Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-287/2025 14.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Şirvan Şəhər Məhkəməsinin 2(032)-651/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqi üzrə 1599 manat Zərərçəkmiş şəxs, Hacıqabul rayon Notariat ofisinin 8İ-3986 saylı, xx.xx.2025-ci il tarixli icra qeydi üzrə 145,8 manat "xxxx" MMC-yə olan borcunu ödəməmişdir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs Şirvan Şəhər Məhkəməsinin 2(032)-651/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqi üzrə 1599 manat Zərərçəkmiş şəxs, Hacıqabul rayon Notariat ofisinin 8İ-3986 saylı, xx.xx.2025-ci il tarixli icra qeydi üzrə 145,8 manat "xxxx" MMC-yə olan borcunu ödəməmişdir. İndiyədək Şəxs borcunu ödəməsi üçün kifayət qədər vaxt verilmiş, lakin o, borcunu ödəməkdən qəsdən yayınmışdır. Belə ki, o və anası dəfələrlə İcra Şöbəsinə çağırılmış, lakin onlar bu çağırışlara məhəl qoymamışdır və nəticədə Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq İcra Şöbəsinə gətirilmişdir. Şəxs barəsində inzibati həbs barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcu olduğu barədə məlumatı olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Şirvan şəhərində kirayə mənzildə yaşamışdır. 15 gün olar ki, Bakı şəhəri Yasamal rayonuna köçmüşdür və orada da, kirayə mənzildə yaşayır. Kirayənin pulunu – 180 manatı xalası oğlundan borc alaraq vermişdir. Zərərçəkmiş şəxs kreditlə mobil telefon almışdır. Zərərçəkmiş şəxs möhlət istəmiş, işlədikdən sonra hər ay 300 manat ödəməklə borcunu qaytaracağını vəd etmişdir. Odur ki, barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxışında bildirmişdir ki, ona və valideyninə kreditlə mal satmışdır. Borcunu ödəmədiyi üçün Şəxs mobil telefon nömrəsi ilə bir neçə dəfə əlaqə saxlanıldıqdan sonra o, nömrəsini dəyişmişdir. Aylıq 300 manat borcunu ödəmək barədə razılaşma olmamış, çünki ayın sonunda 300 manat borcu qaytaracağı sual altındadır. Borcu ödəməyə imkanı olmadığını nəzərə alaraq ona və valideyninə ən azından kreditlə verilən malları gətirib qaytarmasını tələb etsə də, həmin malların satıldığı ona bildirilmişdir. Borcu vaxtı-vaxtında ödəyəcəyi halda borcu bu günə bağlanmış olacaqdı. Odur ki, barəsində inzibati tənbeh qərarı verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 2(032)-651/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1400 manat əsas, 99 manat cərimə borcu və 100 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-651/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan müəyyən edilir ki, barəsində inzibati icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Notariat ofisinin 8İ-3986 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən borclu Şəxs 145,80 manat borc tutularaq tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul rayon Notariat ofisinin 8İ-3986 saylı, xx.xx.2025-ci il tarixli icra qeydini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra qeydi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icra sənədlərinn ümumi icraatda birləşdirilməsinə dair qərara əsasən, eyni borclu haqqında bir neçə icra sənədi olduğundan Şirvan şəhər Məhkəməsinin 2(032)-651/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi və Hacıqabul rayon Notariat ofisinin 8İ-3986 saylı, xx.xx.2025-ci il tarixli icra qeydi ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Hacıqabul rayon Notariat ofisinin 8İ-3986 saylı, xx.xx.2025-ci il tarixli icra qeydini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Bu 10 gün müddət tamamlanmadığından məhkəmə bu məsələyə münasibət bildirmir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 14 oktyabr 2025-ci il tarixdən saat 14:50-dən hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-287/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-287/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver