Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-279/2022 04.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X1 iştirakı ilə, xx.xx.1973-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Hacıqabul şəhəri M.Müşviq küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:50-də narkotik vasitələrin istehlakında şübhəli bilindiyi üçün Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə baxış keçirilən zaman 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,123 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin ondan aşkar edilərək götürülmüşdür. Şəxs xx.xx.2022-ci il tarixdə 19:10-da cinayət törətməkdə şübhəli şəxs qismində Hacıqabul rayon Polis şöbəsində tutulmuşdur. İş üzrə alınmış xx.xx.2022-ci il tarixli 18/491 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Şəxs üzərindən ....” sözləri və imzalar olan kağız paketin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,123 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İlkin təhqiqat zamanı Şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan heroini şəxsi istehlak miqdarında olduğundan xx.xx.2022-ci il tarixdə şübhəli şəxs Şəxs MSY-dən azad olunması haqqında qərar qəbul edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2842 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Hacıqabul RPŞ TB-nin baş təhqiqatçısı, polis mayoru X3 xx.xx.2022-ci il tarixdə toplanmış HK-1/420 nömrəli material üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibi rədd edilmiş və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Hacıqabul rayon Polis şöbəsinin İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X2 tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və və Hacıqabul rayon Polis şöbəsinin rəisi müavini polis polkovnik-leytenantı Rüfət Quliyev xx.xx.2022ci il tarixdə qərardad qəbul etməklə qanuni tədbir görülməsi üçün material məhkəməyə göndərmişdir. Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, Hacıqabul şəhəri M.Müşviq küçəsi ev 31-də yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2007-ci ildən narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Hacıqabul şəhəri H.Həmidov küçəsi ilə gedən zaman diqqətini 1 ədəd sellofan büküm cəlb etmiş, həmin sellofan bükümü görürüb açan zaman içərisində narkotik vasitə heroin olduğunu görmüş və heroini özü istifadə etmək üçün götürmüşdür. Həmin gün heroinin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə əynində olan qara rəngli şalvarının qabaq sağ cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə 18:50-də Hacıqabul şəhəri İ.Qayıbov küçəsində “Aynur” şadlıq sarayının yaxınlığında olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt əynində olan qara rəngli şalvarının qabaq sağ cibində saxladığı 1 ədəd şəffaf sellofan bükümü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə qablaşdırılaraq, bu barədə protokol tərtib olunmuşdur. O, şəxsi axtarışın iştirakçıları ilə birlikdə protokolu imzalamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyləri, cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar, protokol tərtib etmiş şəxsin, onun özünün etirafedici izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq, inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış iş üzrə maddi sübut təmiz çəkisi - 0,123 qram olan kustar üsulla hazırlanmış heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi cinayət törətməkdə şübhəli şəxs qismində tutulduğu 1 gün, təyin olunan 20 (iyirmi) gün müddətinə inzibati həbsdən çıxılmaqla, onun üzərində 19 (on doqquz) gün müddətinə inzibati həbs tənbehi saxlanılsın. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 17:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış iş üzrə maddi sübut təmiz çəkisi - 0,123 qram olan kustar üsulla hazırlanmış heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxs inzibati həbsin icrası yerinə çatdırılması Hacıqabul rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-279/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-279/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver