Məhkəmə qərarları › İş №3(071)-255/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-255/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-255/2024 25.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs idarə etdiyi “Ford Transit” yük markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə arxa-arxaya hərəkətdə olan zaman diqqətsizlikdən arxada yolu keçən piyada Zərərçəkmiş şəxs görməmiş və nəticədə avtomobilin arxa hissəsi ilə onu vurmuş, Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs məhkəmə zalında izahat verərək bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxs kimi qeydə alınmışdır və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hər hansı bir şikayəti yoxdur. Hadisə zamanı o, avtomobil yolunu keçərkən Şəxs idarə etdiyi avtomobilin arxa hissəsi ilə onu vurmuş və o, yüngül xəsarətlər almışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnikleytenantı Tural Namazov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024–cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardan görünür ki, HK-1/732 saylı material üzrə Zərərçəkmiş şəxs bədənində nə kimi xəsarətlərin olmasını və əgər vardırsa ağırlıq dərəcəsini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilsin və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyini Hacıqabul rayon məhkəmə tibbi ekspertizası və patoloji anatomiya şöbəsinin ekspertinə həvalə edilmişdir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 264 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- hər iki diz nahiyyəsinin əzilmiş-cırılmış yaraları. Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti müayinədən 5-6 gün əvvələ uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə itirilməsinə səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hall kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar