Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-284/2025 23.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamışdır. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (və ya onun nümayəndəsi) və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri və ya mümkünsüzlüyü, eyni zamanda məhkəmə iclasının təxirə salınması barədə hər hansı məlumat daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı ilə baxılır. Həmin işlərə tərəflərin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-2-1/2- 462/2025 nömrəli məktubu ilə təqdim olunmuş 2023-cü ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə məlumatdan çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) həmin siyahıda olmaqla 3270-ci sırada qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda müəyyən edilir ki, məcburi audit aparılması barədə məcburi audit subyektlərinə məlumat göndərilmişdir. Məlumatda audit subyektlərinə “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin tələbi diqqətə çatdırılmaqla, onlara həmin tələbin pozulması halında məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Auditorlar Palatasının elektron informasiya sisteminin çıxarışından isə görünür ki, həmin tarixədək hesabat elektron sistemə yerləşdirilməmiş və Palataya rəsmi qaydada təqdim edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 16 sentyabr 2025-ci il tarixli, 3-23/2-5999/2025 nömrəli bildirişdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 08 oktyabr 2025-ci il tarixdə, saat 09-15-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı qeyd edilmişdir. Göstərilən tarixdə təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmələri xahiş olunmuşdur. Qeyd edilən məktub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada təqdim edilmişdir. Buna baxmayaraq, göstərilən tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İş üzrə icraata xitam verilməsinə əsaslar yoxdur. Belə ki, İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Həmin Qanunun 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. 2.1.16-cı maddəyə əsasən mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən hesabat dövrünün son tarixinə mikro, kiçik, orta və iri sahibkar hesab olunan sahibkarlıq subyektləridir. 3.1-ci maddəyə əsasən bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. 3.1-1.1-ci maddəyə əsasən iri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla;- digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda təqdim edirlər. Bu Qanunun 5.3-cü maddəsində göstərilən mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydası Azərbaycan Respublikasının müvafiq sahəvi qanunları ilə tənzimlənir. Digər kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Beləliklə, qanunun məzmunundan göründüyü kimi mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olan digər təsərrüfat subyektləri (orta və iri sahibkarlar) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidirlər. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarı ilə müəyyənləşdirilmişdir. Belə ki, həmin Qərara əsasən işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri isə 200.000 manatdan az olan sahibkarlıq subyekti “mikro sahibkar”, işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri isə 200.000 manatdan 3.000.000 manatadək olan sahibkarlıq subyekti “kiçik sahibkar”, işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3.000.000 manatdan 30.000.000 manatadək olan sahibkarlıq subyekti “orta sahibkar” və işçilərinin orta siyahı sayı 251 nəfər və ondan artıq olan, illik gəliri isə 30.000.000 manatdan artıq olan sahibkarlıq subyekti “iri sahibkar” hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallaristisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil aiuditor cəlb etməyə borcludur. Qanunvericilikdə maliyyə hesabatlarının təqdim edilməsinin son tarixi göstərilsə də (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər), həmin hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmənin gəldiyi qənaətə görə, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin anlamından həmin maddədə məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olduğu müddət “hər il” kimi göstərildiyindən, bu müddət hər növbəti «Angus Heyvandarlıq və Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məcburi audit cəlb edilməmişsə, İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında «Angus Heyvandarlıq və Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, «Angus Heyvandarlıq və Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamış, bununla da İXM-nin 464-cü maddəsilə nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, «Angus Heyvandarlıq və Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-284/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-284/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver