəlmişdir. Həmin videoçarxı özünə məxsus mobil telefonda yaratdığı profili vasitəsi ilə bir neçə dəqiqə paylaşmış, sonrada həmin profili silmişdir. xx.xx.2024-cü il tarixdə anası ilə Hacıqabul rayonu Talış kəndində yaşadığı evə gedən yolun kənarında əvvəldən polis əməkdaşı kimi tanıdığı şəxsin avtomobilinin xarab olmasını görərək kömək etmək məqsədilə ona yaxınlaşmışdır. Həmin vaxt 3 nəfər mülki geyimdə olan şəxs onu avtomobilə əyləşdirərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, hansı səbəbdən tutulduğunu soruşduqda, onlar onun mobil telefonda olan profili vasitəsi ilə naməlum şəxs tərəfindən tapançadan atəş açmasını özündə əks etdirən videoçarxı paylaşdığını və bu səbəbdən polis şöbəsinə getdiklərini bildirmişlər. Hacıqabul RPŞ-də olarkən o, əsəbləşdiyi üçün uca səslə danışmış, lakin sonradan sakitləşərək etdiyi hərəkətə peşman olduğunu nümayiş etdirərək polis əməkdaşlarından üzr istəmişdir. Qeyd edilən hallarla əlaqədar barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, Hacıqabul RPŞ-nin PPXB-nin əməkdaşı Qoçəliyev Fariz tərəfindən daxil olmuş raport əsasında Şəxs Hacıqabul RPŞ-nin inzibati binasına dəvət edilmişdir. Xidməti otaqda Şəxs yazılı izahatı alınarkən o, aqressiv formada uca səslə danışmış, ünvansız nalayiq ifadələr işlətmiş, tutulan iradlardan heç bir müsbət nəticə çıxarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qoçəliyev Fariz ifadə verərək bildirdi ki, hazırda Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. O, qeyrirəsmi mənbədən əldə etdiyi məlumata əsasən məlum olmuşdur ki, Şəxs özünə məxsus mobil telefonda olan profili vasitəsilə naməlum şəxs tərəfindən tapançadan atəş açmasını özündə əks etdirən videoçarxı paylaşmışdır. Məhkəmə polis əməkdaşının, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığına və inzibati xəta hadisəsi olmadığına görə onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:50-də tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasından göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tərkib əlaməti ictimai qaydanın pozulması, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsinin olması, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törədilməsidir. Lakin inzibati iş üzrə izahatı alınmış barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarından maddənin dispozisiya hissəsində qeyd edilən pozuntuların mövcudluğu aşkar edilməmişdir. İnzibati Xətaların Məcəlləsinin tələblərindən də, göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd edilən sübutetmə yüklülüyü bir başa inzibati xəta haqqında protokol tərtib etmiş tərəfin üzərinə düşür. Lakin inzibati orqan tərəfindən həmin halları sübuta yetirəcək hər hansı bir sübut (şahid, foto və ya video çəkiliş) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda şəxsin İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq əməlinin törədilməsinin nədən ibarət olması ümumiyyətlə qeyd edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən normasından görünür ki, şəxsin polis işçisi və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmaması yalnız polis işçisi və ya hərbi qulluqçu tərəfindən ictimai qaydanın mühafizə vəzifələri icra edilərkən törədildiyi halda inzibati məsuliyyətə səbəb olur. Hazır ki, inzibati xətaya dair iş materiallarından görünür ki, Hacıqabul RPŞ-nin İTBnin XÜ baş inspektoru Mustafa Əsgərov barəsində iş üzrə icraat aparılan şəxs Şəxs yazılı izahatını alarkən sonuncu uca səslə danışaraq nalayiq ifadələr işləmişdir. Yəni, həmin vaxt Mustafa Əsgərov ictimai qaydanın mühafizə vəzifələrini icra etməmiş, sadəcə olaraq xidməti otaqda şəxsdən yazılı izahat almışdır. Eyni zamanda, barəsində iş üzrə icraat aparılan şəxsin və ondan yazılı izahat alan Mustafa Əsgərovun ifadəsindən məlum olur ki, xidməti otaqda Şəxs yazılı izahat yazarkən uca səslə danışmış, ünvansız nalayiq ifadələr işlətmişdir. Lakin, həmin hərəkətlər İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur, həmçinin inzibati xəta hadisəsi yoxdur. Bu səbəbdən onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-252/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-252/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver