Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-271/2025 08.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, X1nun iştirakı ilə, X2 onun barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30757645 nömrəli qərardan verilmiş şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30757645 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə saat 06:05-də idarə etdiyi “X6” yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil Ucar rayonundan Bakı istiqamətində hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bildirir ki, “X6” yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük götürərək Bakıya doğru hərəkətdə olmuşdur. Həmin yük yerində çəkilərkən avtomobillə birlikdə 39.700 kq olmuşdur. Yük avtomobilə yüklənərkən onu serfikatı olan tərəzidə çəkdirilir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Yük serfikatı olan tərəzi ilə çəkilmiş və bu barədə rəsmi olaraq sənəd də verilmişdir. Həmin sənəddə də göstərilir ki. yük 39.700 kq olmuşdur. Avtomobilin maksimum 40.000 kq yük aparma limiti vardır. Həmin yük təhvil verilərək çəkilmiş və 39.670 kq olması barədə sənəd verilmişdir. Lakin şikayətçinin avtomobilində 42.910 kq yük olması barədə protokol tərtib edilmişdir. Həmin vaxt paralel istiqamətdə başqa avtomobillər də keçir və buna görə də tərəzidə ağırlıq düzgün göstərməmişdir. Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir. Onların şirkətə məxsus avtomobildə artıq yük olmamış və yükün çəkildiyini bildiyi halda avtomobildə artıq yük götürülməsi inandırıcı deyildir. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Bu səbəbdən hesab edir ki, qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. X1 xx.xx.2025-ci il tarixdə vəsatətlə müraciət edərək işə Hacıqabul Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Belə ki yük onun idarə edəcəyi avtomobilə yüklənərkən sertifikatı olan tərəzidə çəkilmiş və bu barədə ona qəbz verilmişdir. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Kənarda başqa avtomobillərin olduğunu nəzərə alaraq yükün səhv çəkilmə ehtimalı olmasını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30757645 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, “X6” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-cü il tarixdə, saat 06:05-də M-2 244.2 km, Ucar rayonu, Alpout kəndi, Bakı istiqamətində hərəkətdə olarkən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi üçün sürücü X3 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan, ona əlavə edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkillərdən və fotoşəkillərin üzərində olan qeydlərdən həmçinin görünür ki, inzibati xəta hadisəsi hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə (Kistler 9835A) aşkar edilmişdir. Çəki limiti 40.000 kq olsa da, avtomobilin faktiki çəkisi 42.910 kq olmuşdur. İş materiallarında olan şikayətçi tərəfindən təqdim edilmiş, sertifikata malik olan tərəzi qəbzindən görünür ki, avtomobilin çəkisi 39700 kq olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30757645 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 52-ci bəndinə görə iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. Həmin Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarı ilə təqsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” qaydasının 1.3-cü bəndinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qaydalara əlavə 2 nömrəli cədvəlin 1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) aşağıdakı hədləri aşmamalıdır: Yük avtomobillərinə münasibətdə ikioxlu avtomobil üçün 18 ton, üçoxlu avtomobil üçün 25 ton, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün 26 ton. Məhkəmə qeyd edir ki, normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti yol örtüyünün vaxtından əvvəl zədələnməsinə, deformasiyasına və infrastrukturun dağılmasına səbəb olur. Bu, yalnız yolun keyfiyyətinə deyil, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə birbaşa təhdid yaradır. Belə ki, həddindən artıq yüklənmiş nəqliyyat vasitələrinin əyləc məsafəsi uzanır, manevr qabiliyyəti zəifləyir və qəza riski artır. Eyni zamanda, körpü və digər mühəndis qurğularına əlavə yük düşdüyündən, onların daşıma qabiliyyəti azalır və qəza halları baş verə bilər. Buna görə də, icazə verilən çəki hədlərinə riayət edilməsi, həm yol infrastrukturunun qorunması, həm də ümumi hərəkət təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Göründüyü kimi inzibati xətalar foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, həmçinin hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. X2 məhkəməyə təqdim etdiyi həqiqiliyi nə qədər doğru olduğu bilinməyən (heç bir möhürlə təsdiq edilməyən) qəbz mötəbər sübut kimi qiymətləndirilə və elektron qərarın ləğv edilməsi əsası kimi qəbul edilə bilməz. Bu cür inzibati xətalar yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nəzarətinə inteqrasiya olunmuş kameralar vasitəsi ilə müəyyən olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30757645 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30757645 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-271/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-271/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver