Məhkəmə qərarları › İş №3(071)-258/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-258/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-258/2025 17.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri X8, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu, Talış ərazi dairəsi, Talış kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri X12 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Hacıqabul Rayon Məhkəməsinin 2(071)-08/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 3900 manat məbləğində yaranmış aliment borcunu ödəməmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X12 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs borcunu ödəməmişdir. Aylıq 160 manat məbləğində aliment təyin olunmuşdur. Şəxs barəsində 2022-ci ildə inzibati protokol tərtib edilmiş, 2023-cü ildə yenidən aliment ödəməyə başlamış, lakin daha sonra tələbkarın şikayəti ilə məlum olmuşdur ki, şəxs 10 aydır aliment borcunu ödəməmişdir. Onun barəsində axtarış verilmiş və nəticədə polis şöbəsinin əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. İcra şöbəsinin əməkdaşlarının telefon zənglərinə cavab verməmişdir. Onun barəsində inzibati həbs seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcu olduğu barədə məlumatı olmuşdur. Fəhlə işlədiyini, kənddə yaşadığını, 3 aydır səhhətində problem olduğunu və xəstəxanada olduğu zaman polislər tərəfindən icra şöbəsinə gətirildiyini bildirmişdir. Alimenti ödəməyə imkanı çatmadığını, odur ki, barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin tələbkar məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-08/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs ilə X5 arasında bağlanmış 16 yanvar 2013-cü il tarixli, 13 saylı akt qeyd ilə rəsmiləşdirilmiş nikah pozulması, 03 sentyabr 2018-ci il tarixdən başlayaraq 17 fevral 2013-cü il təvəllüdlü X2 və 10 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşağa 80 manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(071)-417/2019 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbs etmənin əvvəli 28 avqust 2019-cu il tarixdən saat 14:10-dan hesablanması qərara alınmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(071)-67/2019 saylı qərardadına əsasən xx xxxxxx 1984-cü il tarixdə Şirvan şəhərində anadan olmuş Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan müəyyən edilir ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17 sentyabr 2025-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar