Məhkəmə qərarları › İş №3(071)-286/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-286/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-286/2025 04.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X2 nümayəndələri Nümayəndə3 və Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.2.3-cü maddəsi ilə nəzərə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X3 tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və materiallara əsasən, xx.xx.2025-ci il tarixdə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus marketdən maye tullantı sularının ətraf əraziyə axıdılması müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin tələbləri pozulmuşdur. Bununla da o, İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X2 nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, o, bölmədə aparıcı məsləhətçi-müfəttiş vəzifəsində çalışır. Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən Şəxs MMC-yə məxsus marketdə formalaşan maye tullantıların çəkilmiş boru vasitəsi ilə ətraf əraziyə axıdılması ilə bağlı daxil olmuş məlumatın araşdırılması zamanı əraziyə baxış keçirilmişdir. Keçirilən baxış zamanı Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən Şəxs MMC-yə məxsus marketin maye tullantılarının çəkilmiş boru vasitəsi ilə ərazidən uzaqlaşdırılaraq yağış sularının axıdılması üçün nəzərdə tutulmuş arxa axıdılması müəyyən olunmuşdur. Qeyd edilən halla bağlı marketin mağaza müdirinə qanunvericiliyin tələbləri izah olunaraq araşdırmada iştirak etməsi təklif olunsada, o, imtina etmişdir. Aşkar edilmiş fakt videogörüntü vasitəsilə qeydə alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X2 nümayəndəsi Nümayəndə2 izahatında Nümayəndə3 qeyd etdiyi xüsusatları təsdiq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. İnzibati xətanın mövcud olduğunu təsdiq edəcək sübutlar yoxdur. İstinad olunan maddələrin dispozisiyası fərqlidir. Videogörüntüdə suyun tökülməsi görünmür. Qeyd edilən arxa sular ümumi rayon üzrə axıdılır. Hacıqabul rayonunda isə ümumiyyətlə kanalizasiya infrastrukturu yoxdur. Xəta qeydə alınan marketdə çirkab sularının axıdılması üçün qanunvericilikdə nəzərdə tutulmuş xüsusi sahənin olub-olmamasını bilmir. Qeyd edilən hallara əsasən “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X2 baş məsləhətçi-müfəttişi Nümayəndə2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus marketdən maye tullantı sularının ətraf əraziyə axıdılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 000857 nömrəli aktdan müəyyən edilir ki, Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X2 nümayəndələri tərəfindən Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən Şəxs MMC-yə məxsus marketdə formalaşan maye tullantıların çəkilmiş boru vasitəsi ilə ətraf əraziyə axıdılması ilə bağlı daxil olmuş müşahidə məlumatı araşdırılmış, araşdırma zamanı əraziyə baxış keçirilmişdir. Keçirilən baxış zamanı Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən Şəxs MMC-yə məxsus marketin maye tullantılarının çəkilmiş boru vasitəsi ilə ərazidən uzaqlaşdırılaraq yağış sularının axıdılması üçün nəzərdə tutulmuş arxa axıdılması müəyyən olunmuşdur. Qeyd edilən halla bağlı marketin mağaza müdirinə qanunvericiliyin tələbləri izah olunaraq araşdırmada iştirak etməsi təklif olunsada, o, imtina etmişdir. Akt Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X2 nümayəndəsi Nümayəndə3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Sənan Eyubov tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və inzibati xəta haqqında protokol tərtib edən orqanın səlahiyyətli nümayəndəsi tərəfindən çəkilmiş 01 ədəd videogörüntünün olduğu CD diskdəki audio-video yazı məhkəmə iclasında tərəflərin iştirakı ilə nümayiş etdirilən zaman xx.xx.2025-ci il tarixli, 000857 nömrəli aktda qeyd olunan halların öz təsdiqini tapdığı, Şəxs MMC-yə məxsus marketin maye tullantılarının çəkilmiş boru vasitəsi ilə 3 nöqtədən 3 fərqli istiqamətdə təyinatsız axıdıldığı müəyyən olunmuşdur. Eyni zamanda, inzibati xəta haqqında iş üzrə tərəflərin, həmçinin Hacıqabul Rayon Məhkəməsinin nümayəndəsinin iştirakı ilə inzibati xətanın törədildiyi əraziyə, Şəxs MMC-yə məxsus marketin daxilindəki sanitar qovşağa və s. audio-video yazısı aparılmaqla yenidən baxış keçirilmiş, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarda göstərilmiş halların bir daha öz əksini tapdığı araşdırma zamanı müəyyən edilmişdir. Həmçinin baxış zamanı, marketin daxilində sanitar qovşağın fəaliyyət göstərməsinə baxmayaraq, oradan çirkab suların axıdıldığı şomba sisteminin mövcud olmadığı aşkar edilmişdir. Audio-video yazı 01 ədəd CD diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan fotoşəkillərə baxış keçirərkən “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən obyektdə (marketdə) yaranan tullantı suların plastik boru vasitəsilə yaxınlıqdakı açıq əraziyə axıdılması məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət X8nin tabeliyində X11 Xidməti Publik Hüquqi X12 X1 İdarəsinin xx.xx.2025-ci il tarixli, 190 nömrəli məktubundan müəyyən edilir ki, Hacıqabul Su X1 İdarəsinin xidməti ərazilərində əhali və qeyri-əhali abonentləri olaraq heç kimə kanalizasiya və tullantı su xidməti göstərilmir. Hacıqabul rayonunda kanalizasiya şəbəkəsi mövcud deyildir. Küçələrdə yerləşən açıq arxlar isə Hacıqabul SMSİİ-nin balansında və səlahiyyətləri daxilində deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası Su Məcəlləsinin 1-ci maddəsinə əsasən su obyektlərinin zibillənməsi dedikdə, su obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsi, su obyektlərinin çirklənməsi — suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması başa düşülür. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən yerüstü su obyektləri istifadəyə akvatoriya sahəsinin, su götürülməsi və tullantı sularının axıdılması yerlərinin ayrılması şərti ilə Azərbaycan Respublikasının su qanunvericiliyində müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən sudan istifadə edənlərin vəzifələri aşağıdakılardır: su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək; sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etmək; tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək; su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqlarınpozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və sair) zərər vurulmasına yol verməmək; su obyektlərindən təyinatına görə istifadə etmək; su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini yaxşılaşdırmaq; sudan istifadənin uçotunu aparmaq; bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək; Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar ki, bu hallardan biri də su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 262.2.3-cü maddəsinə əsasən, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, video və foto sübutları, habelə əraziyə keçirilmiş baxışın nəticələrini hərtərəfli tədqiq edərək belə qənaətə gəlmişdir ki, Şəxs tərəfindən Hacıqabul şəhərində yerləşən marketdə formalaşan maye tullantı sularının xüsusi təmizləmə və axıdılma sistemindən istifadə edilmədən, plastik borular vasitəsilə ətraf əraziyə və yağış suları üçün nəzərdə tutulmuş arxlara təyinatsız axıdılması faktı obyektiv olaraq təsdiqini tapmışdır. Bu hərəkət Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin və İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tələblərinə zidd olmaqla ətraf mühitin mühafizəsi və sanitariya qaydalarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri iləekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq belə qənaətə gəlir ki, “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-nin 262.2.3-ci maddəsi ilə təqsirli bilinib, barəsində cərimə tənbehi tətbiq edilməsi hüquqi şəxsin qanunlara əməl edilməsinə təşviq olunması və gələcəkdə analoji pozuntuların qarşısının alınması istiqamətində inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Al Market" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündən inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar