Məhkəmə qərarları › İş №3(071)-292/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-292/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-292/2023 28.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Şamaxı rayonu Udulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Hacıqabul rayonu 2-ci Paşalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 28 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Hacıqabul rayon Şorbaçı kənd ərazi nümayəndəliyinin binasında X2 nalayiq sözlərlə təhqir etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Şorbaçı kənd ərazi nümayəndəliyinin binasında X2 nalayiq ifadələrlə təhqir etmişdir. Zərər çəkmiş şəxs bununla bağlı Hacıqabul rayon Polis Şöbəsinə müraciət etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmə göndərilmişdir. Onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, , Hacıqabul rayonu 2-ci Paşalı kəndində yaşayır. Əvvəllər həmin kənddə işıq transformatorun nasaz olması səbəbindən işıqlar tez-tez sönürdü. Yeni transformator alınması məqsədi ilə kənd sakinlərdən müəyyən məbləğdə pul yığılması zərurəti yarandığından onun maddi imkanı olduğu üçün həmin transformatorun pulunu özü vermişdir. Sonradan isə həmin pulu kənd sakinlərindən yığıb özü götürməli idi. Bundan sonra Rusiya Federasiyasına getdiyindən və uzun müddət orada yaşamış, oradan qayıdıb gələndən sonra toy məclislərinin birində X4 ilə aralarında mübahisə olmuş və bu zaman o, transformatorun alınmasında verdiyi pulu Camulladan istəmişdir. Həmin vaxtı Camulla ona qarşı nəlayiq ifadələr işlətmiş və onun barəsində polisə şikayət etmişdir. Elə o vaxtdan da Camulla ilə aralarında münaqişə yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Hacıqabul rayon Şorbaçı kənd ərazi nümayəndəliyinin binasında olarkən X4 ilə yenə də aralarında mübahisə yaranmış və o əsəblərinə hakim ola bilməyib X2 nalayiq ifadələrlə təhqir etmişdir. Odur ki, onun barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Şəxs ilə qonşu kənddə yaşayırlar. Bir neçə il bundan qabaq kəndlərində transformator yandığından onun yenisi ilə əvəz edilməsi üçün Şəxs tərəfindən yeni transformator alınıb quraşdırılmışdır. Ayrı-ayrı kəndə yaşadıqları üçün o transformatora çəkilmiş xərci ödəməli olmadığından dəfələrlə Allahverdi ilə aralarında mübahisə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Hacıqabul rayon Şorbaçı kənd ərazi nümayəndəliyinin binasında olarkən Allahverdi yenidən onu söyərək təhqir etmişdir. Odur ki, onun barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş materialı və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 510-cü maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, məsuliyyətini yüngülləşdirən hal və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 100 (yüz) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar