Məhkəmə qərarları › İş №3(071)-270/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-270/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-270/2025 29.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sabirabad rayonunun Meyniman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, Hacıqabul rayonu Meyniman kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, axşam saatlarında yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbə vuraraq sonuncuya başının ənsə nahiyəsinin hematoması, döş qəfəsinin arxa səthinin qançırı xəsarətlərini yetirərək döymüşdür. Beləliklə də, Eynalov X1 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, axşam saatlarında yaşadığı evdə aralarında yaranmış şəxsi münasibətlər zəmnində arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbə vuraraq zərərçəkmişə başının ənsə nahiyəsinin hematoması, döş qəfəsinin arxa səthinin qançırı xəsarətlərini yetirərək döymüş, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində lazımi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, istixanada fəhlə işləyir. Hadisə baş verən vaxt işdə olmuşdur. Arvadını döymədiyini, həmin gün işdə olduğunu, ona böhtan atıldığını iddia etmişdir. Ailəsi ilə birlikdə Meyniman kəndində yaşayır. Bildirmişdir ki, 29 avqust 2025-ci il tarixdə işdə olarkən axşam saatlarında qardaşı ona zəng edərək ailəsindən xəbəri olub-olmadığını soruşmuşdur. O, xəbəri olduğunu demiş, səhər işdən evə qayıdarkən isə yoldaşı və uşaqlarının evdə olmadığını görmüşdür. Verilən suallara cavab olaraq həyat yoldaşına əl qaldırmadığını, ona böhtan atıldığını, yoldaşını kimin döydüyü ilə bağlı suala cavab olaraq onu heç kimin döymədiyini, ekspertiza rəyinin böhtan xarakterli olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs son günlərdə evə içkili gələrək onu döyür, günlərlə gecə saatlarında evə gəlmirdi. Şəxs Vəfa adlı əxlaqsız həyat tərzi keçirən qadınla münasibəti yarandıqdan sonra onların münasibətləri pisləşmişdir. Bildirir ki, Şəxs bütün qazancını həmin qadına xərcləmişdir. Uşaqlara paltar alınması, evə ərzaq alınmasını tələb etdiyi zaman isə, Şəxs pulunun olmadığını bildirmişdir. Vəfa adlı xanımla münasibətini təkzib etsə də, səs yazıları və “Tiktok” proqramında canlı yayımda Vəfa adlı qadınla ərinin söhbətinin olduğu video-görüntülərdən onların münasibəti olmasını görmək olar. Həmin video-görüntüdə Vəfa adlı qadın ərindən “şokolad” və s. istədiyini, əri isə onları alaraq görüşəcəklərini söz vermişdir. Hadisə baş verdiyi gün - xx.xx.2025-ci il tarixdə bulaqdan su vedrələrini gətirdiyi zaman əri evə gəlmişdir, ərindən neçə gündür niyə evə gəlmədiyinin səbəbini soruşmuşdur. Şəxs həmin su vedrələrini dağıdaraq həmin əşya ilə onun baş nahiyəsinə zərbə ilə vurmuşdur. Verilən suala cavab olaraq ekspertizaya atası və qardaşı ilə getdiyini, ekspertin adını xatırlamadığını bildirmişdir. Yekun olaraq bildirmişdir ki, Şəxs ilə barışmamışdır. Onun barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 203 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs obyektiv müayinəsinə əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- başın ənsə nahiyəsinin hematoması, döş qəfəsinin arxa səthinin qançırı. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ bilər. Müddəti müayindən 3-4 gün əvvələ uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar”a əsasən Zərərçəkmiş şəxs ərizəsi əsasına toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi zərər çəkmiş şəxslərin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 sentyabr 2025-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar