Məhkəmə qərarları › İş №3(071)-256/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-256/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-256/2024 25.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 339.1-1 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 339.1-1 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs idarə etdiyi “Mercedes-Benz E230” (minik) markalı **- CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanının görünməməsi üçün bir hissəsini parça örtüklə bağlayaraq idarə etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu (nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Protokoldan həmçinin görünür ki, Şəxs tərəfindən İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta (nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edilməsi) törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, idarə etdiyi avtomobilin texniki baxışının müddəti bitdiyi üçün və nəzarət kameralarının bunu müəyyən edə bilməməsi üçün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının orta hissəsindəki hərfləri kağız vasitəsilə örtmüşdür. Verilmiş suallara əsasən həmçinin bildirmişdir ki, idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanına bağladığı kağız örtük polis əməkdaşları tərəfindən yerində aradan qaldırılaraq məhv edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmə səbəbinin üzrlü səbəbləri və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi onun etirafedici izahatı ilə yanaşı aşağıda qeyd olunan digər sübutlarla tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan CD diskdə olan videogörüntü məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:20-də Şəxs idarə etdiyi “Mercedes-Benz E230" markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıqabul şəhəri, Hacıqabul-Şirvan yolunda hərəkətdə olan zaman avtomobilin ön dövlət qeydiyyat nişanının üzərini kağız parçası ilə bağladığı üçün onu həmin ərazidə xidmətdə olan Hacıqabul RPŞ-nin DYPB-nin əməkdaşları saxlamışlar. Şəxs avtomobilin ön dövlət qeydiyyat nişanının üzərini avtomobilinin texniki baxışının müddəti bitdiyi üçün kağız parçası vasitəsilə bağladığını etiraf etmişdir. Şəxs idarə etdiyi “Mercedes-Benz E230" markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön qeydiyyat nişanın “CC” hissəsinin kağız parçası ilə örtüldüyü audio-video yazısının tədqiqi zamanı aydın şəkildə müşahidə olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mercedes-Benz E230" markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat dövlət qeydiyyat nişanının görünməməsi üçün bir hissəsinə kağız parçası ilə bağlamış və həmin tarixdə saat 22:20-də həmin nəqliyyat vasitəsini Hacıqabul şəhəri, Hacıqabul-Şirvan istiqamətində idarə edərkən Hacıqabul RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə əvvəla qeyd edir ki, protokol İXM-nin iki müxtəlif maddəsi üzrə, yəni Məcəllənin 339.1-1 və 342.9-cu maddələri üzrə tərtib edilməsinə baxmayaraq, yalnız 342.9-cu maddə üzrə inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti rayon məhkəməsinə aid edildiyindən məhkəmə yalnız həmin hissədə barəsində icraat aparılan şəxsin əməlinə hüquqi qiymət verir. İXM-nin 339.1-1-ci maddəsi üzrə işə baxmaq səlahiyyəti məhkəməyə aid olmadığından həmin hissədə barəsində icraat aparılan şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış material aidiyyəti üzrə səlahiyyətli orqan olan Hacıqabul RPŞ-də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəyə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Eyni zamanda həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 43.2-ci maddəyə əsasən Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 43.3-cü maddəyə əsasən Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarından müəyyən edildiyi kimi, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Dolayısı ilə hazırkı işin faktiki hallarından müəyyən edilir ki, barəsində icraat aparılan Şəxs idarə etdiyi “Mercedes-Benz E230" markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki baxış müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Belə olan halda İXM-nin 339.1-1-ci maddəsilə nəzərdə tutulmuş xəta texniki baxış müddəti başa çatdığı vaxt törədilmişdir. Digər tərəfdən Şəxs məhkəmə iclasında verdiyi izahatda etiraf etmişdir ki, texniki baxışla bağlı inzibati xətadan yayınmaq məqsədilə dövlət qeydiyyat nişanının üzərinə örtük bağlamaqla avtomobili idarə etmişdir. Bu halda İXM-nin 342.9-cu maddəsilə nəzərdə tutulmuş xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. Göründüyü kimi protokola əsasən tərtib edilmiş maddələr üzrə xətalar müxtəlif vaxtda törədilməklə yanaşı, həmin xətalara baxılması eyni orqanın səlahiyyətinə aid deyildir və bu səbəbdən həmin xətalara eyni vaxtda rayon məhkəməsində baxıla bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyətini yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə tərəfindən AR İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənləri nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün qəbul edilmiş qərarın və toplanmış materialın surətləri aidiyyəti üzrə baxılması üçün Hacıqabul RPŞ-nə göndərilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, barəsində icraat aparılan Şəxs izahatında avtomobilin qeydiyyat nişanına bağladığı inzibati xətanın bilavasitə obyekti olmuş kağız örtüyün Hacıqabul RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən aradan qaldırılaraq məhv edildiyini deməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olmuş kağız örtük müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olmuş kağız örtük müsadirə edilməklə 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qəbul edilmiş qərarın icrası Şəxs yaşadığı yer üzrə İcra şöbəsinə həvalə edilsin. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün qəbul edilmiş qərarın və toplanmış materialın surətləri aidiyyəti üzrə Hacıqabul RPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar