Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-266/2025 15.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Hüseynov Fərid İsa oğlunun katibliyi, şikayətçi X1, qərarından şikayət verilən orqanın nümayəndəsi X3 iştirakları ilə, X1 onun barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan verilmiş şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində, saat 00:00 radələrində Hacıqabul şəhəri ərazisində etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz C 200” minik markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman Hacıqabul Rayon Polis Şöbəsinin YPX-nin əməkdaşları ona saxla işarəsi verdikdən sonra avtomobili saxlamışdır. YPX-nin əməkdaşları ondan spirtli içki qəbul etdiyini soruşmuş, o, bir gün əvvəl, yəni xx.xx.2025-ci il tarixində 2 “bakal” pivə içdiyini, lakin həmin vaxtdan artıq bir sutkadan artıq müddət keçdiyini və hazırda sərxoş olmadığını bildirmişdir. YPX-nin əməkdaşları spirtli içkinin promilini müəyyən edən alkotesterlə onu yoxlamış və onun spirtli içkinin təsiri altında olduğunu bildirmişlər. O, alkotesterin göstəricisindən narazı qalmış və onu həkim müayinəsindən keçirmələrini xahiş etmişdir. YPX-nin əməkdaşları onun bu müraciətinə məhəl qoymayaraq onu avtomobili idarə etməkdən kənarlaşdıraraq avtomobili məcburi duracağa aparmışlar. Bununla əlaqədar o, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. Məhkəmə iclasında iştirak edən X4 ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Belə ki, şikayətçi uzun müddətdir avtomobil idarə etdiyini, qanunları yaxşı bildiyini və protokolun necə tərtib olunmasından xəbərdar olduğunu bildirmişdir. Həmin gün spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olmadığını, alkotesterin yanlış olduğunu və protokolda yazılan “söz verirəm, bir daha içkili şəkildə maşın idarə etməyəcəyəm” cümləsini onun yazmadığını və həmin yazı xəttinin başqa şəxsə aid olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X5 çıxışında bildirmişdir ki, şəxsin idarə etdiyi avtomobil saxlanılmış və etibarnaməsi olmadığı məlum olmuşdur. Daha sonra şəxsin sərxoşluq vəziyyətinin yoxlanılması məqsədilə alkotester istifadə edilmişdir. Həmin testə əsasən alkoqolun miqdarı 0,421 promil aşkar olunmuşdur. Qanunvericiliyə əsasən 0,3 promilldən artıq alkoqol aşkar edilərsə, bu sərxoşluq halı hesab olunur. Şəxsə polis əməkdaşları tərəfindən heç bir qanunsuz hərəkət edilməmiş, avtomobil duracağa yerləşdirilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, “Mercedes Benz C200” minik markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, saat 00:18-də Hacıqabul şəhəri ərazisində işıq cihazlarından istifadə qaydalarını pozduğu, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan istifadə etməsinə və nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunmasına görə sürücü X4 Azərbaycan Respublikası İXM-in 329.3, 332.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Alkotester qəbzindən görünür ki, xx.xx.2025-ci ildə keçirilən alkotester yoxlaması zamanı X2 alkoqolun miqdarı 0.421 promill olması müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 “Mercedes Benz C200” minik markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025ci il tarixdə, saat 00:18-də Hacıqabul şəhəri ərazisində işıq cihazlarından istifadə qaydalarını pozaraq, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də, sürücü X4 Azərbaycan Respublikası İXM-in 329.3, 332.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X1 İXM-nin 329.3, 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar xüsusi texniki vasitələrin köməyi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə, X1 şikayəti əsassız olduğundan təmin edilməməli və xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-266/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-266/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver